Keçid linkləri

Təcili xəbərlər

SOCAR-ın qloballaşması və BP-nin kiçilməsi


Londonda BP-nin yanacaqdoldurma stansiyalarından birindəki loqosu.
Londonda BP-nin yanacaqdoldurma stansiyalarından birindəki loqosu.

Oktyabrın 11-də hökumətin ənənəvi rüblük iclasında Azərbaycan prezidenti İlham Əliyevin gözlənilmədən ölkənin bir nömrəli neft hasilatçısı olan BP şirkətini istehsal göstəricilərinin aşağı düşməsinə görə kəskin tənqid atəşinə tutmasından ötən müddət ərzində - ay yarımda BP-Azərbaycanla yerli hökuməti arasında münasibətlərin heç də yoluna qoyulmadığı ortaya çıxır.

Hökumətyönümlü KİV-lərdə BP şirkəti artıq daha kəskin ittihamlarla üzləşib və ona mətbuat vasitəsilə qeyri-rəsmi xəbərdarlıq da çatdırılıb: eşidin və agah olun, yuxarı dairələrdə "Azəri-Çıraq-Günəşli" layihəsində BP-nin operator kimi qalıb-qalmaması da müzakirə edilibmiş...

Hökumət – BP qarşıdurması

Artıq aydındır ki, hökumət – BP qarşıdurmasının mahiyyəti təkcə "Azəri-Çıraq-Günəşli" müqaviləsi çərçivəsində neft hasilatının son 2 ildə azalması ilə məhdudlaşmır. Bu, qarşıdurmanın görünən və ya ictimaiyyətə təqdim edilən hissədir. Nəyə görə?

Xatırladım ki, dövlət başçısı BP-nin fəaliyyəti ilə bağlı hökumətin iclasında bir neçə məqama toxunmuşdu. Onlardan biri bu idi ki, "biz hasilatın aşağı düşməsinə görə cavabdeh olan şəxslər haqda ölçü götürülməsini ortaya qoymuşuq".
SOCAR nə qədər bəyan etsə ki, BP "Azəri-Çıraq-Günəşli" yataqları üzrə müqavilənin müddətinin 5 il uzadılması ilə bağlı müraciət etməyib, bu inandırıcı görsənmir.


SOCAR və BP rəhbərliyinin oktyabrın 17-də Londondakı görüşündən sonra BP-Azerbaijan şirkətinin məhz hasilata cavabdeh olan vitse-prezidenti Bakıda fəaliyyətini dayandırdı. Əvəzində BP-Azerbaijan şirkətinə hasilat sahəsində nəinki təcrübəli bir menecer, hətta dünyanın müxtəlif ölkələrində qazma üzrə ad-san qazanmış 10 nəfərlik bir qrupu da göndərməyi qərara aldılar.

Daha sonra İlham Əliyev menecment, yəni idarəetmə ilə bağlı problemlərin də olduğunu və bunun aradan qaldırılmasının vacibliyini qeyd etmişdi. Oktyabrın 24-də SOCAR-ın baş ofisində şirkətin prezidenti Rövnəq Abdullayev BP şirkətinin strategiya və inteqrasiya üzrə icraçı vitse-prezidenti Andy Hopwood (Endi Hopvud) və hasilat üzrə icraçı vitse-prezidenti Bob Fryar-la (Bob Frayar) görüşərkən mənim diqqətimi bir məqam çəkdi: bu görüşdə BP-Azerbaijan şirkətinin prezidenti Rəşid Cavanşir iştirak etmirdi. Demək, şirkətin rəhbərinin dəyişdirilməsi tərəflər arasında əldə edilən yeni kompromisin nəticəsiydi. Noyabrın 2-də isə BP şirkəti Cavanşirin London ofisində vitse-prezident vəzifəsinə təyin edildiyi barədə rəsmi məlumat yaydı.

Bütün bunlar çox operativ həyata keçirildi, təqribən 3 həftəyə və SOCAR prezidenti artıq oktyabrın sonunda jurnalistlərə açıqlamasında BP ilə məsələlərin "yoluna qoyulduğunu" və gələn il üçün hasilat stabilləşəcəyi, artacağı ilə bağlı məlumat verirdi. Hətta noyabrın əvvəlində artıq BP, Statoil və Total şirkətlərinin Azərbaycan tərəfinə müraciət edərək, TANAP layihəsindəki 29%-in öz aralarında necə bölünməsini də SOCAR rəhbəri bildirmişdi.

Əslində isə...

Mənin fikrimcə, Azərbaycan tərəfi bununla BP-nin "haqq yoluna" qayıdacağına ümid bəsləyirmiş. Çünki Rövnəq Abdullayevin açıqlamaları ilə Azərbaycan tərəfinin sonrakı açıqlamaları onu göstərdi ki, məsələlər heç də reallıqda belə deyilmiş.

Məsələn, 2013-cü ildə "Azəri-Çıraq-Günəşli" yataqlarında hasilatın stabilləşməsi və artması ilə bağlı deyilənlər indiyə qədər öz təsdiqini tapmayıb. Belə ki, cari ildə AÇG-dən 33 mln. tona yaxın neft hasil edilsə də, gələn il bu göstərici daha 1 mln. ton azala bilər (laylarda təbii düşmə). Çünki "Qərbi Çıraq" platformasından ilk neftin çıxarılması dekabrın ortasında baş verərsə, bunun konsorsiumun hasilat proqramı üçün heç bir əhəmiyyətindən söhbət gedə bilməz.

Düzdür, ola da bilər ki, hasilata həmin platformadan oktyabrın əvvəlindən başlanılsın. Ancaq bunu BP "elə-belə" etmək istəmir, təbii ki, özünün maraqlarının da təmin olunmasını istəyir.

İkincisi, xarici şirkətlərlə danışıqlarda hüquqi məsələlərə cavabdeh olan SOCAR rəsmisi Vitali Bəylərbəyov noyabrın 20-də “Bloomberg” agentliyinə bəyan etmişdi ki, BP, Statoil və Total heç də TANAP-a qoşulmaqla bağlı razılıq əldə etməyiblər. Onun "bu şirkətlərin TANAP-a qoşulub-qoşulmamalarından asılı olmayaraq, biz layihəni vaxtında gerçəkləşdirəcəyik" fikrini bəyan etməsi, əslində o zamana tərəflər arasında fikir müxtəlifliyinin göstəricinin ölçüsü idi.

Qarşıdurmanın predmeti

Artıq fakt budur ki, Azərbaycanla BP şirkəti arasında bəzi məsələlərlə bağlı ciddi fikir ayrılığı əmələ gəlib. Məsələn, SOCAR nə qədər bəyan etsə ki, BP "Azəri-Çıraq-Günəşli" yataqları üzrə müqavilənin müddətinin 5 il uzadılması ilə bağlı müraciət etməyib, bu inandırıcı görsənmir.
... yayılan xəbərlərdə göstərilir ki, hasilatı müqavilə sahəsində artırmaq üçün yeni texnologiyaların tətbiqinə əsaslanan üsuldan istifadə etməklə qazma aparmaq olar. Bunun üçün isə böyük investisiyalar lazım olacaq. Həmin investisiyaların geri qaytarılması üçün isə Azərbaycanın müqaviləni uzatması lazımdır.


Çünki beynəlxalq mətbuata sızdırılan məlumatlar tam bunun əksini göstərir. Adının çəkilməsini istəməyən, qeyri-rəsmi mənbələr kimi yayılan xəbərlərdə göstərilir ki, hasilatı müqavilə sahəsində artırmaq üçün yeni texnologiyaların tətbiqinə əsaslanan üsuldan istifadə etməklə qazma aparmaq olar. Bunun üçün isə böyük investisiyalar lazım olacaq. Həmin investisiyaların geri qaytarılması üçün isə Azərbaycan tərəfi müqaviləni uzatmalıdır.

Qarşıdurmanın digər predmeti infrastruktur layihələri üzərində Azərbaycan tərəfinin nəzarətə sahib olmaq meylidir. Noyabrın 22-də Bakıda keçirilən "Xəzər hövzəsinin enerji təhlükəsizliyində və mühüm enerji infrastrukturlarının qorunmasında NATO-nun rolu" beynəlxalq konfransında Prezident Administrasiyası yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov çıxışında çox maraqlı məqamlara toxundu.

