Keçid linkləri

Təcili xəbərlər

İtib-batan Azərbaycan enerjisi


İlham Şaban
İlham Şaban
-

Son bir həftədə Azərbaycanda həyat öz məcrasında çıxıb: nə normal iş rejimi var, nə də qeyri-iş rejimi. Məktəblərdə tədris prosesi müvəqqəti olaraq dayandırılıb. Yol polisi sürücülərə müraciət edir ki, mümkünsə, minik avtomobillərindən istifadə etməyin. Nəqliyyat Nazirliyi boynuna alıb ki, hava şəraiti ilə əlaqədar ictimai nəqliyyatın az qala yarısı reysə çıxa bilməyib, FHN isə insanları kəskin hava şəraiti bitənədək ayıq-sayıqlığa dəvət edib. Yəni mümkün zədələnmələrdən qorumaq üçün ən təhlükəsiz şərait elə evdə oturmaqdır.

Ancaq bayırda cəmi-cümlətanı bircə dəfə gecə vaxtı 5,2 dərəcə şaxta olmuşdu. Görünür, onun şiddəti Azərbaycana sanki 52 dərəcəlik bir hərarətlə gəlmişdi və məsul şəxslərin vətəndaşların probleminə özlərinə xas biganəliyi insanlara təsir edən soyuqluq dərəcəsini daha da artırmışdı.

Qısaqapanma, yoxsa?

Bu günlərdə Azərbaycan paytaxtının mənzərəsinə nəzər yetirdikdə diqqətimi bir şey də çəkdi: insanlar Bakıya qar yağmasını ilk dəfə idi ki, hamılıqla məyusluq içərisində keçirirdilər.

Demək olar ki, həm sosial şəbəkələrdə, həm müxtəlif yönlü KİV-lərdə, həm də adicə söhbət mövzusunda “görəsən, Azərbaycanın enerjisi harda itib-batır” ətrafında gedirdi.

Deyirlər, uman yerdən küsərlər. Həqiqətən də, fevralın gəlişi ilə Bakı və Abşeron yarımadasında yaşanan “enerji böhranının” miqyasını göz önünə gətirəndə bir anlığa fikirləşirsən ki...
Əsası odur ki, Məmmədin ocağının başında onun ala biləcəyi qiymətə “enerjisi” olsun, qalanı onu maraqlandırmamalıdır.

(Bakının bir çox yerlərinə işıq fasilələrlə verilib. Şüvəlan qəsəbəsində 1 sutka, Keşlə və Binə qəsəbələrində sutka yarım, Əhmədli kəndi, NZS və Biləcəri qəsəbələri, Radiozavod zonası yarım gün işıq üzünə həsrət qalıb. Sumqayıtın ətrafındakı yaşayış massivlərindən isə sanki elektrik didərgin salınıb. Enerji böhranı o həddə çatıb ki, hətta neft buruqlarının işində belə fasilələr yaranıb.)

Bu sahəyə cavabdeh olan məmurlar ildə neçə yol “Azərbaycan özünün enerji təhlükəsizliyini tam təmin etmişdir” şüarını söyləyir, mətbuatda Azərbaycanın enerji daşıyıcılarının Avropanı neçə il fasiləsiz təmin edə bilməsinə dair uzun-uzun müsahibələr verirlər.

Yadıma “Ac həriflər” tamaşasından bir səhnə düşdü: XX əsrin əvvəlində birinci neft bumu yaşayan Bakıda bir “intilligent” nahar edə-edə qəzetdən son xəbərləri oxuyur və sonra da deyir,

“Hə, nə olsun?”

İndi üstündən 100 il ötməsinə baxmayaraq fəlsəfi baxımdan həmin səhnədəki vəziyyətdəyik: 2010-cu ildə Azərbaycan tarixində ilk dəfə neft hasilatını 50,8 mln tona, əmtəəlik qaz hasilatını isə 16,2 mlrd kub.m-ə çatdırdı. Dünyanın 35 ölkəsinə xam neft ixrac edirik. Neft məhsullarının ixracı coğrafiyasını isə Afrika və Şərqi Asiya ölkələrinə kimi uzatmışıq.

11 ildə təkcə xaricilərin çıxartdıqları neft və qazdan əldə etdiyimiz gəlirin miqdarı $65 mlrd-a yaxın olub (hökumət bunun $34 mlrd-ı artıq xərcləməyə macal tapıb).

5 ildə Gürcüstan iqtisadiyyatına təkcə Dövlət Neft Şirkəti (SOCAR) xətti ilə $1 mlrd investisiya xərcləmişik. SOCAR bundan 2 dəfədən də çox Türkiyə iqtisadiyyatına yatırım edib və 2018-ci ilədək qardaş ölkədəki layihələrə $17 mlrd vəsait xərcləməyi də planlaşdırır:

  • İzmirdəki STAR neft emalı zavodu - $5 mlrd,
  • Trans Anadolu kəmərindəki payı - $6 mlrd,
  • Petkim kimya holdinqində yenidənqurma layihələri $3 mlrd,
  • Türkiyədə yeni enerji layihələrinə yatırılacaq investisiyalar - $3 mlrd.

