Keçid linkləri

Təcili xəbərlər

Türkiyə həmsədr ola bilərmi?


Ermənistanın baş naziri Tiqran Sarkisyan, 2 avqust 2011.
Ermənistanın baş naziri Tiqran Sarkisyan, 2 avqust 2011.
Türkiyənin Avrasiya bölgəsində rolu və imkanları artır. «Ərəb baharı» yaşayan ölkələrdə Türkiyənin dünyəvi modelindən danışılır, Ankara Əfqanıstanla Pakistanı yaxınlaşdırmağa çalışır, Fələstinə dəstək verir, Suriyada Əsəd rejiminə qapını göstərir, Somalidə aclıqdan əziyyət çəkən insanlara yardım əlini uzadır, Avropa Birliyi ölkələri maliyyə böhranı ilə üzləşərkən, Türkiyənin iqtisadiyyatı böyüyür, sənaye istehsalı artır və s. Ankara qonşuluqda nəyə al atırsa, problemin həllində əsas iştirakçılardan biri olmağa can atır. Buna baxmayaraq, Ankara nə qədər çalışsa da, qonşuluğundakı Dağlıq Qarabağ münaqişəsinin həllində hər hansı rol ala bilmir.

ANKARANIN VASİTƏÇİ OLMASININ ƏSAS ŞƏRTİ...

ATƏT-in baş katibi Lamberto Zanieri bu həftə Türkiyənin «Zaman» qəzetinə verdiyi müsahibədə Ankaranın Dağlıq Qarabağ münaqişəsinin həllində mühüm rol oynaya biləcəyini deyib. Lamberto Zanieri fikrini belə əsaslandırıb ki, Türkiyə münaqişəyə cəlb edilmiş hər iki ölkə ilə həmsərhəd olduğundan Azərbaycan və Ermənistanla dialoqu irəli aparmaq üçün münbit şəraitə malikdir.

ATƏT-in baş katibinin ardınca, Azərbaycana səfər edən Beynəlxalq Böhran Qrupunun Avropa proqramları koordinatoru Sabina Freyzer də Türkiyənin əhəmiyyətli rolundan danışıb. Türkiyənin Cənubi Qafqazda mühüm rol oynadığını deyən Sabina Freyzer Ankaranın Dağlıq Qarabağ münaqişəsinin həllinə dair maraqlı təklifləri olduğunu qeyd edib. Ancaq Beynəlxalq Böhran Qrupunun təmsilçisi Ankaranın fəallığının qarşısını alan əngəli göstərməyi də unutmayıb: «Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllində fəal rol oynamaq istəyirsə, Ermənistanla münasibətlərini normallaşdırmalıdır.
S.Sarkisyan və A.Gül Bursada futbol oyununu izləyirlər, 14 oktyabr 2009
S.Sarkisyan və A.Gül Bursada futbol oyununu izləyirlər, 14 oktyabr 2009
Belə olmayacağı təqdirdə Ankaranın təklifləri yalnız sözdə qalacaq».

Həqiqətən, Ankaranın Dağlıq Qarabağ münaqişəsinin həllində fəal vasitəçi olması üçün Ermənistanla münasibətlərini normallaşdırması əsas şərtlərdən biridir. Tərəflərdən biri – Yerevan Türkiyənin vasitəçiliyini qəbul etmirsə, Ankara və Bakı nə qədər çalışsalar belə, məsələnin müsbət həllinə nail ola bilməyəcəklər. Başqa maneə də var – Rusiya. Kreml Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həllində fəallaşmasını istəmir. Bunu açıq söyləməsə də, Yerevanın əli ilə Türkiyəni uzaq məsafədə saxlamağa çalışır. Bu əsassız deyil. Türkiyənin Cənubi Qafqazda fəallaşması, Yerevanla münasibətlərini normallaşdırması, nəhayət Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli Rusiyanın tədricən Ermənistanı itirməsi ilə nəticələnəcək. Kreml bunun baş verməməsi üçün də Türkiyəni Dağlıq Qarabağ münaqişəsinin həllinə yaxın buraxmır.

QARABAĞDA SAVAŞ BAŞLASA...

Cənubi Qafqazın irili-xırdalı bütün layihələrində Türkiyənin varlığı hiss olunur. İzmirdə imzalanan anlaşmalar Türkiyə-Azərbaycan münasibətlərini keyfiyyətcə yeni mərhələyə çıxartdı. Ankara bölgəni əhatə edəcək «Nabucco» və «Transxərəz» layihələrinin əsas iştirakçısıdır. Türkiyənin Gürcüstana investisiyaları ilbəil artır, bu ölkədə hava limanlarını modernləşdirir, otellər tikir və s. Yəni, Türkiyənin Cənubi Qafqazdakı bu fəallığı onu bu bölgənin əsas geopolitik oyunçusuna çevirib.
Rusiya hərbçiləri Yerevanda hərbi paradda, 21 sentyabr 2011
Rusiya hərbçiləri Yerevanda hərbi paradda, 21 sentyabr 2011
Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan torpaqlarının işğal altında saxlanılması isə bölgəyə ən böyük təhlükədir. Demək, Ankara bölgədə geopolitik və investisiya maraqlarını qorumaq naminə Dağlıq Qarabağ problemini daima diqqət mərkəzində saxlamaq məcburiyyətindədir. Ankaranı fəal olmağa sövq edən digər misala müraciət edək. Qarabağda savaş başlasa, Rusiya Ermənistanı müdafiə edəcəksə, Türkiyə də Azərbaycana hərtərəfli dəstək verəcək, əvvəlkitək Naxçıvanın təhlükəsizliyinin təminatçısı rolunda çıxış edəcək.

Beləliklə, Türkiyənin ATƏT-in həmsədr statusuna yiyələnməsi uzaq perspektiv sayılsa da, Cənubi Qafqazdakı siyasi, iqtisadi və təhlükəsizlik maraqları üç həmsədr – ABŞ, Fransa və Rusiyanın maraqlarından az deyil, bəlkə də əksinə. Buna görə də ATƏT-in baş katibi ilə Beynəlxalq Böhran Qrupunun təmsilçisi Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həllində əhəmiyyətli rolundan danışırlar.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG