"Praqa baharı"ndan Praqa payızına...

Praqa

Bloq
Sevda İsmayıllı

Praqada “çörək növbəsi” gördüm...

Praqalılar iqamətgaha baxmaqla öz prezidentlərinin ölkədə olub-olmadığını bilirlər

İndi səfər təəssüratları yazmaq dəb deyil. Səbəbi aydındır: İnsanlar, ən azı, ötən əsrə nisbətən daha çox səyahət edir, hər şeyi öz gözləriylə görürlər. Bir də ki, gözəlim internet bu işdə hər kəsə yardımçı olur.

DANIŞIR AZADLIQ RADİOSU!

Elə mən də Praqaya səfər edəndə, nə isə yazmaq fikrində deyildim. Sadəcə, mənim üçün doğma radionun yerləşdiyi şəhəri görmək, çoxdankı arzum idi. Və birdən belə bir səfərin gerçəkləşə biləcəyi xəbərini aldım.

Praqanın şərqi Avropanın ən gözəl şəhərlərindən olduğunu çox eşitmişdim. Amma düzü, belə təəccüblənəcəyimi ağlıma gətirmirdim...

ÇEXİYA RESPUBLİKASI - “MƏXMƏRİ BOŞANMA”

Ölkə müstəqilliyini bizimlə eyni ildə - 1918-ci ildə əldə edib. II Dünya Müharibəsindən sonra sovetlərin cənginə keçib və “kommunist bloku” dövlətinə çevrilib.1968-ci ildə ölkədə “Praqa Baharı” hərəkatı baş verib. Ancaq “Varşava Müqaviləsi” ölkələrinin buraya qoşun yeritməsi onların “insan üzlü sosializm” yaratmaq arzusunu əngəlləyib. Hərəkat zor hesabına yatırılıb. 1989-cu ilin “məxməri inqilab”ından sonra ölkə SSRİ-nin Avropa əlavəsi olmaqdan qurtulub və dinc yolla iki dövlətə- Çexiya və Slovakiyaya bölünüb. Bu bölünməyə “məxməri boşanma” deyilir. Yəni hər iki ölkənin razılığıyla, savaşsız-filansız. Çexiya NATO-nun və Avropa Birliyinin üzvüdür. Şengen zonasına daxildir. Amma ölkədə avroya tam keçid reallaşmayıb. Alış-veriş, hələ də, çex pulu - kronla aparılır. Kron, uzun illərdir ki, qorxusuz-ürküsüz yaşayır.

QARAQABAQ ÇEXLƏR

Vltava çayı

Bizi hava limanından qalacağımız yerə gətirən taksi şoferinin timsalında bu qənaətə gəldim. Bütün yolboyu radioda bir əyləncəli tok-şounu dinləyən sürücünün dodağı qaçmadı. Tok-şouda bir aktyor çex dilində aramsız nə isə danışır, ətrafdakıları güldürür, sürücü isə heç nəyi vecinə almadan maşını sürürdü. Axırda dözməyib rusca bu adamın kim olduğunu soruşdum. “Zindulla” dedi (çexlər rusca bir az başa düşürlər-elə ingilis dilini necə bilirlərsə, - o cür). Bu bir şöhrətli aktyorun teatrıymış. “Nədən danışır”-deyə təkrar soruşdum. “Ötənləri xatırlayır”-cavabını aldım. “Bəs siz niyə gülmürsüz” sualımı yüngülcə gülüşlə cavabladı sürücü. Buna da şükür!

ÇEXLƏR XOŞBƏXT GÖRÜNMÜRLƏR...

Kənardan çexlər heç də xoşbəxt görünmürlər. Sifətləri qayğılı və düşüncəlidir. Şəhəri dolaşan turistlərə də etinasızdırlar. Amma təsadüfən şəhərin baş meydanında rastlaşdığımız bir hadisə bunun heç də belə olmadığını göstərdi.

“2015-DƏ VƏZİYYƏT BELƏDİR. 2050-DƏ NECƏ OLACAQ?”