Bu il şimal qonşumuzun (Rusiya) dağlıq rayonlarına ildə 3 mlrd. kubmetr qaz vermək niyyətindəyik. Hazırda isə hökumətin başlıca vəzifəsi Azərbaycan qazının 2018-ci ildən Avropa bazarına çıxarılmasını təmin etmək üçün kommersiya yönümündən əlverişli olacaq layihəni seçməkdir.

Bütün bu deyilənlərə matı-qurumuş halda qulaq asan Azərbaycan vətəndaşı məncə elə 100 il əvvəlin intillingenti kimi də cavab verərdi: “hə, nə olsun?”

Axı, onun evində işıq yanmayacaqsa, qaz olmayacaqsa və ya təzyiqi elə səviyyəyə düşəcək ki, istilik qızdırıcıları işləməyəcəksə, onda Məmmədin nəyinə gərəkdir ki, Azərbaycanın qazı Gürcüstan kimi ac-yalavac kimi bir ölkəyə ixrac olunur, ya da Avstriya kimi “toxundan günorta duran” ölkəyə.

Ya da ki, ixrac edilən qaz Qazıməmməd-Qazax kimi köhnə magistral boru xətti ilə gedir, ya da qızıl qiymətli Nabucco ilə və ilaxır. Əsası odur ki, Məmmədin ocağının başında onun ala biləcəyi qiymətə “enerjisi” olsun, qalanı onu maraqlandırmamalıdır.

İşıq niyə sönürdü?

Bu enerji məsələsində sadə vətəndaşın anlamadığı bir məsələ də var. Məntiqlə anlaya bilmir ki, Azərbaycanın büdcə xərcləmələrinin $1 mlrd, $10 mlrd və $20 mlrd olmasının “işığın sönməməsinə” niyə təsiri olmur?

İkinci tərəfdən, kənddə işıq sönməsi Azərbaycanda adi bir şeydir və hələ də yay vaxtı gündüzlər elektrikin kəsilməsinə rast gəlmək “Amerika kəşf etmək” deyil, ancaq bəs Bakıda niyə işıq kəsilir? Axı burada kəndlərdəki kimi çürüyən “işıq stolbaları” yoxdur, yüksək gərginlikli ötürücü kabelləri belə yerin altı ilə çəkiblər, paylayıcı şəbəkəni kompüterlə idarəetmə sisteminə qoşublar və N qədər paylayıcı stansiyalar tikiblər.

Bu doğrudan da sadə vətəndaş üçün qəribədir. Çünki bütün bunları o vaxtaşırı AzTV vasitəsilə görür.

Hökumət elektrikə 1.7 milyard dolları niyə verib?

İndi isə bəzi detalları mən açıqlayım. 2006-2011-ci illərdə dövlət büdcəsindən investisiya layihələri çərçivəsində “Azərenerji” səhmdar cəmiyyətinə 1,2 mlrd manat, “Bakıelektrikşəbəkə” səhmdar cəmiyyətinə isə 500 mln manatadək vəsait ayrılıb. Kifayət qədər böyük məbləğdir.

Ona görə ki, əslində bu qurumlar dövlətdən pul almamalıydılar, dövlətin ən böyük vergiödəyiciləri kimi ictimaiyyətin diqqət mərkəzində olmalıydılar.

Reallıqda isə hər iki qurum büdcənin daimi istifadəçisinə çevriliblər. Hökumət sanki bu iki qurumla sövdələşməyə gedib: bir ucdan lazım gəldi-gəlmədi onların təqdim etdiyi layihələri maliyyələşdirir. Əvəzində isə “Azərenerji” rəhbəri dövlət əhəmiyyətli layihələrin həyata keçirilməsində öz köməkliyini ortaya qoyur.

Ölkə tələbdən çox elektrik istehsal edir, vətəndaş yenə işıqsızdı...

Məsələn, 2 il əvvəl açıqlanmışdı ki, Azərbaycanın enerjiyə olan tələbatı maksimum 4500 MVt-dır. Sumqayıtda gücü 517 MVt olan İES-nın açılışı zamanı (noyabr 2009) məlumat verildi ki, ölkənin enerji potensialı artıq 6400 MVt-a çatdırılıb.

Buna baxmayaraq “Azərenerji” Şirvanda gücü 780 MVt olan yeni İES-nın tikintisinə başladı. Sonra isə Şüvəlanda gücü 400 MVt olan ikinci İES-nın tikintisinə start verildi. Hələ bu azmış kimi qiyməti bir-neçə yüz milyon manat olan yeni su elektrik stansiyalarının tikintisinə başlandı.

