.
"Azəri-Çıraq-Günəşli" layihəsinin operatoru olan BP şirkəti Azərbaycan prezidenti İlham Əliyevin hasilatın aşağı düşməsi ilə bağlı hökumətin iclasındakı kəskin tənqidində operativ reaksiya verdiyi artıq göz önündədir.Heç bir həftə zaman keçməsinə baxmayaraq çox hadisələr olub və davam etməkdədir.
Londonda BP-nin icraçı direktoru Azərbaycan Dövlət Neft Şirkətinin prezidentini qəbul edib. Görüşdən sonra BP bəyan edib ki, "Azərbaycan dövlətinin və Azəri-Çıraq-Günəşli tərəfdaşlarının mənafeyi üçün yatağın neft hasilatının idarə olunması məsələsində SOCAR və tərəfdaşlar qrupu ilə yaxından işləməkdə davam etsinlər."
Çox maraqlı bəyanat idi BP tərəfindən, necə ki, İlham Əliyevin kəskin etirazına ilk reaksiyaları olmuşdu: "BP Azərbaycana tam sadiqdir...".
Əslində isə BP Hasilatın Pay Bölgüsü Sazişinin müddəalarına sadiqliyini ictimaiyyət qarşısında sübut etməliydi.
İndi isə əməkdaşlıq məsələlərinin genişləndirilməsi önə çəkilir. Maraq doğuran məqam isə bundan ibarətdir ki, indiyə qədər SOCAR-la necə davranırmış ki, AÇG operatoru? Bəlkə BP qarşısında doğrudan da bundan sonra Azərbaycan maraqlarını da nəzərə almaq kimi bir təklif irəli sürülüb? Suallar isə təbii ki, gümanlardan qaynaqlanır.
Əks təqdirdə BP-Azerbaijan şirkətinin tələm-tələsik təxirəsalınmaz işlərə start verməsi buna dəlalət edir ki, "vaxtında istəsəydi, çox şey edə bilərdi".
Son günlərdə isə şirkətdə 2 vitse-prezident dəyişib. Düzdür, BP-Azərbaycan ciddi-cəhdlə sübut etmək istəyir ki, bu yerdəyişmələrin son hadisələrlə əlaqəsi yoxdur və əvvəlcədən planlaşdırılmışdı. Ancaq quyular üzrə vitse-prezidentin dəyişdirilməsi məsələsi heç də inandırıcı səslənmir.
Belə ki, "Azəri-Çıraq-Günəşli" yataqlarında hasilatın yüksək templə aşağı düşməsinin ən başlıca səbəbi kimi mütəxəssislər vaxtilə platformalardan layihəyə uyğun sayda istismar quyularının qazılmamasını göstərirdilər. Bundan əlavə, quyuların işlənməsində də bir sıra xətalara yol verildiyi üzə çıxıb.
Belə ki, 2009 və 2010-cu illərdəki yüksək hasilat (müvafiq olaraq 40,3 mln. ton və 40,6 mln. ton) quyuların qısamüddətli effektli neftverimli dövrünə təsadüf edib. BP-Azerbaijan şirkətinin mütəxəssisləri real olaraq hasilat mənzərəsini ona görə proqnozlaşdıra bilməyiblər ki, onlar məhsuldar laylarların neftverimliyinin azalması əmsalını istismarda olan hər bir quyu üçün hesablamaqda xətaya yol veriblər.
Illər | Hasilat quyuları | Suvurma quyuları | Qazvurma quyuları | Illik orta hasilat (barrellə) |
2007 | 44 | 10 | 4 | 668 000 |
2009 | 59 | 24 | 4 | 817 700 |
2010 | 58 | 25 | 5 | 823 100 |
2011 | 63 | 28 | 4 | 717 600 |
2012 (İlin I yarısı) | 56 | 26 | 4 | 684 000 |
Mənbə: BP-Azerbaijan şirkətinin hesabatları |
Cədvələ diqqət yetirsək görərik ki, cari ildə "Azəri-Çıraq-Günəşli" müqavilə sahəsində neft hasilatı 2007-ci ildəkindən də aşağı səviyyədə olacaq (o zaman ilin yekunlarına görə 33 mln. ton neft hasil edilmişdisə, bu il 32,5 mln. ton hasilat gözlənilir).
5 il öncə BP həmin həcmləri hasilat etmək üçün cəmi 44 istismar quyusundan və 10 suvurma quyusundan istifadə edirdi (qazvurma quyularının sayı dəyişməz olaraq qalır), indi isə 56 istismar quyusu ilə hasilatı həmin səviyyədə saxlaya bilmir, baxmayaraq ki, suvurma quyularının sayını 2,6 dəfə artırıb.
Bir məqam da diqqəti çəkir ki, 2012-ci ilin 1-ci yarısının yekunları ilə 2011-ci ilin sonundakı dövr arasında "Azəri-Çıraq-Günəşli" blokunda nə az, nə çox – düz 7 hasilat quyusu bağlanıb. Bu isə ona dəlalət edir ki, quyulardakı sulaşmanın yüksək tempi hətta yan lülələrdən qazma hesabına belə müəyyən istismar quyularının uzun ömürlüyünü təmin etmə gücündə deyil.
Elə bu baxımdan da BP-Azerbaijan şirkəti son açıqlamasında bildirib ki, Bakıdakı quyular üzrə qrupa 10 yeni mütəxəssis mühəndis qoşulacaq. Onlar BP-nin dünya üzrə - Alyaska, Şimali Amerika, Şimal Dənizi, Anqola və Misirdəki - biznesindən bir-bir seçilmişlər. "Bu mütəxəssislər birlikdə öz üst-üstə təqribən 200 ilə bərabər təcrübələri ilə regiona müstəsna qabiliyyət gətirirlər", - deyə BP press-relizində vurğulayıb.
Məsələ isə ciddidir. Bütün bu cəhdlərə baxmayaraq, gələn il də faktiki olaraq hasilat "Azəri-Çıraq-Günəşli" yataqlarında azalmaqda davam edəcək. Belə ki, 2013-cü ilin proqnozlarına görə, Azərbaycanda 43,2 mln. ton neft hasil edilməlidir ki, bunun da cəmi 33,1 mln. tonu "ƏIsrin müqaviləsi"nin payına düşə bilər. Belə bir nəticəyə isə 2013-cü ilin sentyabrında "Qərbi Çıraq" platformasında hasilata başlamaq kimi proqnoz göstəriciləri də daxil edilib. Demək, əslində blokda hasilat bu illə müqayisədə yenə azalmaqda davam edəcək.
Necə deyərlər, Azərbaycanın neft gəlirləri də azalmaqda davam edəcək. Əgər dünyada iqtisadi böhran dərinləşsə və bu özünü enerji daşıyıcılarının qiymətində göstərərsə, onda məsələ daha ciddi xarakter daşıyacaq. Ona görə də BP-nin "qaynatdığı qazan"ın əks-sədası hələ çox eşidiləcək...
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.