Çexiyanın müstəqillik gününün bayram edildiyi bir zamanda (1989-cu ildə kommunist rejiminə son qoymuş “Məxməri inqilab”ın ildönümündə) şəhərin baş meydanına millətçilər yığışmışdı.

Praqada mitinq

​​“İslama Qarşı Blok” adlanan təşkilatın etiraz mitinqinə toplaşanlar əllərində antiislam plakatlar tutaraq, miqrantların Avropaya axınına etiraz edirdilər. Mitinqə toplaşanların əllərindəki plakatlarda “Biz Praqanın Parisə çevrilməsini istəmirik” şüarı yazılmışdı. Nümayişə prezident Milos Zeman da qoşuldu və qələbəlik daha da artdı. Zeman öz çıxışında İslam fundamentalizmindən doğan təhlükələri pislədi. Axşamüstü meydanın düz yanında yerləşən restoranda şam edərkən, prezident Zemanın sözlərini antiislam çıxış kimi yozan və bunu pisləyən ruslarla türkləri gördük. Onlar nümayişçilərin bəzilərinin əlində silah olduğunu, polis olmasa, vəziyyətin heç də yaxşı nəticələnməyəcəyini söyləyirdilər. Yeri gəlmişkən, BMT insan haqları komissarı Zeyd Raad al-Husseyn Çexiya prezidentini islamofob bəyanatlarına görə tənqid etdi. Günortadan başlayan mitinq, axır ki, qaranlıq düşəndə sona şatdı...

PRAQA METROSU ƏSL DİNCƏLİŞ YERİDİR

Praqa metrosunda çox sakitlikdir. Adamlar həmişə seyrək olur. Oturmağa da mütləq yer tapılır. Əgər olmasa belə, cavanlar yaşlılara yer verirlər. Amma bizdəki kimi gənc kişilərin gənc qızlara yer göstərməsinə rast gəlmədik. Təkcə yaşlılara. Metroda ancaq kitab reklamı, şəhərdə baş tutacaq sərgilər, konsertlər və s. barədə xəbərlər verilir. Metro gedişinə heç bir nəzarət gözə dəymir. Hər şey vicdana buraxılıb. Amma orda daimi yaşayanlar hərdən nəzarətin və yüksək cərimənin tətbiq olunduğunu söyləyirlər.

“ÇÖRƏK NÖVBƏSİ”

Yox, elə bilməyin ki, Praqada çörək növbəsinə rast gəldim. Bu, ötən əsrin 50-ci illərində, daha doğrusu, 1955-62-ci illərdə Praqanın ən uca yüksəkliyində qoyulan nəhəng bir abidəyə xalqın istehzayla verdiyi addır. Dünyada Stalinin şərəfinə ucaldılan ən böyük abidə (14 min tonluq) Sovet ordusunun Çexoslavakiyanı “azad etməsinin” 10 illiyində qoyulubmuş və “Çexoslavakiya xalqından onu azadlığa çıxarana” adlanırmış. Amma xalqın abidədə adamların ard-arda düzülüşünə (Stalin və fəhlə-kəndlilər) və sosializmin gətirdiyi aclığa verdiyi ad fərqli olub – “Çörək növbəsi”... Abidənin açılışına gələn sovet rəhbəri Nikita Xruşşov heykəltəraşa Lenin ordeni verməyi də unutmayıb. Di gəl, bu abidənin ömrü uzun olmayıb - 1962-ci ildə 3 partlayışla dağıdılıb və yerində “Metronom” ucaldılıb - görk olsun deyə. Çexlər rəhbərə yaltaqlığı, sitayişi, ən ümdəsi, diktaturanı 3 ard-arda partlayışla cəzalandırıblar.

Abidənin partladılması

​Həm də, metronomla zamanı saxlamağın mümkünsüzlüyünü ifadə edərək...

PRAHA-PRAQA GÖZƏLLƏR- GÖZƏLİDİR

Vita məbədi

Praqanı gəzməklə doymaq olmur. Sanki bu şəhərə göydən abidələr yağıb. Və bu saraylar, kilsələr, qüllələr, qədim tikililərin qırmızı damları şəhərə sehrli gözəllik verir. Bir də Praqada köhnə şəhər bitmir-tükənmir. Gəzdikcə-gəzirsən, ta ayaqların üzülənəcən... Hər addımda insan əlinin yaratdığı möcüzələrə heyran kəsilirsən, ona təslim olursan...Bax, şəhərin ən böyük özəlliyi, fikrimizcə, budur.

Köhnə şəhər

Praqa səni səndən alır və başqa dünyaya götürür. Yer üzündə neçə belə şəhər var, görəsən?..

KARLKÖRPÜSÜ - PRAQANIN BAŞ TACI...

Bu körpü (çexcə “Karlův most”, ingiliscə “Charles Bridge”) XIV əsrdə salınıb.Vltava çayı ilə Praqanın 5 rayonunubirləşdirir (Qədim şəhəri-Stare mesto, Kiçik şəhəri-Mala Strana, Qradçanı, Yəhudi şəhərini və Yeni şəhəri-Pove Mestonu). Uzunluğu 520 metr, eni 9, 9 metr olan bu möhtəşəm körpünü 16 möhkəm tağ saxlayır. Körpünü bənzərsiz və sehrli edənsə dövrün ən məşhur ustalarının yaratdığı 30 möhtəşəm heykəldir.

Karl körpüsü

​Əvvəllər Praqa körpüsü deyə çağrılıb, daha sonra onu tikdirən IV Karlın şərəfinə “Karlův most”. Körpünün üstündə niyyət tutmaq üçün yer də var. Deyilənə görə, bu müqəddəs yerdə tutulan niyyətlər mütləq gerçəkləşir. Amma... niyyət maddi olmamalıdır.

Karl Körpüsü turistlərin ən sevimli məkanıdır. Günün ən soyuq zamanında belə körpünün üstündən izdiham əskik olmur. Və bu da təbiidir. Sehrli körpünün üstündə sanki zaman dayanır. Orta əsrlərə düşürsən. Vltava çayına açılan bənzərsiz mənzərə, hər addımbaşı qarşılaşdığın nəhəng heykəllər adamı orta əsrlərə sürükləyir. Ancaq oxuyan musiqiçilər, müxtəlif rəsmlər satan satıcıların səsləri, ara-sıra körpünün soyuq döşəməsinə sığınan donuqsifətli qəribə geyimli, qəribə baxışlı dilənçilərin lal sükutu səni reallığa qaytarır...

“KUKUŞKA” - BANLAYAN XORUZ, GƏZİŞƏN HƏVARİLƏR...

Praqada cəlbedici Karl körpüsündən heç də geri qalmayan məkanlar çoxdur. Onlardan biri- Pražský orloj – Prajskie kurantı - saatlı binadır. Orta əsrlərə məxsus saat Staromeski meydanında yerləşir.

Azerbaijan--Prague view

Saat ili, ayı, günü, vaxtı, Günəşin doğuşunu, qürubunu və hətta Zodiak işarələrinin yerini göstərir. Siferblatın düz ortasında Yer ətrafına dönən Günəş əks olunub. Hər saatbaşı zəng çalınanda, orta əsr kukla teatrı ənənələrindən qaynaqlanan minitamaşa göstərilir. İnsan günahlarının və insan həyatının ölüm və ya günahçıxarma kimi dominantlarını təcəssüm etdirən xırda fiqurlar tərpənməyə başlayır: Skelet zəngin ipini dartır və mələk cəza qılıncını qaldırıb-endirir. Saat bacalarından həvarilərin (apostolların) üzü bir-birini əvəzləyir və axırda xoruz banlayır. Ardından saat çalır...

