Qarabağ problemində Qərblə Rusiyanın günah payı

V.Putin Ermənistandakı Rusiya hərbi bazasında.

-

HEÇ YAĞIŞ DA TƏSADÜFƏN YAĞMAZ...

Ötən həftənin lap sonlarında eşitdim ki, Rusiya Ermənistanı hava hücumundan qoruyacaq. Bu xəbər məni elə də təəccübləndirmədi, axı Ermənistanın Rusiya ilə on illər boyu davam edən sıcaq münasibətləri var. Bu iki ölkənin Azərbaycan ərazilərini, az qala, birgə işğal etməsi məlum məsələdir və unutmayaq ki, Ermənistan Kollektiv Təhlükəsizlik Təşkilatının da üzvüdür.

Bəli, heç də təsadüfi deyildi ki, aprel döyüşləri gedərkən, rusiyalı yazarlar öz ölkələrinə Kollektiv Təhlükəsizlik Müqaviləsindən irəli gələn öhdəlikləri xatırlamaqdan usanmırdılar, halbuki döyüşlər Azərbaycan torpaqlarında getdiyindən, bu, siyasi və hüquqi nonsens sayılırdı.

İndi də təəccüblü bir şey yoxdur, həmişə olduğu kimi, Rusiya öz «forpost»unun yanındadır. Amma mənə, elə çoxlarına da bir məsələ qaranlıq qaldı. O da budur ki, görəsən, Rusiya qondarma «Dağlıq Qarabağ Respublikası»nın hava fəzasını həmin sazişə aid etməyəcək ki?..

Ermənistan Avrasiya İttifaqına qoşularkən ondan bu Birliyə Dağlıq Qarabağla, yoxsa tək qoşulacağı soruşuldu. Ermənistan da ümumi və birmənalı mövqeyi anlayaraq, Qarabağı Avrasiya İttifaqına qatmaq niyyətində deyil deməyə məcbur qaldı...

Çox təəssüf ki, indi Ermənistana bənzər sualı ünvanlayan yoxdur. Bəlkə də müvafiq strukturlar bunu nə vaxtsa edəcək, amma hələ ki, heç nə məlum deyil (Sənədin ayrıca maddəsində sazişin Dağlıq Qarabağın hava sahəsini əhatə etməməsi göstərilib – red.).

Bildiyim odur ki, az öncə çətin durumda olduğunu desələr də, Rusiya xeyli «düşünüb-daşınıb» yerini tapdı. Məsələ bundadır ki, ölkə Azərbaycanı da itirmək istəmir və ümid edir ki, nə vaxtsa, onu da Avrasiya İttifaqına cəlb edə biləcək. Çox güman, belə ümidlər hələ də qüvvədədir. Ən azı ona görə ki, rəsmi Bakı hər şeyi yaxşı anlayır və öz cəmiyyətindən başqa hamının halına acıyır...

Düzdür, Ermənistanla Rusiyanın hava hücumundan müdafiə sistemlərinin birləşdirilməsi söhbətləri çoxdan gedirdi və bir daha vurğulayım ki, prinsipcə, Rusiyaya heç nə deyə bilmərik, çünki əvvəldə qeyd etdiyim kimi, ortada Kollektiv Təhlükəsizlik Müqaviləsi var. Amma ondan müəyyən açıqlamalar istəmək olar, özəlliklə dağlıq Qarabağla bağlı...

Kollektiv Təhlükəsizlik Müqaviləsinə qoşulmağın müqabilində Rusiya Qarabağı Azərbaycana qaytarmağa razı olmamışdı...

RUSİYA İLƏ DAHA SIX İTTİFAQ NƏSƏ VERƏRMİ?

Burada bir məsələni də qeyd etməyə dəyər. Rusiyanın belə davranışları fonunda, xüsusən Ermənistan hərbi-siyasi xadimlərinin açıqlamalarından sonra belə bir fikir güclənir ki, niyə biz şüurlu şəkildə özümüzü böyük dəstəkdən məhrum edir, Rusiya ilə daha sıx ittifaqa və hərbi əməkdaşlığa getmirik?

Belə suallar birinci dəfə deyil ki, soruşulur. Bəli, Azərbaycanın Rusiya ilə hərbi əməkdaşlığı yoxdur. O vaxt həmin proseslərə qatılan bəzi məmurların sonrakı etiraflarına görə, bu, arzulanmış, ancaq alınmamışdı. Başqa sözlə, Kollektiv Təhlükəsizlik Müqaviləsinə qoşulmağın müqabilində Rusiya Qarabağı Azərbaycana qaytarmağa razı olmamışdı...

Böyük ehtimalla, qonşu Gürcüstan da eyni taleni yaşayıb. O da MDB üzvü idi və onun Birlikdən çıxması yalnız gürcü siyasətçilərinin tələskənlik və «şıltaqlığının» nəticəsi deyildi. Orada da eyni hadisə baş vermişdi. Bəli, Gürcüstan MDB-də çox qaldı, amma nə Cənubi Osetiyanı, nə də Abxaziyanı ona qaytardılar...

Bu səbəbdən diqqət çəkdiyim sual bir qədər predmetsizdir. Düzdür, ilk baxışda elə görünür ki, Qarabağ probleminin həlli Rusiya ilə daha sıx hərbi və əsgəri əməkdaşlıqdan keçir. Amma bu, zahirən belədir.

