Ukraynanı Azərbaycanla birləşdirən dərd

İlham Əliyev və Petro Poroshenko

AYRILDILAR, AMMA UZAĞA GEDƏ BİLMƏDİLƏR...

Qarabağ problemi ətrafında baş verənlərlə müqayisə oluna bilməsə də, Ukrayna prezidentinin Azərbaycana gözlənilən səfəri də yetərincə maraq doğurur. Hələlik, dünya və Avropa miqyasında olmasa da, əski sovet məkanında Ukrayna çox önəmli ölkə sayılır.

Bir ara bu ölkə Azərbaycan və bir neçə digər keçmiş sovet respublikası MDB-də ayrıca bir qol – GUAM olaraq diqqət çəkirdi.

İndi o vaxtlar deyil. GUAM-ın iki mühüm üzvü – Gürcüstan və Ukrayna MDB-ni tərk edib. Bu iki ölkə artıq bir qədər fərqli geosiyasi qatda qərar tutub. Amma yenə də Azərbaycan və Ukrayna prezidentlərinin çək-çevir etməsinə ehtiyac duyan xeyli məqamlar var. Ən azı ona görə ki, indi Ukrayna da separatizm - bölücülük problemi yaşayır, üstəlik, ölkə ərazisinin bir hissəsini – keçmiş SSRİ-nin incilərindən sayılan Krımı Rusiya özünə birləşdirib.

Bir sözlə, Azərbaycanla Ukraynanın xeyli ortaq dərdi var və bu, onlardan qarşılıqlı bağlı siyasət yürütməyi tələb edir.

RUSİYA KİMİ İTİRDİYİNİN FƏRQİNDƏDİR...

Yazının əvvəlində Ukraynanın önəmli ölkə sayıldığını bildirdim. Heç də təsadüfi deyil ki, ABŞ politoloqu Zbigniew Kazimierz Brzeziński həmişə yazırdı ki, Ukraynasız Rusiyanın imeriya ambisiyaları bir xeyli məzmunsuzlaşır. Bəlkə də bunun nəticəsidir ki, Kremlin Ukraynaya kini-küdurəti soyumaq və səngimək bilmir. Açıq görünür ki, Rusiya nəyi itirdiyinin fərqindədir...

Bəli, Rusiya öz itkisinin fərqindədir, amma Ukrayna necə, qazancının, fərqindəmi? Təəssüf ki, buna birmənalı cavab hələ mümkün deyil və bu da daha çox onun nəticəsidir ki, Ukrayna bir neçə çox ciddi qərar qəbul etsə də, «kobzarların ölkəsi»nə, hələ də, gerçək dinclik, dolanışıq və barış gəlməyib.

Şəxsən məni Ukrayna inqilablarının yaradıcı ruhu həmişəmaraqlandırıb. Bu ölkə bir neçə rəngli inqilab yaşasa da, nədənsə irəliyə sıçraya bilmir. O üzdən, elə hey özümdən soruşuram: «Qərb və yerdəqalan Avropa Ukraynaya nə qazandırdı?». Bəli, Krım və Şərqi Ukrayna problemlərinə Qərbin reaksiyası daha kəskin və daha aramsız oldu. Nə Gürcüstan və Azərbaycandakı, nə də Moldovadakı problemlərə belə münasibət sərgilənmədi. Düzdür, bu müstəvidə də hələ ciddi bir irəliləyiş yoxdur, amma reaksiya daha birmənalıdır – hamı Rusiyanın davranışlarını pisləyir və ona təzyiqi artırmağa çalışır ki, təcavüzə son qoyulsun...

Üstəlik, Avropa Birliyi ölkələri elə bu payızda Ukrayna ilə vizasız rejimə keçəcəklərini bildirib. Amma onlar bu prosesin sürətini Ukrayna hökumətinin korrupsiyaya qarşı mübarizəsinə bağlayırlar. Bunun özü də çox maraqlı detaldır. V.Yanukovych dönəmində də korrupsiya Ukraynanın birinci problemi idi, indi də! Ona görə də, adam bir sualı verməkdən heç cür özünü saxlaya bilmir: «Daha nə olsun, axı? Ard-arda iki inqilabdan sonra da ölkədə korrupsiya və məmur özbaşınalığı başlıca problem kimi qalırsa, hakimiyyətləri devirməyə dəyərdimi?!».

SİYASƏTÇİLƏR NƏDƏN ÖTRÜDÜR?

Mən Ukraynanın bəzi uğursuzluqlarını tamamilə bu ölkə siyasətçilərinin üstünə yıxmaq istəmirəm. Təəssüf ki, Ukraynanın coğrafi ölçüləri, əhalisinin sayı, hələ də Avropanın bəzi ölkələrini qorxudur...

Amma başqa bir detal da var. Qəribədir ki, ukraynalı siyasətçilər meydanlarda daha inamlı görünür, öz fantaziyaları ilə kütləni daha çox ovsunlaya bilir, amma kabinetlərdə bunu bacarmırlar...

Səbəb nədir? Düşünürəm ki, hər bir siyasətçi özündə bir missiya duymalıdır. Böyük Britaniya Avropa Birliyindən çıxmaq qərarını verəndə, Avropa Parlamentində maraqlı bir polemika oldu. Bir ingilis siyasətçisi dedi: «Bir neçə il əvvəl mən Britaniyanın Birlikdən çıxmağa çalışacağımı deyərkən, mənə gülmüşdünüz. Budur, dediyimi etdim!».

Bilirsiniz, Britaniyanın qərarının pis və yaxud yaxşı olması bir yana, bir məsələ mənə çox maraqlı göründü. Hər bir siyasətçi siyasətlə məşğul olmasının, siyasi meydanda varlığının niyəsini anlamalıdır. Buna siyasətçinin missiyası deyilir...

Mən indiki prezident Petro Poroshenko-da bunu görmürəm. Üzrlü sayın, mən xəyalən, onun Belarus həmkarı A.Lukashenko-nu həmişə fermada, mal-qaranın yanında, Poroşenko-nu isə əynində ağ xalat şirniyyat fabrikini dolaşan görürəm...

Keçmiş prezident V.Yushchenko ilə bağlı müəyyən ümidlər vardı. Amma o ümidlər tez bir zamanda səhər dumanı kimi öləzidi...

ORADA DA OLİQARXLAR, BURADA DA...

Düzdür, siyasətçilər hər şeyi cəmiyyətin, xalqın üstünə yıxmağı sevirlər. Amma istedadlı-istedadsız cəmiyyət və xalqlar olmur, bacarıqlı və ya fərsiz siyasətçilər olur. Baxın, görün Çin kimi nəhəng ölkə nələr etdi? Axı 40 il öncə bu böyük və ac ölkə hamını vahimələndirirdi. Amma günün birindəD.Xiaoping deyilən bir siyasətçi peyda oldu və hər şey tam dəyişdi. Bir vaxtlar çinliləri yalnız gülüş hədəfi sayanlar artıq ciddi şəkildə Çin möcüzəsindən danışmağa başladılar...

Ola bilsin, indi dediklərim «dəmir əl», «dəmir yumruq», nə bilim, «dəmir bilək» haqqında köhnə bayatılara bənzəsin, ancaq elə deyil. Hər hansı ölkənin tarixində həmişə elə bir adam və ya komanda tapılıb ki, ölkə məhz onun və ya onların sayəsində irəliyə şığıyıb...

Yoxsa ard-arda gəlib-gedən bu siyasətçilər dəstəsi nəyə lazımdır? Təkcə öz ciblərini doldurmağamı?..

Bu bir gerçək ki, yerində sayan yalnız Ukrayna deyil. Yox-yox, hansı ölkənisə qaralayıb, hansınınsa eybinə göz yumduğumu düşünməyin.

Məsələn, Azərbaycan məmurları neftdənkənar sektorun, özəlliklə turizmin (bu isə neftdən sonra ölkənin başlıca resursu sayılır!) inkişafından söz açanda, məni həmişə gülmək tutur. İxtiyarsız özümdən soruşuram: «Turistlər hara gəlsin, cənablar?! Dəniz, göl, hətta meşə qalmayıb, axı! Hamısını çəpərləmisiniz! Turistlərə yer qoymusunuz ki onlar da dincəlməyə buralara gəlsinlər?».

Bu baxımdan demək olar ki, Ukrayna ilə Azərbaycanı bir cərgəyə qoyan təkcə separatizm və yaxud Rusiyanın təhdidləri deyil – hər iki ölkənin iqtisadiyyatı oliqarxların əsarətindədir. Bunu heç də yazı və təhlillərə dayanıb demirəm. Ukraynalıların özü belə deyir və oliqarxlardan dad edirlər...

Qərəz, durum belədir və ölkələr də adamlara bənzəyir. Bəxtəvərlərin bir birliyi olur, bədbəxtlərin başqa. Elə Azərbaycanı da Ukrayna ilə birləşdirən daha çoxdərddir. Ümid edək ki, prezidentlərin görüşündə DƏRDə də toxunulacaq...

Yazıdakı fikirlər müəllifinşəxsi mülahizələridir.