Yəni, yaxın illərdə Azərbaycanın enerji potensialını 9000 MVt-a çatdırmaq planı var. “Azərenerji”-nin rəhbəri Etibar Pirverdiyevə həmçinin ölkənin bir-neçə rayonunda “Alternativ enerji layihələrinə dövlət dəstəyi” proqramları çərçivəsində kiçik SES-lər tikmək həvalə edilib.
Hökumət sanki bu iki qurumla sövdələşməyə gedib: bir ucdan lazım gəldi-gəlmədi onların təqdim etdiyi layihələri maliyyələşdirir.

Başa düşmək olmur ki, əgər bu ölkədə Alternativ Enerji Agentliyi varsa, onda alternativ energetikaya aid obyektlərin tikintisi nədən ənənəvi enerjiyə cavabdeh şəxsə etibar edilir?

Digər bir maraqlı fakt odur ki, Sumqayıt İES fəaliyyətə başladığı gündən indiyə qədər özünün gücünün heç yarısı səviyyəsinə çıxa bilməyib, hər halda “Azərenerji”nin rəsmi yaydığı məlumatları analiz edərkən bu qənaətə gəlmək mümkündür.

Ancaq bu günlərdə Bakıda “enerji” böhranı baş verərkən, mən şəhəri həm internet vasitəsilə (sosial şəbəkələrlə), həm də vizual olaraq izləmək imkanın vardı. Aydınca görünürdü ki, hər 2-3 saatdan bir müxtəlif yaşayış massivlərini “Bakıelektrikşəbəkə” özü “söndürür”. Bu isə o zaman baş verir ki, tələbat həddən artıq artır, şəbəkə yüklənir və mümkün qəzaların qarşısını almaq məqsədilə gərginlik yaşanan zonaları şəbəkədən açırlar.

Ancaq hökumətin dedikləri tam başqadır axı? Bakıda və Abşeronda hətta 4 mln-dan yuxarı insan yaşasa belə, onun enerji problemi olmamalıydı. Çünki indiki 7000 MVt potensial gücün yarısı Bakıya gen-bol bəs etməliydi.

Yada salım ki, 2010-cu il fevralın 9-da saat 12 radələrində Azərbaycanın paytaxtı, habelə ölkənin qalan ərazisinin böyük bir hissəsi cərəyansız qalıb. O zaman hətta metropolitendə və dəmir yolunda qatarların hərəkəti də dayandırılmışdı. Bütün dövlət müəssisələri, o cümlədən Prezident Administrasiyası elektrik enerjisiz qalmışdı.

O zaman "Azərenerji" bildirmişdi ki, Mingəçevirdə elektrik stansiyasında 8 turbindən ikisi söndüyündən bu cür problem yaşanıb. Qəza miqyasına görə misilsiz olub və enerji infrastrukturunun nə qədər keyfiyyətsiz idarə edilməsini ortaya çıxarıb.

O zaman “Bakıelektrikşəbəkə”dən Turan agentliyinin əldə etdiyi məlumata görə, paytaxtın enerjiyə olan tələbatı axşam vaxtlarında 1750 MVt-dan çox olmur.

Qaz hara gedir?

Baxın, burada maraqlı məqamlar ortaya çıxır: əgər enerji potensialı istifadə edilmirsə, onda yeni güclər niyə yaradılır, yeniləri yaradılırsa və istifadə edilmirsə, elektrik enerjisinin hasilatı üçün istifadə olunan qaz necə olur (“Azərenerji” 2011-ci ilin nəticələrinə görə 2010-cu illə müqayisədə 500 mln m3 qaz çox işlədib)?

Yeni elektrik stansiyalarında şərti yanacaq sərfi niyə 330 qramdan aşağı düşmür, baxmayaraq ki, Azərbaycan bütün elektrik stansiyalarını dünya standartlarına uyğun tikdiyini bəyan edir. Elədirsə, sərfiyyat heç olmasa 200 qram olmalıydı 1 kVt\saat üçün.

Demək, məsələ nə elektrik stansiyalarının sayında, nə onların gücündə, nə də dəqiq sayı bilinməyən istifadəçilərin qar yağanda elektrikdən həm də qızdırıcı vasitə kimi (qaz ölkəsində belə sözü dilə gətirmək gərək çoxdan aktuallığını itirəydi) yararlanmasında deyil.

P.S.
Hazırda Avropada da dəhşətli şaxtalı qış yaşanır və bundan turizm şirkətləri qısa müddətdə xeyli gəlir götürməyə başlayıblar. Məsələn, Dunay çayını buzla örtülməsi yeni bir ekskursiya turuna çevrilib və ya Bolqarıstan sahillərində Qara dənizin donması tarixdə görünməmiş bir hadisədir və belə bir fürsəti heç kim əldən qaçırtmaq istəmir.

Bizdə də analoqu olmayan bir hadisə baş verib: Hacı Zeynalabdin qəsəbəsi sahilindəki körfəzdə Xəzər dənizi təqribən 200 metrədək donub. Ancaq nə turist var, nə də maraq göstərən, çünki hamının başı soyuqla mübarizədə “öz başını qorumağa” qarışıb. Yəqin ki, bizdə “Turist ilinin” artıq tarixə qovuşduğunu duyublar...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG