Keçid linkləri

Təcili xəbərlər

Azərbaycanın seçim həftəsi


BMT Təhlükəsizlik Şurası
BMT Təhlükəsizlik Şurası
Mübaliğəsiz deyə bilərəm ki, Azərbaycan tarixində önəmli həftələrdən birini yola salırıq. Birincisi, Azərbaycan BMT Təhlükəsizlik Şurasının iki illiyinə də olsa, üzvü seçilib. İkincisi, İzmirdə Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin keyfiyyətcə yeni mərhələyə çıxarmağa imkan verən anlaşmalar imzalanıb. Üçüncüsü, Azərbaycan parlamenti birinci oxunuşda «Eks-prezidentlər haqqında» qanuna səs verib.

TƏHLÜKƏSİZLİK ŞURASINDA «BALANSLAŞDIRILMIŞ XARİCİ SİYASƏT» KEÇMƏYƏCƏK

BMT Təhlükəsizlik Şurasına üzvlüklə bağlı təmtəraqlı ifadələrin tərəfdarı olmasam da, bu qurumda üzvlük hər bir dövlət üçün prestijlidir, Azərbaycan böyük dövlətlərlə əlaqələrin gücləndirilməsi və mötəbər qurumda söz sahibləri ilə bir sırada dayanmaq, fikir mübadiləsi aparmaq kimi imkan qazanıb. Ancaq bu o demək deyil ki, Azərbaycan Təhlükəsizlik Şurasının gündəliyinə Dağlıq Qarabağ münaqişəsinin həlli mövzusu gətirə bilər. Sadəcə, bu problemi Təhlükəsizlik Şurasındakı tərəfdaş dövlətlərin vasitəsilə aktuallığını artırmaq olar. Vəssalam. Ona qalsa, Təhlükəsizlik Şurasının 5 daimi üzvündən 3-ü ATƏT-in həmsədr dövlətidir. Həmsədrlər isə Dağlıq Qarabağ probleminin BMT-də müzakirəyə çıxarılmasının daima əleyhinə olublar.

BMT Təhlükəsizlik Şurasına üzvlük həm də məsuliyyətdir. Buna qədər bir çox beynəlxalq məsələlərdə fikir bildirməkdən yayınan, «bu hadisənin Azərbaycana dəxli yoxdur» deyən diplomatlarımızın Təhlükəsizlik Şurasında susması problematik olacaq. İrana qarşı sanksiya məsələsi Təhlükəsizlik Şurasının gündəliyinə çıxarılanda, iki müvəqqəti üzv - Türkiyə və Braziliya sənədin əleyhinə səs verdilər. Bu iki dövlətin Qərbə müqavimət göstərmək üçün siyasi və diplomatik gücü yetərli idi. Bəs İranla bağlı sənəd yenə Təhlükəsizlik Şurasının müzakirəsinə çıxarılsa, Azərbaycan necə səs verəcək? Rəsmi Bakı Qərbi yoxsa İrana üstünlük verəcək? Azərbaycan diplomatları bu kimi sualların cavabına indidən hazır olmalıdırlar.
Tehranda hərbi parad, 22 sentyabr 2011
Tehranda hərbi parad, 22 sentyabr 2011
Təhlükəsizlik Şurasında «balanslaşdırılmış xarici siyasət» keçməyəcək, Bakıdan konkret mövqe istəniləcək.

QONŞULARLA TÜKƏNƏN MANEVR İMKANLARI TÜRKİYƏNİN XEYRİNƏ DƏYİŞİR

Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsindən bir gün sonra prezident İlham Əliyev İzmirə yola düşdü. Nəhayət, rəsmi Bakı daşı ətəyindən ataraq Türkiyə ilə strateji münasibətləri keyfiyyətcə yeni mərhələyə keçirməyə qərar verdi. Görünür, rəsmi Bakı qonşularla manevr imkanlarının tükəndiyini anladı. İranın hədələri artır, din xadimləri və hərbçiləri Azərbaycan haqqında ağızlarına gələnləri danışır, fərqli bəyanatlar verirlər. Rusiyada isə Putinin yenidən hakimiyyətə gəlişi Cənubi Qafqaz uğrunda siyasi və diplomatik savaşın daha mürəkkəb fazaya sürüklənməsi deməkdir. Bunun da Azərbaycana heç bir xeyri yoxdur. Rəsmi Bakı özü üçün yəqin etdi ki, Kremlə nə versən, onunla hansı qaz anlaşması imzalasan da, Rusiya hakimiyyəti Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini sürətləndirməyəcək.

Odur ki, belə bir mürəkkəb şəraitdə rəsmi Bakının Türkiyəyə istinad etməkdən başqa alternativi qalmayıb. Doğrudur, Azərbaycanla Türkiyə arasında viza məsələsi hələ tam həll olunmayıb və oliqarxik sistemin varlığı ucbatından qardaş ölkənin iri kapitalının Azərbaycana girişinə qoyulan qeyri-rəsmi yasaq da hələ qüvvədədir. Ancaq hər halda İzmirdəki anlaşmalar irəliyə doğru addım idi. İzmirdəki qaz anlaşmaları Azərbaycanı Türkiyəyə daha sıx bağladı. Bundan sonra Kremlin «Şahdəniz» yatağının qazı uğrunda mübarizəsi əhəmiyyətini itirdi. «Şahdəniz», «Ümid», «Babək» və digər zəngin yataqlarımızdan çıxarılacaq qaz Türkiyə üzərindən Avropa bazarlarına ötürüləcək.

Türkiyə ilə Azərbaycan arasında Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının fəaliyyətə başlaması da ciddi hadisə idi.
İlham Əliyev və Rəcəb Tayyip Ərdoğan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının ilk iclasının protokolunu imzalayırlar, 25 oktyabr 2011
İlham Əliyev və Rəcəb Tayyip Ərdoğan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının ilk iclasının protokolunu imzalayırlar, 25 oktyabr 2011
İndi önəmli olan bu Şuranın yalnız kağız üzərində deyil, reallıqda da fəaliyyətini gücləndirməkdir. Azərbaycanın Türkiyənin «Petkim» şirkətinin layihəsinə 5 milyar dollar yatırım qoymasını da ciddi hadisə saymaq olar. Növbədə Türkiyə ilə Azərbaycan arasında yeni qaz boru xəttinini çəkilişi gəlir.

NÖVBƏTİ HƏFTƏLƏRİ GÖZLƏYƏK...

Azərbaycan prezidenti bu həftə daha bir qərarını rəsmiləşdirdi. İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyasının nəzarətindəki Milli Məclis «Eks-prezidentlər haqqında» qanuna yaşıl işıq yandırmaqla keçmiş prezidentlər Ayaz Mütəllibovun və Əbülfəz Elçibəyin statuslarını qanuniləşdirdi. Bununla da uzun illərin mübahisəsinə son qoyuldu. Növbədə «Siyasi partiyalar haqqında» qanuna dəyişiklik gəlir. Söhbət ayrı-seçkilik etmədən siyasi partiyaların maliyələşdirməsindən gedir.

İştah diş altdadır. Növbəti həftələrdə də Avropa Birliyi ilə assosiativ anlaşmanın, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlük danışıqlarının sürətləndiriləcəyini ümid etmək istərdik. Ancaq dahası da var: müxalifətlə dialoq, küçə yürüşlərinə görə həbs edilənlərin azadlığa buraxılması, inhisarçılıqla real mübarizənin başlanması və s...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG