Keçid linkləri

Təcili xəbərlər

Manuel Castells: «Yeni demokratiya qaçılmazdır»


Manuel Castells
Manuel Castells
SÖHBƏT İNTERNET ƏSRİNƏ ADEKVAT DEMOKRATİYDAN GEDİR

İnformasiya cəmiyyətinin görkəmli araşdırıcılarından biri, amerikalı sosioloq Manuel Castells AzadlıqRadiosunun rus xidmətinə müsahibə verib. O son illərdəki etiraz hərəkatları ilə bağlı müşahidələrini bölüşüb.

Kastells deyir ki, müasir cəmiyyətdə hakimiyyətin bölüşdürülməsi təkcə informasiyaya nəzarətdən keçmir, həm də insanlarla ünsiyyətdən asılıdır. Onun fikrincə, bütün dünyada hakimiyyətlər bu nəzarəti itirirlər:

«İnsanlar bir-birini sərbəst məlumatlandırır və hərəkətlərini internetlə koordinasiya edir, bununla da köhnəlmiş sosial institutlara qarşı güclü etiraz hərəkatları təşkil edirlər. Bundan başqa, ideyalar virus kimi yayılır, yeni hərəkatlar spontan yaranır və lideri yoxdur».

REPRESSİYALARIN EFFEKTİ HAQDA

- Rusiya hökuməti etiraz hərəkatlarına necə reaksiya verməlidir? Repressiyalar effektiv ola bilərmi?

- Yox, ola bilməz. Bu, mənim fikrim deyil, bunu bir xeyli ölkənin təcrübəsi sübut edib. Əgər bomba və tanklar işə düşürsə, cavab vətəndaş müharibəsi olur, Suriyadakı kimi.

- Bu istənilən ölkə üçün keçərlidir? Zorakılıq tədbirləri istənilən ölkədə qeyri-effektiv ola bilər?

- Əgər ola bilsin hamını öldürsən... Son zamanların etiraz hərəkatlarından danışsaq, yəqin bircə Bəhreyndə repressiyalar effekt verdi. Hakimiyyət Səudiyyə Ərəbistanı və Pakistandan hərbi yardım ala bildi. Bir neçə min adam öldürüldü, min nəfər həbs olundu, bu gün həmin addım effektivdir. Ancaq ona görə ki, repressiyalara şiə azlığı məruz qalıb, əhalinin sünni qismi isə mübarizəyə qatılmayıb. Amma bu yeganə haldır ki, zorakılıq tədbirləri kara gəldi. Başqa hallardasa demokratik hərəkatlar vətəndaş müharibəsinə səbəb olurdu.

- Biz həbslər və güllələnmələr kimi repressiyalardan yox, misal üçün KİV-dəki senzura və ya internet üzərindəki nəzarətdən danışırıqsa...

- Bu əlbəttə fərqli vəziyyətdir. İstənilən halda hərəkat başlanıbsa, onu dayandırmaq olmaz. O cəmiyyəti müxtəlif yollarla dəyişə bilər. İnternet azadlığına nəzarət mümkündürmü? Əlbəttə, amma bu elə də effektiv deyil, çünki texniki cəhətdən çətindir. Bircə yol var – interneti tamam söndürmək. Amma heç bir ölkə bunu gedə bilməz, bu elektriki söndürmək kimi bir şeydir. Çindəki kimi etmək olar, hakimiyyətin internetdə nəsə xoşuna gəlməyəndə həmin adamı tutub həbsə atırlar. Ancaq insanı öldürmək olar, onun dediklərinisə yox.

- Dövlətin reaksiyası necə olmalıdır?

- Dövlətin azadlıqlarla bağlı problemi varsa, bu uzun müddətədir. İnsanlar internet vasitəsilə informasiya alır, bir-biriylə əlaqəyə girir, öz şəxsi medialarını və sosial şəbəkələrini yaradırlar, bununla dövlətə etirazlarını çatdırırlar. Siyasi sistemlər isə daha açıq olmalıdırlar. Əks halda radikal hərəkatlar meydana çıxacaq.

«DEMOKRATİYA HAQDA ƏNƏNƏVİ TƏSƏVVÜRLƏRİN SONU GƏLİR»

- Yəni demokratiyanın yeni formalarını axtarıb tapmaq lazımdır?

- Bəli. Mövcud olanları ləğv etməməli, əksinə onları elektron demokratiyalarla tamamlamaq lazımdır. Eləcə də yerli səviyyələrdə, maliyyə şəffaflığını, bank fəaliyyəti sahəsində demokratiyanı təmin etmək lazımdır. Demokratiya haqda ənənəvi təsəvvürlərin sonu gəlir, hakimiyyətin və nəhəng biznes korporasiyaların nəzarətinə son qoyulur. Bu XIX əsrin sonundakı vəziyyətə bənzəyir, demokratiya vardı, amma qadınlar və azlıqlar hələ də səs verə bilmirdilər. İndi biz daha irəli getmişik, amma internet əsrinə adekvat demokratiya yoxdur. Ya demokratik institutlar geniş kütlə üçün də açıq və şəffaf olur. Ya da cəmiyyəti ciddi münaqişələr və zorakılıq gözləyir.

- Bu yeni iştirak formaları müxtəlif ölkələr üçün fərqli olmalıdır?

- Hə, amma müxtəlif ölkələrdəki insanlar bir-biriylə təmasdadır, hər bir hərəkat o birində baş verəndən xəbərdardır, hamı internetə qoşulub, bütün təcrübələr ümumiləşir. «Occupy Wall Street» necə yarandı? 2011-ci ilin baharında İspaniyada etirazlar başladı. Kanadada çıxan «Adbusters» jurnalı ispan etirazlarını işıqlandırdı. Və 17 sentyabrda insanları «Occupy Wall Street»ə çağırdı. Maraqlıdır ki, heç kim 17 sentyabr tarixinə önəm verməyib. Bu, Amerika Konstitusiyası günüdür, bunu Birləşmiş Ştatlarda heç kim bilmir, heç kimin vecinə də deyil. Amma bu vacibdir, çünki bu hərəkat Amerika Konstitusiyasının prinsiplərinin bərpasına çağırırdı, etirazçılara görə, bu prinsiplər unudulub. Bu hərəkat ABŞ-da bircə tələbdən başladı: maliyyə institutlarına siyasi proseslərə qarışmağa imkan verməyən qanunlar yaratmaq. Misirdə bu belə səslənirdi: «diktatura rədd olsun», ABŞ-da isə: «pul diktaturası rədd olsun!».

«HAKİMİYYƏT KİBER-HÜCUMA KEÇSƏ...»

- Demokratik dəyərləri yeniləmək üçün vasitələr nədir?

Yalnız internet. İnformasiyanı yaymaq, açıq müzakirələr aparmaq. Hərçənd bunlar var. Amma hakimiyyət bunu dayandırmağa cəhd etsə, Anonimous kimi birliklər müqavimət göstərəcəklər, məsələn, təhlükəsizlik orqanlarının saytlarına blok qoyacaqlar və s... İnternet hərəkat müxtəlif səviyyədə gedir. Hakimiyyət kiber-hücuma keçsə, özü də bununla qarşılaşacaq.

Sayta hazırladı: Şahnaz Bəylərqızı
XS
SM
MD
LG