Qarabağ nə vaxt qaytarılacaq?

Şuşa - 2014

-

TƏMƏL PRİNSİPLƏR DƏYİŞMƏSƏ DƏ...

Qarabağ münaqişəsinin sədasını BMT tribunasından heç də həmişə eşitmək olmur. Bu, elə də tez-tez baş verən hadisə deyil.

Ona görə də ATƏT sədri Frank-Walter Steinmeier-in BMT Təhlükəsizlik Şurasında hesabat xarakterli çıxışı Azərbaycanda da diqqətlə izləndi. Hərçənd, donmuş və ya vaxtı uzanmış münaqişələrə fatalist baxışı bölüşmədiyini deyən ATƏT sədri siyasi ritorikaya da meydan vermədi. Qarabağla bağlı bir-iki cümlə ilə kifayətləndi və sadəcə, təmas xəttində, eləcə də Ermənistan-Azərbaycan sərhədi boyunca ciddi gərginlik yaşanmasından rahatsızlığını bildirdi...

Çıxış, artıq qeyd etdiyim kimi, hesabat xarakterli idi. O üzdən keçmiş SSRİ ərazisindəki münaqişələrin hələ də həll edilməməsini ATƏT sədrinin necə əsaslandıracağı maraq doğururdu. Üstəlik, ərazi və etnik münaqişələrə baxışda onun təmsil etdiyi institutun hansı prinsiplərə öncəlik verdiyini bir daha bilmək istəyirdik...

Məlum oldu ki, nəzəri baxımdam təməl prinsiplər dəyişməyib. ATƏT sədri bir daha bildirdi ki, millətlərin dinc-yanaşı yaşamasının əsasını ərazi təhlükəsizliyi və milli suverenlik təşkil etməlidir. Bəs onda nədən həmin bu prinsiplər gerçək həyatda heç də həmişə öz təsdiqini tapa bilmir? Nədən Qarabağ, Abxaziya, Cənubi Osetiya və Dnestryanı bölgədəki münaqişələr düz üçüncü on illikdir ki, həll olunmamış qalır?

BURADA BİR SÖZ DEYİRLƏR, ORADA BAŞQA...

Bəlkə də bir qədər pessimist səslənəcək, amma acı həqiqət budur ki, nəinki BMT-nin bir sıra problemləri ünvanladığı ATƏT, hətta onun özü də etnik və ərazi münaqişələrini həll etməkdə çox acizdir.

ATƏT və ya onun təşəbbüsü ilə yaranmış Minsk Qrupunun illərdir sürən uğursuz missiyası üzərində bir daha dayanmayacağam, bunu, əslində, hamı bilir. Sadəcə, ATƏT sədrinin münaqişələrə baxışda söylədiyi təməl prinsiplərlə bağlı bir məqama toxunmaq istəyirəm. Minsk Qrupunun həmsədrləri, bu ölkələrin səfirləri və eləcə də digər təmsilçilər sözdə həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini deyirlər. Amma yalnız və yalnız sözdə. İki-üç il öncə BMT-də keçirilən səsvermədə həmsədrlərin heç biri Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmədi və faktik olaraq, ərazi təhlükəsizliyi və milli suverenlik kimi prinsiplərə zidd getdilər.

Minsk Qrupu bəlkə də son bir neçə ildə olduğu qədər heç vaxt passiv qalmamışdı. Əvvəllər nəsə edir və bəlli çözüm modeli irəli sürürdü. İndi bunlar da yoxdur. Həmsədrlər sosial şəbəkələrdə yazışmaqla işlərini bitmiş sayırlar. Niyə belə olur?

Bunu niyə xatırlatdığımı söyləyim. Həmsədr ölkələr ən mühüm məqamlarda da münaqişəyə cəlb olunmuş ölkənin ərazi bütövlüyünü dəstəkləmirsə, bəs onda həmin münaqişəni hansı siyasi çərçivədə çözməyə hazırlaşırlar?

Təəssüf ki, nə bu sualın, nə də «Minsk Qrupu indi nə edir» sualının ürəkaçan cavabı var. Minsk Qrupu bəlkə də son bir neçə ildə olduğu qədər heç vaxt passiv qalmamışdı. Əvvəllər nəsə edir və bəlli çözüm modeli irəli sürürdü. İndi bunlar da yoxdur. Həmsədrlər sosial şəbəkələrdə yazışmaqla işlərini bitmiş sayırlar. Niyə belə olur?

DÜNYADA MUXTARİYYAT MODELİ QALMAYIB...

Beynəlxalq aləmdə konfliktlərə yanaşmada belə bir deyim var: sülhə məcburetmə. İndi onun haqqında real siyasətçilərdən çox, konfliktoloqlar danışırlar. Elə bu səbəbdən BMT və ya ATƏT-inarsenalında belə təsir mexanizminin olmamasına çox təəssüflənirsən.

Hamıya aydındır ki, Dağlıq Qarabağ münaqişəsi dalana dirənib. Dünyada elə bir muxtariyyət modeli qalmayıb ki, Azərbaycan onu Dağlıq Qarabağa təklif etməsin...

