'Maşınımı sürürəm'in müəllifi dünyadan köçdü

Sizin brauzer HTML5-i dəstəkləmir

Uşaq mahnıları çoxalacaq

2016-cı il avqustun 31-də Azərbaycanın ünlü bəstəkarı Oqtay Zülfüqarov həyata gözlərini əbədi yumdu...

Ölkə mediasında onun dünyadan köçmə xəbəri üç-beş sətirlik nekroloqda əksini tapdı. Təxminən belə: «Səhər saatlarında evində keçinən 87 yaşlı bəstəkar Təzəpir məscidində düzənlənən vida mərasiminin ardından II Fəxri Xiyabanda torpağa tapşırıldı».

Vəssalam.

MANATIN ÇÖKÜŞÜ, MƏHKƏMƏNİN GEDİŞİ...

Zatən, təəccüblü nə vardı ki?

Bürkülü Bakı yayı, məzuniyyətlər dönəmi, üstəlik, insanların biganələyi bir zamanların sevilən bəstəkarının yoxluğunu tezcə unutdurmalıydı...

Ölkə başqa sevdalardaydı.

Ölkə manatın çöküşünü izləyir, «MTN çetesi»nin məhkəməsini gözləyirdi.

«Milyonlar yediyi» söylənən bir bankirin etiraflarından titrəyirdi.

Ara-sıra cibində «narkotik tutulan», ya da qanunsuz sahibkarlıqda suçlanan ictimai fəalların həbsxana sərgüzəştləri də dolaşır, hətta manata həsr olunmuş şeirlər oxunurdu...

Bütün bunlar varkən, 87 yaşlı bəstəkarın dünyadan köçməsi necə yaddaqalan bir olay ola bilərdi?

QARA QARAYEVİN TƏLƏBƏSİ...

Amma Oqtay Zülfüqarov sıradan bir bəstəkar deyildi, axı.

Oqtay Zülfüqarov Qara Qarayevin tələbəsi idi!

Oqtay müəllim uzun, lap uzun bir dönəmə damğasını vurmuş bəstəkar idi.

Həyatı boyunca bir çox uşaq musiqi kollektivlərinin yaradıcısı, televiziya verilişlərinin aparıcısı, neçə-neçə əsərin müəllifi olmuşdu.

İndi ahıl çağını yaşayanlar onun mahnıları ilə böyümüşdü.

«Ala-bula boz keçi», «Ay pipiyi qan xoruz», «Can nənə», «Sərçə», «Maşınımı sürürəm» və başqa mahnıları necə unutmaq olar?

BAKININ SİMVOLLARINDANDI...

Bir də, Oqtay müəllim Bakının canlı simvollarından idi.

Bakıda doğulmuşdu, bütün ömrünü bu şəhərdə yaşamışdı.

70-80-ci illər Bakısında onu hər zaman Hüsü Hacıyev küçəsində (indiki Azərbaycan prospekti) addımlayan görərdin.

Başında beret, üzündə mülayim, kübar bir ifadə.

Uşaq mahnılarının böyük bəstəçisi özü də uşaq kimi saf-məsum qalmışdı.

Ölənədək bu yolda çalışdı.

Azərbaycan musiqisinin indiki halından ürək ağrısıyla söz açdı.

Yeni uşaq mahnılarının az yarandığına üzüldü.

Xatırlayıram, bir neçə il öncə uşaq mahnılarıyla bir layihəyə də qatıldı.

Ondan müsahibə almışdım.

Ağır xəstə olsa da (Oqtay müəllim ürək-böyrək çatışmazlığından əziyyət çəkir, vaxtaşırı dializə gedirdi), bu problemin çözülməsinə çalışırdı...

«NEFT VƏ MİLYONLAR SƏLTƏNƏTİ»NDƏ YOXSUL YAŞAMAQ...

Oqtay müəllim bu dünyadan xoşbəxt getdi.

Müsahibələrində özü bunu dönə-dönə vurğulamışdı.

Başqa ölkədə yaşasaydı, yazıb-yaratdıqları ona sərvət qazandırardı, amma...

Amma Oqtay müəllimin alnına «neft və milyonlar səltənəti»ndəyoxsul yaşamaq taleyi yazılmışdı.

Yoxsul, ancaq xoşbəxt!..

BAKI, HÜSÜ HACIYEV KÜÇƏSİ, ŞAİR VƏ BƏSTƏÇİLƏR EVİ

Oqtay müəllim bütün həyatını elə keçmiş Hüsü Hacıyev küçəsindəki şair və bəstəkarlar evində yaşadı.

Qızmar Bakı yayında son mənzilə də oradan yola salındı.

31 rəqəmini də incitmədi.

1929-cu il mayın 31-də dünyaya gələn Oqtay Zülfüqarov 2016-cı il avqustun 31-də səssiz-səmirsiz, təmtəraqsız bu dünyadan köçdü.

Ruhu şad olsun!

Gözəl nəğmələri həmişə dünyada qalacaq, nəvə-nəticələrimizlə olacaq!

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.