Putin Bakıya 'salam və sağ ol'a gəlməz

V.Putin

MƏQSƏD ŞİMAL-CƏNUB DƏHLİZİ OLSA DA....

Hər hansı fors-major olay baş verməzsə, bu gün – avqustun 8-də Rusiya prezidenti V.Putin Bakıya gəlir. Səfərdən məqsəd - Azərbaycan, İran və Rusiya prezidentlərinin görüşünə qatılmaqdır.

Bu geosiyasi üçbucağı - Bakı-Tehran-Moskva formulunu rəsmi Bakı Türkiyə ilə Rusiyanın münasibətlərinin korlandığı bir vaxtda yaratmışdı.

Burada əsas məqsəd şimal-cənub tranzit dəhlizini inkişaf etdirmək olsa da, heç kim üçün sirr deyildi ki, rəsmi Bakı bununla o vaxt gərginləşən rus-türk münasibətlərinin mümkün fəsadlarından da sığortalanmağa çalışmışdı. Türkiyəni də narazı salmamaq üçün başqa bir geosiyasi üçbucaqda qurulmuşdu:Bakı-Ankara-Tbilisi. Beləcə, bir müddət hər iki format çərçivəsində görüş və məsləhətləşmələr keçirildi və rəsmi Bakı istər Ankara, istərsə Moskvayla eyni siyasi məsafə saxlamağı bacardı...

İndi, çox böyük ehtimalla, günün əsas məsələsi Şimal-Cənub tranzit dəhlizinin imkanlarını genişləndirməsi ilə bağlı müzakirələr olacaq. Amma güman ki, Rusiya prezidenti öz bakılı həmkarı ilə Qarabağ problemini də dartışacaq. Azərbaycan vətəndaşlarının əksəriyyətini görüşün məhz bu aspekti maraqlandırır. Məsələ burasındadır ki, sabah- avqustun 9-da Rusiya və Türkiyə prezidentlərinin də Sankt-Peterburqda görüşü gözlənilir. Cəmi iki gündən sonra - avqustun 10-da da Ermənistan prezidenti S.Sarkisian Moskvaya səfər edəcək...

Beləcə, bölgədə yeni siyasi reallıqlar yaranır. Ermənistandakı siyasi gərginlik bitməsə də, nisbətən səngiyib. Elə Türkiyədə də hərbi çevriliş cəhdinin xof və sarsıntısı tam çəkilməsə də, ölkə tədricən özünə gəlməkdə və əvvəlki həyat ritmini qaytarmaqdadır. Türkiyə - Rusiya münasibətləri də bir yerdə dayanmır, irəliləyir.

Təbii ki, bütün bunlar iyulun 2-ci yarısından başlanmış siyasi qeyri-müəyyənliyi aradan qaldırmağa və Qarabağla bağlı danışıqların əvvəlki tempini bərpa etməyə yetər.

Məncə, elə də olacaq və Ermənistanla Türkiyədə baş verən olaylar bir növ arxa plana keçmiş danışıqlar prosesini yenidən dirçəldəcək.

Buna da bax - Qarabağ danışıqları ilə bağlı nə bilirsiz? (Sorğu)

Sizin brauzer HTML5-i dəstəkləmir

Qarabağ danışıqları ilə bağlı nə bilirsiz? (SORĞU)

TÜRKİYƏ YENİDƏN DİQQƏT MƏRKƏZİNƏ GƏLƏCƏK?

Türkiyədəki hərbi çevriliş olayından az əvvəl bir maraqlı xəbər yayılmışdı. Deyilmişdi ki, Minsk qrupunun həmsədrləri Qarabağ probleminin müzakirəsi üçün Ankaraya yollanacaqlar. Bunun vaxtı da açıqlanmışdı, amma hərbi çevriliş cəhdi bu məsələni vaxtında reallaşmağa qoymadı. Ümid edək ki, həmsədrlər öz qərarlarını bir daha yada salacaq və Ankaraya səfər edəcəklər. Axı Qarabağ problemini Türkiyəsiz çözmək qeyri-mümkündür. Birincisi, bu ölkənin Azərbaycana böyük təsiri var. İkincisi, Ermənistana tətbiq olunan blokadanın götürülməsi əhəmiyyətli dərəcədə Türkiyənin qərarından asılı olacaq. Üçüncüsü, Türkiyə ilə Rusiyanın normallaşan münasibətləri nizamlanma prosesinə öz töhfəsini verə bilər.

Bu səbəbdən şəxsən mən ümidliyəm. Bir daha deyirəm ki, V.Putin-in aralıq planı qəbul olunmasa, proses yenə dalana dirənəcək. Və istisna deyil ki, məsələnin çözümü yenidən hərbi müstəviyə qayıdacaq. Bu isə hər iki tərəfin canlı itkiləri və izafi hərbi-texniki məsrəfləri deməkdir...