İYNƏ ATSAN, YERƏ DÜŞMƏZ

Saatın ən köhnə hissəsi 1410-cu ilə aiddir. Sonrakı əsrlərdə saatın üzərində bəzi dəyişikliklər olub. Məsələn, hərəkət edən fiqurlar XVII əsrdə artırılıb və s. II Dünya Müharibəsinin toplarısaatı da vurub... 1945-ci ilin mayında almanlar gizli radio verilişləri yayımlayan çexləri atəşə tutublar.

Yanğın çıxıb və saatlı binanın ətrafı, saatın özü, bir də ağacdan düzəldilmiş apostollar – həvarilər ziyan çəkib. 1948-ci ildə ağac ustası Vojtěch Sucharda apostolları bərpa edib və uzun təmirdən sonra saat təzədən işləməyə başlayıb. İndi hər gün bu binanın qabağında iynə atsan, yerə düşməz. Müxtəlif ölkələrdən gəlmiş turistlər hər saatbaşı banlayan xoruzu, gəzişən apostolları görmək üçün bu məkana toplaşıb həsrətlə gözləyirlər. Etiraf edim ki, mən bu sevimli fiqurları düz 3 dəfə seyr etdim:).

“POZOR!”

Çex dili rus dilinə bir qədər bənzəsə də, bütün qohum dillərdə olan gülməli ayrıcalıqlar ondan da yan ötməyib. Məsələn, çexlər “Pozor!” deyirlərsə, bu, ruslardakı “ayıbdır” anlamına gəlməz. Onlar, sadəcə, “Diqqət!” demək istəyirlər. Və yaxud, çexlər stüardessaya - letuçka, “duxi”yə, yəni ətirə “vonyuçka”, “xoroşiy”ə (“yaxşı”ya) “ujasna” deyirlər...

PREZİDENT “ŞKODA”DA GƏZİR...

Prezident sarayı

Praqalılar öz prezidentləri haqqında qorxusuz-ürküsüz danışır, onun sadə həyat tərzi keçirdiyini vurğulayırlar. Bilmirəm bu nə dərəcədə ağlabatandır. Bələdçidən soruşanda ki, prezident şəhərdə bir yandan o biri yana gedərkən yol hərəkəti tıxanırmı? – o, bərkdən güldü...Yəni ölkə başçısı hamı kimi-adi qaydada yoluna davam edirmiş... Bələdçi prezidentin maşınını da göstərməyi unutmadı. Onun heç bir markanı xoşlamadığını, ancaq çex istehsalı olan “Şkoda”da gəzdiyini bildirdi. Amma cənab prezidentin boyu çox uca olduğuna görə, onun üçün məxsusi “Şkoda” hazırlandığını da sözlərinə əlavə etdi. Onun dediyinə görə, Çexiya prezidentləri hər zaman xalq arasında olmağı xoşlayırlar. Bələdçimiz keçmiş dövlət başçısı Vatslav Klausu 2 dəfə mərkəzdə ekskursiya apararkən gördüyünü bizə danışdı. Prezident qarşısına çıxarkən necə çaşdığını, daha sonra turistlərə “indi qarşınızda Çexiya prezidenti Vatslav Klausu görürsünüz” dediyini və turistlərin bu sözləri zarafat sandıqlarını gülərək söylədi.

PREZİDENT ŞƏHƏRDƏDİR!

Prezident sarayı

​Hə, praqalılar öz prezidentlərinin ölkədə olub-olmadığını iqamətgaha baxmaqla bilirlər. Əgər dövlət bayrağı iqamətgahın üstündə dalğalanırsa, demək, prezident ölkədədir. Yox, əgər bayraq salınıbsa, səfərdədir... Biz bayrağın əzəmətlə dalğalandığını gördük. Demək, prezident ölkədədir və təbii ki, vətəndaşın öz başçısının harda olmasını bilməyə haqqı var.

“PRAQA BAHARI”... HƏR YERDƏ DUYULUR

Praqada, az qala, hər yönə səfər zamanı 1969-cu il yanvarın 5-də başlayan “Praqa Baharı”nı xatırladırlar. Şəhərin baş meydanı - Vatslav meydanı bir yana (tələbə Jan Palach 1968-ci il yanvarın 19-da o meydanda özünü yandırıb), elə Karl körpüsünün altından axan Vltava çayını gəmiylə gəzməyə çıxanda belə “Praqa Baharı”nın qəhrəmanı olan o gənci turistlərin yadına salırlar.

Jan Palach

Qarşı sahildəki bir tarixi tikilidən söz açırlar və vaxtilə orada Karl Universitetinin yerləşdiyini, sovet qoşunlarının Praqaya girməsinə etiraz olaraq özünü yandıran Jan Palach-ın fəlsəfə fakültəsinin tələbəsi olduğunu vurğulayırlar... Jan Palach-dan sonra daha 26 nəfər bu işğalla barışmayaraq özünü yandırmağa cəhd edib. Onlardan 7-si ölüb. Vatslav meydanında indi qurbanların ikisinin - Jan Palach-ın və Jan Zaits-in xatirəsinə güllərdən toxunmuş abidə var.

AZADLIQRADİOSU...

Praqalıların doğma şəhərlərində heç unutmadığı bir məkan da var. Məsələn, bələdçi şəhərin baş meydanında turistləri gəzdirərkən, vaxtilə parlamentin olduğu binanın qarşısında dayanır, onun tarixçəsini danışır və fəxrlə əlavə edir: “Vaxtilə Vatslav Havel-in prezidentliyi dövründə, onun istəyilə AzadlıqRadiosu Münhendən Praqaya köçərək bu binada yerləşmişdi. Sonra Praqada radioya xüsusi bina tikildi...”. Praqalıların turistlərə fəxrlə göstərdiyi bir məkan da var: Kafka muzeyi.

Kafka muzeyi

ALLI-GÜLLÜ, BAKI...

Dediyim kimi, Praqa başdan-ayağa nağıllar şəhəridir. Geniş küçələr, əzəmətli prospektlər Bakı kimi kompakt bir şəhərdən gəlmiş turisti həmən ovsunlayır. Hətta şəhərin döşəndiyi daş da səni heyrətləndirir. Praqada bütün şəhərin küçələri ağ-qara rəngli eyni daşla örtülüb. Qeyri-ixtiyari hər mağazanın, hər idarənin ürəyi istəyən kimi döşədiyi, müxtəlif rənglərə boyadığı allı-güllü Bakını xatırlayırsan... Bir də, ən önəmlisi, Praqada qədim şəhərə-köhnə şəhərə toxunulmayıb. Hələ ötən əsrin 30-cu illərindən uca binaların tikintisi qadağan olunub. Sosializm dövründə ucaldılan “qutu” evlərsə şəhərin tarixi hissəsindən kənarda tikilib. Ümumiyyətlə, bu şəhərdə hündür binalar gözə az dəyir, olanlar da mərkəzdən uzaqdadır. İstər-istəməz Bakının xaotik tikintisini, “Sahil” və “Nizami” metrosunun üstünə pərçimlənən yamaq göydələnləri xatırlayır və ürək yanğısı ilə “Can Bakı!” deyirsən...

BAKI. 2016-NIN YANVARI...“PRAQA BAHARI”NDAN PRAQA PAYIZINA...

Əziz oxucu! Lap uşağlığımdan haqqında pıçıltı ilə danışılan “Praqa baharı”ndan Praqa payızına atüstü ekskurs etdik. Kiçik bir yazıda Praqa payızının gözəlliyini, “Praqa Baharı”nın 48 ili aşan tarixinin gizlinlərini, şəhərin adamı sehrləyən möhtəşəm tikililərinin tarixçəsini sizlərə çatdırmaq mümkünsüzdür. Praqadan qayıtdığım ayyarım ərzində, ara-sıra, səfər təəssüratlarını sizlərlə paylaşmaq ağlımdan keçsə də, bunu ancaq 2016-nın ilk günlərində - istirahət vaxtlarında gerçəkləşdirə bildim. Qarlı Bakının soyuğunu, gücsüz manatı, sanki çarəsiz Vətəni bir anlığa unudaraq...