Onun sözlərinə görə, "Azərbaycanın hədəfi daxildə, eləcə də yerli region xaricində müxtəlif və çoxsaylı alıcılar, boru kəmərləri, neftin və qazın nəqli marşrutlarına malik olmaqdır. Azərbaycan uzunmüddətli perspektivdə Avropa İttifaqı üçün vacib və strateji qaz ixrac edən ölkə olmağa can atır. İndi o, "Şah-dəniz" yatağından başlayaraq Avropanın sonuncu istifadəçilərinə qədər dəyər zəncirinin hər bir hissəsində öz iştirakını təmin etmək üçün əhəmiyyətli dərəcədə səy göstərir".

Daha sonra Məmmədov bəyan edib ki, Cənubi Qafqaz Boru Kəmərində (SCP) 10 faiz payla kifayətlənməyən SOCAR bu kəmərin genişləndirilməsi təşəbbüsünə başlayıb. SCP-nin işə salınması (genişləndirildikdən sonra - İ.Ş.) SOCAR-ın layihədə öz payını artırması və hətta böyük paya sahib operator olmaq üçün əla imkan olacaq. Bütün dəyər zəncirinin Qafqaz sahəsində nəzarət (majoritar) səhm paketi ilə Azərbaycan strateji layihənin bir hissəsini idarə etməyə və ona nəzarət etməyə qadir olacaq.

...həqiqətən də AÇG-dən bundan sonra neft hasil etmək asan bir şey olmayacaq, yüksək peşəkarlıq və daim yeni kapital qoyuluşu tələb edəcək. Buna isə Azərbaycan üçün daha əlverişli şərtlərlə hansı şirkət razılaşar?
Meqa arzu

Yəni, əslində SAM rəhbərinin NATO tədbirində Qərbə çatdırmaq istədiyi məqam bu idi ki, Bakı-Tbilisi-Ərzurum mövcud qaz kəmərinə paralel olaraq Azərbaycan ərazisində yeni qaz kəməri tikiləcək və Gürcüstan ərazisində yeni kompressor stansiyalarının gücü artırılmaqla onun buraxıcılıq gücü artırılacaq və TANAP-la uzlaşdırılacaq.

SOCAR Türkiyə ərazisində inşa ediləcək TANAP layihəsinin operatorudur və məqsədi genişləndirilmiş SCP-də də "söz sahibinə" çevrilməkdir.

Sonradan isə Azərbaycan qazını Avropa ərazisinə daşıyacaq boru kəmərində də pay almaq niyyəti güdür və istəyir ki, imkan daxilində o boru kəməri boyunca olan ölkələrin qaz paylayıcı şəbəkələri və şirkətlərində də təmsil olunsun.

Nəticə

Hadisələri izləyərkən görürük ki, BP şirkəti heç də Azərbaycan rəhbərliyi ilə qarşıdurmaya getmək, məsələləri mətbuatın yazdığı səviyyədəki kimi qəlizləşdirməyə meyli deyil. Faktiki olaraq BP dövlət başçısının qaldırdığı əksər problemləri qısa zamanda həll etməyə nail oldu. Çox güman ki, infrastruktur layihələrində məsələ bir qədər mürəkkəbdir.

Düzdür, onların birgə fəaliyyət üçün istəkləri var, ancaq görünür tərəflər həqiqətən kompromis bir həll variantı tapmaqda hələki çətinlik çəkirlər. Ancaq bu o demək deyil ki, BP şirkətini Azərbaycandan və ACG-dən uzaqlaşdıracaqlar.

İstənilən şirkətlə müqaviləyə xitam vermək olar. Ancaq məsələnin mahiyyəti bundadır ki, bəs onda nefti geoloji mürəkkəb şəraitdə kim çıxaracaq? SOCAR-ın özünün baş geoloqundan soruşmaq gərəkdir ki, necə olur ki, AÇG-də çıxarıla biləcək neft ehtiyatlarını 15 ildə 511 mln. tondan 1,2 mlrd. tona qədər yüksəltdiniz, ancaq cəmi 210 mln. ton neft hasil ediləndən sonra yatağın "pik" dövrü arxada qaldı? Bu da yatağın çıxarıla biləcək resursunun 17,5% edir.

Demək, həqiqətən də AÇG-dən bundan sonra neft hasil etmək asan bir şey olmayacaq, yüksək peşəkarlıq və daim yeni kapital qoyuluşu tələb edəcək. Buna isə müqavilənin müddətinin bitməyə doğru getdiyi bir zamanda Azərbaycan üçün daha əlverişli şərtlərlə hansı şirkət razılaşar ki?

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG