İri addımlarla üzü monarxiyaya...

İlham Əliyev və Mehriban Əliyeva

EŞQ OLSUN BELƏ OPERATİVLİYƏ!

Hər şey gözlənildiyi kimi oldu. Konstitusiya Məhkəməsi dərhal - rekord sayılacaq qədər qısa müddətdə Ana Yasaya təklif olunan düzəlişləri bəyəndiyini, olası dəyişikliklərin hər hansı ziddiyyətə yol açmadığını bildirdi...

Başqa cür ola da bilməzdi. Şəxsən mən Konstitusiya Məhkəməsinin verdiyi rəyin məzmununa deyil, bu rəyin operativliyinə daha çox heyrətləndim. Digər məsələlərdə də belə sürət nümayiş etdirilsəydi, buna yalnız sevinmək olardı...

KONSTİTUSİYADA NƏLƏR NECƏ DƏYİŞİR? -

KİMLƏRDƏNSƏN, A BALA?

Təklif edilən düzəlişlərin məzmunu, çox dərin və geniş olmasa da, mediada işıqlandırılıb. Ümid bəsləmək olar ki, Azərbaycan vətəndaşları o məzmundan az-çox yetikdirlər.

Deyim ki, hətta buna da sevinməyə dəyər və nə yaxşı ki hakimiyyət müxtəlif qanun dəyişikliklərinin məzmununu cəmiyyətə çatdırmaq «əzabına» qatlaşır və hələlik, bu işi artıq yük saymır...

Çox qısaca xatırladım: Konstitusiyaya düzəlişlərdə prezidentə parlamenti buraxmaq, ona növbədənkənar prezident seçkisi təyin etmək yetkisi verilir. Prezidentlik müddəti 5 ildən 7 ilə yüksəldilir, vitse-prezidentlər institutu yaradılır, bu vaxtadək 35 olan prezidentliyə seçilmək yaşına və 25 olan parlamentə seçilmək yaşına indən belə gərək qalmır. Qısası, yaş məhdudiyyəti götürülür...

Təbii ki, bunlar hələ gerçəkləşməyib və söhbət referenduma çıxarılacaq təkliflərdən gedir.

Buna da bax - İlqar Məmmədov referendumdan yazdı

Yeni təkliflər qəbul edilsə (ki, Azərbaycan şərtlərində buna şübhə edən tapılmaz), dünya təcrübəsində ən təməl hüquqlardan sayılan mülkiyyət hüququnun da məhdudlaşdırılmasına yol açılacaq. Doğrusu, ümid edirdim ki, Konstitusiya Məhkəməsi, heç olmasa, bu məqama bir az diqqət yetirər, amma... olmadı.

Umurdum ki, bir başqa məqam – seçicilərə yaş məhdudiyyəti də götür-qoy edilər. Axı əksər ölkələrdə belə məhdudiyyətlər təbii qarşılanır. Anlamı, hədəfi də odur ki, milləti təmsil etməyə və ya ona rəhbərlik etməyə hazırlaşan şəxsin bəlli həyat təcrübəsi və uyğun biliyi olmalıdır. Düşünürdüm ki, Məhkəmə bu təklifi onun müəllifinin xətrinə dəymədən, incə-mincə sözlər və daşdankeçər hüquqi arqumentlərlə rədd edər. Bu da olmadı...

Görünür, düşünürlər ki, Azərbaycanda belə şeylərə ehtiyac yoxdur, çünki burada bir çox məsələlərin həlli hüquq və siyasi məntiqin prinsiplərinə deyil, genetika qanunlarına dayanır. Başqa sözlə, hər hansı vəzifəyə irəli sürülməkdən ötrü şəxsin həyat təcrübəsi və biliyi yox, lap camaat arasında deyildiyi kimi, «kimlərdən» olması daha çox önəmlidir. Bəli, burada, istər-istəməz, bizim ağsaqqalların ən çox sevdiyi «Kimlərdənsən, a bala?» sualı yada düşür...

Hüquqşünas: "Həmin hakimlər monarxiyanı qanuniləşdirdilər"

Sizin brauzer HTML5-i dəstəkləmir

Hüquqşünas: "Həmin hakimlər monarxiyanı qanuniləşdirdilər"

KONSTİTUSİYADIR, YOXSA PARTİYA NİZAMNAMƏSİ?

Qərəz, 1995-ci ildə qəbul edilən qanuna sayca 3-cü düzəliş olacaq. Hər 7 ilə, orta hesabla, bir düzəliş paketi düşür...

İlk düzəlişlərə təşəbbüs göstərərkən, ölkənin Avropa Şurasına üzv olmasının müəyyən «hüquqi reallıqlar» yaratdığını bəhanə gətirdilər. Amma o düzəlişlərdən ən yadda qalanı proporsional seçki sisteminin tam ləğvi oldu...

İkinci düzəliş paketinin anonsu bu təkliflərədək Milli Məclisdə, həm də dəfələrlə səsləndirilmişdi. Hakim partiyanın təmsilçiləri, yeri gəldi-gəlmədi, «Lazımsa, Konstitusiyanı da dəyişərik!»- deyirdilər.

Adam az qalırdı bağırsın ki, əcəba, bu Konstitusiya sizin partiyanızın nizamnaməsidirmi, istədiyiniz vaxt dəyişəsiniz? Amma kimə deyirsən?!. Amma nə qoyub, nə axtarırsan?!.

Dedilər və «söz»lərini tutdular! Beləcə, Ali Qanuna ikinci düzəliş «dəsti» gerçəkləşdi və ən əsası, iki dəfədən çox prezident olmaqla bağlı məhdudiyyət götürüldü...

Buna da bax - Əkrəm Həsənov: "Məqsəd baş nazir postuna güclü şəxs gətirməkdir"

Sıra çatdı 3-cü düzəliş «dəsti»nə. Bəli, 5 il 7 il olacaq. prezidentliyə və parlamentə hətta orta məktəbi yenicə bitirən və imtahanlardan ellikcə kəsilən abituriyentlər dənamizəd ola biləcəklər. Axı bunun nəyi pisdir?! Uşaq, yeniyetmə və gənclərin hüquqları baxımından hətta «ABŞ-dan da irəlidə olan» (inanın, çox «ciddi» adamlar belə deyir!) ölkə bir daha «iri addımladı»...

Bəli, soruşmaq olardı ki, 5 ili 7-yə çatdırmaq nəyə lazımdır? Formal bir şey deyilmi bu? Bəli, formaldır. Amma bu ölkənin hakim siyasi elitası «şərti formallıq»larla özünü yormaq istəmir...

Yaxud daha anlaşıqlı dildə desək, bunlar hətta 5 ildən bir keçirilən formal, nəticəsi ən kiçik təfərrüatınacan öncədən bilinən seçkilərə getməyi də öz personalarına əziyyət, bəlkə də həqarət sayırlar!..

Konstitusiyaya dəyişiklik təkliflərinin şərhi

Sizin brauzer HTML5-i dəstəkləmir

Konstitusiyaya dəyişiklik təkliflərinin şərhi (VİDEO)

Ya da soruşmaq olardı ki, prezidentə parlamenti buraxmaq səlahiyyəti vermək nəyə lazım idi? Onsuz da parlament icra hakimiyyətinin aciz «artırma»sı deyilmi? Elə parlament də həmin ədalətsiz və formal «seçkilər»də seçilməyibmi? Və ya parlament, az qala, eyni partiya təmsilçilərindən oluşdurulmayıbmı?!

Bəli, bu sualların hamısına bir cavab vermək olar: HƏ, ELƏDİR. Di gəl, bir ciddi məqam var. Hakim siyasi elita özünü ayrıca, əlahiddə bir partiya saysa da, hətta bu partiyaya YAP-a da güvənmir. Axı böyük hakimiyyət həm də böyük qorxu deməkdir. Üstəlik, bu qorxu birtərəfli olmur. Nə qədər qəribə olsa da, cəmiyyət onu idarə edənlərdən, idarə edənlərsə hamıdan qorxur və kimsəyə güvənmir!..

MONARXİYANIZ MÜBARƏK!..

Avtoritar və totalitar sistemlərin tək «yaxşı» özəlliyi odur ki, «proqnoz» vermək asandır. Ona görə, elə indidən demək olar ki, əvvəlki iki düzəliş paketi necə «bəyənilib»sə, bunlar da eləcə «bəyəniləcək»!..

Düzdür, bir-iki müxalifətçi və ya siyasi fəal qımıldanmağa çalışdı. Di gəl, bunun özü də hakimiyyətin aktivinə yazılır. Belə təsəvvür yaranır ki, cəmiyyət və onun ayrı-ayrı fərdləri, qurumları təklifləri təhlil və müzakirə edirlər!..

Mənim diqqətimi başqa detal özünə çəkdi. AXC hakimiyyətinin əsas funksionerlərindən birionların da hakimiyyəti dövründə vitse-prezidentlik institutunu təsis etmək planları olduğunu söylədi! Babalı öz boynuna...

İndi Azərbaycanın hər bir vətəndaşı, heç bir çətinlik çəkmədən, təklif edilən növbəti düzəlişlərin, özəlliklə vitse-prezidentlik institutu yaradılmasının hansı «zərurət»dən doğduğunu, bütün bunların kimlərə sərfəli olduğunu və nə məqsədlə edildiyinisöyləyə bilər...

Amma şəxsən məni bir sual da rahat buraxmır: Görəsən, AXC hakimiyyəti dönəmində vitse-prezidentlik institutu niyə və kimlərdən ötrü nəzərdə tutulmuşdu? Bu suala həmin o keçmiş funksionerin ağlabatan bir cavabı olduğunu düşünmürəm, axı bu ölkədə, adətən, nəyisə əsaslandırmağa cəhd göstərmirlər. Hər şey, sadəcə, ona görə baş verir ki, kimlərsə və yaxud kimsə belə istəyir...

Nə isə... Hə, az qala, bir məsələni unutmuşdum: Millətimizin uğurlarına həmişə sevinmişəm və öncədən duyuram ki, tez bir zamanda daha bir ciddi uğura imza atacaq, yəni... Yəni Konstitusiyaya sayca üçüncü düzəliş paketinə «səs» verəcək və Azərbaycan Monarxiyası qurmaqsəmtində daha bir «iri» addım atacaq. O üzdən, bu fürsəti əldən vermir və millətimizə «Monarxiyan mübarək!» deyirəm...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.