Bütün ssenari və modellər, bir az da genişləndirilib-gəlişdirilmiş şəkildə Dağlıq Qarabağa təklif olunub. İndən belə, formal olaraq, tək yol qalır: Dağlıq Qarabağa Azərbaycandan kənarda status axtarmaq! Amma məsələ sonda məhz belə çözüləcəkdisə, o zaman Minsk Qrupuna və ya ATƏT-ə nə ehtiyac vardı?

KİM DAHA ÇOX TAB GƏTİRSƏ...

Hazırda münaqişənin çözümü üzücü siyasi və iqtisadi yarışa, kimin bu yükə daha çox davam gətirə bilməsinə qalıb. Bu yarış illərdir sürür, amma təəssüf ki, nəticə vermir. Azərbaycan hərbi büdcəsini ilbəil artırır, hətta onu Ermənistanın total büdcəsi səviyyəsinə qaldırmağa cəhd göstərir. Di gəl, bu da nəticə vermir. Aşırı nikbin politoloqların əksinə, razılaşmalı olursan ki, zamanın kimin xeyrinə işləməsi də çox mübahisəli məqamdır. Ən azı ona görə ki, vaxt uzandıqca hamı, xüsusən elə beynəlxalq qurumlar duruma alışır və daha ləng tərpənir. Nahaq yerə deməyiblər ki, zaman hər acını unutdurur və yaraları «sağaldır»...

İndən belə, formal olaraq, tək yol qalır: Dağlıq Qarabağa Azərbaycandan kənarda status axtarmaq! Amma məsələ sonda məhz belə çözüləcəkdisə, o zaman Minsk Qrupuna və ya ATƏT-ə nə ehtiyac vardı?

Azərbaycan bütün sahələrdə Ermənistanı qabaqlamağa çalışır, onu böyük və kiçik layihələrdən kənarda qoymağa cəhd edir. Digər məsələlər bir tərəfə, bu günlərdə İran və Rusiya ilə dəmiryol xətlərinin birləşdirilməsi haqqındakı razılaşmalar Ermənistanda əsl narahatlıq yaradıb. Ona görə ki, bu ölkənin də öz dəmiryol xətlərini İranla birləşdirmək planları vardı və hətta həmin planla Avrasiya İttifaqını şirnikləndirmək istəyirdi...

Amma başqa nüans da var. Rusiyanın silah almaq üçün Ermənistana 200 milyon dollarlıq kredit ayırması elə Azərbaycanda da az təşviş və narahatlıq yaratmadı – Azərbaycanın valyuta ilə aldığı silahları Rusiya Ermənistana daha ucuz və daha güzəştli şərtlərlə verir.

Bu səbəbdən insanlar «Bu məsələnin bir sonu olacaq? Biz pulla alacağıq, onlar havayı? Doğrudanmı, elə belə də davam edəcək?» – deyə soruşurlar.

SONU GÖRÜNMƏYƏN TUNELDƏ

Ancaq başqa yol da görünmür. Sanki sonu görünməyəm tuneldəyik. Belə bir vəziyyətdə fatalist olmayasan, nə edəsən?

Bu münaqişələr həm də əsəb yarışıdır. Kimin əsəbləri daha çox dözəcəksə, o da sonda önə çıxacaq...

Nə qədər qəribə olsa da, illərdir Türkiyədə baş verən proseslər şəxsən məni Qarabağ münaqişəsinə daha sakit və hətta daha müdrik (belə demək mümkünsə) yanaşmağı öyrətdi. Əvvəllər «Daha bir əsgərimiz şəhid oldu!» sözlərini sakit eşidə, özümə yer tapa bilməzdim. Amma indi bunu sakit qarşılayıram. Bəli, 22 il əvvəl atəşkəsə dair razılıq əldə edilsə də, çox təəssüf ki, sülh bərqərar olmadı, münaqişənin siyasi həlli tapılmadı və hələ də müharibə gedir. Müharibədə isə əsgərlər, hətta dinc sakinlər ölər...

Deyə bilərlər ki, bu da çıxış yolu deyil, axı nə qədər gözləmək olar? Münaqişənin sülh yolu ilə həll üçün Azərbaycan bütün mümkün siyasi modelləri təklif edib. ATƏT-ə və ya Minsk Qrupuna başqa bir model məlumdursa, onu da eşitmək olar. Amma varmı belə model? Məsələ də ondadır ki, yoxdur...

ATƏT və ya BMT-nin sülhə məcburetmə imkanları varsa, qoy bunu sınasınlar...

ATƏT bir tərəfə, BMT TŞ-nın üç daimi üzvü Minsk Qrupunda təmsil olunub. Məsələnin yenə BMT-yə qayıdacağı və ya BMT-nin sıradan üzvlərinin nəsə etməyə çalışacağı təqdirdə o 3 daimi üzv buna əngəl törətməyəcəklərmi?

Gördüyünüz kimi, hətta formal məntiq də dalana dirənir. Sanki bizi qapalı bir dairə boyunca qovurlar. Şərt də budur ki, dayanmamalısan! Lap elə bir filmdə deyildiyi kimi: «əhədi kəsilmiş atları güllələyirlər!..».

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.