Rusiya əsgərinin və hərbi bazasının Azərbaycanda olmaması müstəqillik dövründə əldə edilən çox azsaylı uğurlardan biridir... İndi nə etməli? Durub ən son nailiyyətləri də əldən verməlimi? Bu minvalla ölkənin nəyi qalacaq sonda?

Əslində, vəziyyət daha mürəkkəbdir. Təsəvvür edin ki, Rusiyanın çox oxunan bir analitik dərgisində ciddi bir rus müəllifi yazır ki, məhz Dağlıq Qarabağ problemi Azərbaycanla Ermənistanı Rusiyaya bağlayır! Bunun özü məsələyə aydınlıq gətirmir? Aydın deyilmi ki, Rusiya heç bir halda bu bağlantını itirmək istəməz?!.

ONSUZ DA ÇOX ŞEY İTİRİLİB...

Daha bir detal da var. Rusiya əsgərinin və hərbi bazasının Azərbaycanda olmaması müstəqillik dövründə əldə edilən çox azsaylı uğurlardan biridir. Onsuz da çox şeylər əldən verilib - demokratiya və insan haqları sahəsində böyük geriləmələr baş verib, ədalətsiz bölgü siyasəti cəmiyyətdə kəskin təbəqələşmə yaradıb... İndi nə etməli? Durub ən son nailiyyətləri də əldən verməlimi? Bu minvalla ölkənin nəyi qalacaq sonda? Bax bu üzdən, «xəyal»lara qapılmaq gərəkməz.

KİMİN SUÇU DAHA BÖYÜKDÜR?

Bir məsələni də bilmək lazımdır. Qarabağ probleminin çözülməməsində bəlkə Qərb də böyük suç sahibidir. Amma onun suçu nə qədər böyük olsa da, Rusiyaya çata bilməz, çünki Rusiya bilavasitə bu problemin arxitektoru, onun memarıdır...

Demək, Qərbi qınamaq lazım deyil. Anlayırıq ki, Qərbin daha çox Azərbaycan hakimiyyətinin özəl maraqlarına toxunması səbəbindən qınandığını anlayıram. Di gəl, hakimiyyət maraqlarından da savayı, milli maraqlar da var, axı!..

Təsəvvür edin, rəsmi Bakı Almaniyada bildirir ki, Rusiya Azərbaycanın strateji müttəfiqi və dostudur... Anlamaq olmur ki, Azərbaycan rəsmiləri xaricə öz ölkələrinin, yoxsa Rusiyanın problemlərini həll etməyə yollanırlar? Belə bəyanatlara Qərbin münasibəti nə olacaq? Onlar da mədəni şəkildə deyəcəklər ki, gedin, probleminizi də Rusiya çözsün...

Ermənistan fürsət düşəndə hətta öz hərbi və siyasi müttəfiqindən də şikayətlənir, amma rəsmi Bakı Rusiyanın vəkili kimi çıxış edir, onun Azərbaycanın yaxın dostu olduğunu deyir...

ERMƏNİSTANI SİLAHLANDIRMASAYDILAR...

Rəsmi Bakının məntiqi, bəzən, adamı mat-məəttəl qoyur. Almaniyada bəyan edildi ki, Rusiyanın Ermənistana silah verməsi Azərbaycanı heç də dilxor etmir, bəs onun Azərbaycana silah satması Ermənistanı niyə əndişələndirir?

Bəli, düşünmək olar ki, bu sözlər, bir ATƏT sədri kimi, Almaniyanın bölgədəki silahlanmadan «narahatlığı» müqabilində deyilib. Üstəlik, bir müddət əvvəl Almaniyada səfərdə olan Ermənistan prezidenti Rusiyanın Azərbaycana müasir silahlar satmasından şikayətlənmişdi. Elə bunun özü də çox maraqlı detaldır: Ermənistan fürsət düşəndə hətta öz hərbi və siyasi müttəfiqindən də şikayətlənir, amma rəsmi Bakı Rusiyanın vəkili kimi çıxış edir, onun Azərbaycanın yaxın dostu olduğunu deyir...

Azərbaycan niyə daim silah almaq və hərbi büdcəsini hər il artırmaq məcburiyyətindədir? Cavab aydındır: Müharibəyə cəlb olunduğu, torpaqlarını itirdiyi üçün. Rusiyanın həm Ermənistanı silahlandırdığı, həm də özünün bölgədəki hərbi arsenalını onun xidmətinə verdiyi üçün...

Üstəlik, Rusiya Azərbaycana silahları satdığı halda, onu Ermənistana hədiyyə edir. Münaqişənin həllinin yolu da bəlkə odur ki, işğalçı Ermənistana silah verilməsin, satılmasın!.. Rəsmi Bakı Almaniyada bunu deyə və diqqəti Ermənistanın işğalı nəticəsində yaranmış silahlanma «yarışına», nəzarətsiz silahlı birləşmələrə yönəldə bilərdi...

Di gəl, məlum oldu ki, Rusiya Azərbaycanın ən yaxın dostudur! Bəli, o Rusiya ki elə bu yaxınlardaca silah almaq üçün Ermənistana 200 milyon dollar kredit ayırmışdı...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.