Azərbaycanda siyasi hakimiyyət dünya isteblişmenti ilə dil tapa, dünya oliqarxiyasına qovuşa bildi. Onları Sovet dövründəkindən fərqli olaraq indi təkcə Moskva yox, dünya dövlətlərinin az qala bütün paytaxtları qoruyur. Məni isə bu hakimiyyətin xarici dayaqları yox, hakimiyyətdəkilərin düşüncə tərzinin psixoloji-mental əsasları maraqlandırır. Mənim üçün maraqlı olan bu şəxslərin daxili dilləridir, özlərinə necə haqq qazandırmaqlarıdır, təsəllini hardan almaqlarıdır, öz vicdanları ilə necə dil tapmaqlarıdır, güzgüyə necə baxmaqlarıdır.