Top yenə Rusiyada

S.Sarkisian və İ.Əliyev

-

PREZİDENTLƏRİN GÖRÜŞDÜRÜLMƏKLİYİ...

Rusiyalı diplomatlar artıq rahat ola bilərlər. Azərbaycan və Ermənistan prezidentlərini görüşdürmək missiyası yenidən onlara həvalə edildi. Bu gün fors-major bir olay çıxmasa, prezidentlər Sankt-Peterburqda görüşəcək və beləcə, rusiyalı diplomatların «Təşəbbüsü bizdən alırlar!» sayaq bəyanatlarına son qoyulacaq...

Bəlkə də diplomatlar tam fərqli kateqoriyalarla mühakimə yürüdürlər, amma adam bir sualı verməkdən özünü heç cür saxlaya bilmir: «Görəsən, heç bir nəticəsi olmayan görüşlərin keçirilməsində təşəbbüsçü və təşkilatçı qismində çıxış etmək Rusiyanın nəyinə lazımdır?».

Səmimi şəkildə deyirəm ki, bu sualın cavabını bilmirəm. Bircə onu bilirəm ki, nəticə haqqında düşünməyə Rusiyanın nə vaxtı, nə də həvəsi var.

Onlar üçün bəlkə də elə vacib olanı budur ki, proses nəzarətlərindən çıxmasın və 3-cü onillikdir ki, sürən səmərəsiz bir diplomatik sxem çərçivəsində cərəyan etsin...

HƏLƏ GÖRÜŞ ƏRƏFƏSİNDƏ DEMİŞDİLƏR...

Qayıdaq Sankt-Peterburq görüşünə. Hələ bir müddət əvvəl Ermənistan xarici işlər naziri bildirmişdi ki, prezidentlərin imzalaması üçün masa üzərində heç nə yoxdur.

Məsələ ilə bağlı digər Ermənistan mənbələrinin yazdıqlarını da öyrənməyə cəhd etmişəm – onlar da təxminən eyni sözləri deyirlər. Bu, hələ Vyana görüşündən dərhal sonra aydın idi. Həmin görüş o qədər nəticəsiz keçmişdi ki, diplomatlar bunu ört-basdır etmək üçün ona «etimad görüşü» adı vermişdilər – guya, hələ tərəflər arasında etimad yaratmağa ehtiyac var...

Olsun. Amma Ermənistan bu görüşdə də nəyəsə çalışmasaydı, xeyli təəccüblənmək lazım gələrdi. Nəyə çalışır Ermənistan diplomatiyası?

TUTDUĞU ƏRAZİLƏR ERMƏNİSTANA YETİR...

Bu günə bəlli olanı budur ki, Ermənistan ATƏT-in atəşkəs rejiminə nəzarət edən missiyasının səlahiyyətlərinin artırılmasına, «atəşkəs rejiminə daha etibarlı texniki vasitələrin tətbiq olunması»na cəhd göstərir.

Azərbaycanın sonuncu məsələ ilə bağlı hələ prinsipial razılığı yoxdur, o səbəbdən ki rəsmi Bakının fikrincə, belə mexanizmlərin tətbiq və təşkil olunması status-kvonu daha uzun müddətə dondurardı...

Bakı düşünür ki, belə mexanizmlər ümumi prosesin tərkib hissəsi kimi, işğaldakı rayonlar azad ediləndən sonra tətbiq olunsa, daha məqsədəuyğundur.

Ermənistanın təlaşını anlamaq mümkündür. Bu ölkə indiki şəraitdə genişmiqyaslı hərbi əməliyyatların, hərbi teatrda ciddi dəyişikliklərin tərəfdarı deyil və daha çox nəzarət etdiyi əraziləri əlində saxlamağa cəhd göstərir. Üstəlik, Azərbaycan ordusunun cavab həmlələri rəsmi Ermənistana xeyli problem yaradır - canlı qüvvə itkisi, hərbi-texniki xərclər artır...

İndi Ermənistan daha çox fəndgirlik etməyə, Azərbaycanın mülki əhalisini psixoloji təpki altında saxlamaq üçün daha qəliz üsullara əl atır - çaylarla mina axıdır, uçan pilotsuz aparatlar göndərir...

Bir məsələni də açıq demək lazımdır. Az öncə qeyd etdiyim kimi, indi rəsmi Bakı statik-donuq atəşkəs rejimində elə də maraqlı deyil, çünki özünün iqtisadi, demoqrafik və hərbi-texniki üstünlüyünün konkret nəticələrini görmək istəyir. Axı on illərlə elə hey «Bizim ordumuz bölgənin ən güclü ordusudur!» və ya «Lazım gələrsə...» deyib durmaq olmaz. İnsanlar belə bəyanatların təcrübədə təsdiqini və «lazımın gəlməsini» istəyirlər. Ermənistana isə bu, qətiyyən lazım deyil. O səbəbdən ki «diplomatik alver» – torpaq müqabilində Qarabağa müstəqillik istəmək, daha doğrusu, tələb etmək üçün yetərincə, özlərinin iddia etdiyi kimi, 800 min hektar ərazi zəbt edib... İndi onun əsas hədəfi bu əraziləri əlində saxlamaqdır...

MÜHARİBƏDƏN ƏVVƏLKİ VƏ SONRAKI STATUS-KVO...

Rəsmi Bakı bildirir ki, status-kvo - indiki vəziyyət məqbul deyil. Bəzi ölkələr, hətta passiv şəkildə olsa da, həmsədrlərin ikisi də buna dəstək verir. Amma di gəl, Ermənistan tam başqa şey deyir. Bu ölkənin rəsmi mövqeyinə görə, müharibəyəqədərki status-kvoya - müharibəyəqədərki vəziyyətə qayıdış məqbul sayıla bilməz və rəsmi Bakı hərbi teatrdakı bugünkü mənzərə ilə hesablaşmalı və ərazilərin işğal olunması faktı ilə barışmalıdır...

Qərəz, münaqişənin müzakirəsinin indiki fəlsəfəsi budur – hər kəs öz dediyində israr edir və belə bir vəziyyətdə də görüşürlər...

Əslində, ikinci «diplomatik raund» – Sankt-Peterburq görüşü bir məsələ olmasaydı, mənə maraqlı gəlməzdi.

O da budur ki, görüş ərəfəsində Bakıda müxtəlif çağırışlar səslənirdi. Kimi deyirdi ki, bəs, nəticə olmazsa, Bakı ciddi qərarlar qəbul etməlidir. Başqa birisi ərz edirdi ki, Bakı Ermənistana konkret vaxt verməlidir...

İnsanları anlamaq olar, amma onlar bir məsələni nəzərə almırlar – bu da Rusiya amilidir. Rusiya xarici işlər naziri S.Lavrov usanmadan bəyan edir ki, MDB ərazisindəki bütün münaqişələr sülh yolu ilə həllini tapmalıdır. Adam dərhal ondan soruşmaq istəyir ki, bəs onda Çeçenistan məsələsini niyə sülh yolu ilə həll etmədiniz, şəhərləri, kəndləri aviasiya atəşlərinə, «xalıvari» bombardmana məruz qoydunuz?

Amma bizim soruşmağımızın nə mənası var? Bunu, əslində, rəsmi Bakı soruşa bilərdi. Onlarsa hər getdikləri yerdə «Rusiya dostumuz və strateji müttəfiqimizdir!» deyirlər. Nə demək olar? Necə deyərlər, göz dəyməsin!..

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.