ERMƏNİSTAN PREZİDENTİNİN MOSKVA SƏFƏRİNİN SƏBƏBLƏRİ

Lap əvvəldə yazdım ki, Ermənistan prezidenti avqustun 10-da Moskvaya yollanacaq. Bu, V.Putin-in Bakı səfərindən, Türkiyə və Rusiya prezidentlərinin Sankt-Peterburq görüşündən sonraya təsadüf edir.

Düzdür, səfəri başqa aspektlərdən də yozanlar var. Kimi deyir, Sarkisian Rusiyadan yeni maliyyə yardımı almaq üçün Moskvaya gedir. Kimi də diqqəti belə bir məqama yönəldir ki, bir neçə ay öncə Moskvanın Ermənistana 200 milyon dollarlıq hərbi yardım qərarı hələ də icra olunmamış qalır...

Amma düşünürəm ki, V.Putin Ermənistan prezidentinə Azərbaycan və Türkiyə prezidentləriylə görüşlərinin təfərrüatlarını da çatdırmağa çalışacaq. Təbii ki, Ermənistandakı durum da müzakirə olunacaq. Sarkisian, hələlik, ölkədəki vəziyyətə nəzarət edə bilsə də, təşviş və narahatlığa xeyli əsas qalır.

Ən azı, belə bir detalı qeyd etmək lazım gəlir ki, Rusiya Qarabağ münaqişəsində bitərəf mövqe tutmağa cəhd göstərəndə, Azərbaycandan və Ermənistandan bərabər məsafə saxlamağa çalışanda Yerevanda anti-Rusiya ovqatı güclənir və belə hallarda ölkədə ciddi siyasi dayaqları olmayan Ermənistan qərbçiləri də dirçəlirlər. Təbii ki, Rusiyanın özü də bu məsələyə biganə qala bilməz...

Buna da bax - S.Lavrov: 'Müsbət nəticəyə indiyədək olduğundan daha çox yaxınıq'

Sizin brauzer HTML5-i dəstəkləmir

S. Lavrov: "Müsbət nəticəyə indiyədək olduğundan daha çox yaxınıq"

BÜTÜN PLAN İKİ CÜMLƏYƏ SIĞSA DA...

Bütövlükdə baxanda, Qarabağ məsələsində vəziyyət Rusiyanın mövqe və davranışından çox asılı olacaq. Münaqişə tərəflərinin hər ikisi «möhkəm aralıq status» məsələsinə şübhə və tərəddüdlə yanaşsalar da, Rusiya onlara, özəlliklə Ermənistana təzyiq göstərməklə durumu nizamlaya bilər. Düzdür, problem çözülməzsə, Putin planını da rəfə qaldırılarsa, yenə Rusiya heç nə itirməz. Ən azı ona görə ki, bu halda da Bakı və Yerevan Rusiyanın siyasi orbitində qalmaqda davam edəcək.

Amma Rusiyanın öz planları da var. Birincisi, Rusiya məsələnin yenidən hərb müstəvisinə qayıtmasını istəmir, çünki bu halda özü də çətin seçim qarşısında qalır – nə Ermənistanı ata bilir, nə də ki, Azərbaycandan keçə bilir...

İkincisi, məsələdə irəliləyişin əldə olunması siyasi-diplomatik vektor kimi Rusiyanı da gücləndirə bilər. Qarabağda Rusiya nəyəsə nail olsa, bu halda onun digər münaqişələrdəki mandatı da güclənər.

Üçüncüsü, sirr deyil ki, Rusiya Azərbaycanda öz hərbi varlığını bərpa etmək və münaqişə bölgəsinə sülhməramlılarını gətirmək istəyir. Putin bundan ötrü prosesin nizamlanmasının birinci fazasını başa çatdırmalı – ən azı, ilk 5 rayon Azərbaycana qaytarılmalı və Dağlıq Qarabağa da «möhkəm aralıq status»u verilməlidir.

Bəli, ilk baxışda çox sadədir - bütün plan ikicə cümlədə tam ifadəsini tapır. Amma onun həyatda öz ifadəsini tapması üçün Rusiya hələ nə qədər vurnuxmalı və çalışmalıdır! Edəcəkmi bütün bunları? Bilmirəm. Tək onu bilirəm ki, çox gözləmək lazım gəlməyəcək. Siyasi həll variantlarının detalları illərlə işlənsə də, onların yekun müzakirəsi elə çox çəkmir. O üzdən, ən azı, bu ilin sonuna çox şey su üzünə çıxacaq...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.