Kembricin rus professoru iPhone-nun kilidini “sındırdı”

Kembric Universitetinin kompüter professoru Sergey Skoroboqatovun metodu ilə iPhone-nun parollarını 100 dollarlıq elektron komponentlərdən istifadə etməklə açmaq olar.

Kembric professoru bu məqsədlə iPhone-nun yaddaş çiplərini nüsxələyib və ya klonlayıb, bununla da parolun zənn edilib tapılması üçün məhdudiyyətsiz giriş cəhdləri etmək imkanı əldə edib.

Bundan əvvəl ABŞ Federal Təhqiqatlar Bürosu belə bir metodun işə yaramadığını bildirmişdi.

FTB San Bernardino qətliamçısı Syed Rizwan Farook-un iPhone-na daxil olmaq üçün cəhdlər edirdi.

FTB San Bernardino qətliamçılarının telefonuna giriş axtarırdı

Farook və onun arvadı ötən dekabrda Kaliforniya ştatının San Bernardinio şəhərində İslam Dövləti adlandırılan qrupun adından 14 nəfəri qətlə yetrimişdilər. Ər-arvad əməliyyat zamanı polislə atışmada öldürülüblər.

FTB inanırdı ki, Farook-un iPhone 5C telefonunda onun mümkün terror əlaqələrinə dair qiymətli informasiya ola bilər.

Büro telefonun kodunu açmaq üçün Apple şirkətinə təzyiqlər göstərsə də, istədiyinə nail olmamışdı.

Lakin indi doktor Sergey Skoroboqatov Kembric Universitetinin laboratoriyasında dörd ay müddətində iPhone 5C-nin pin-kodları üzərində “qazıntı işləri” apararaq məqsədinə nail olub.

“Dərin qazıntı”

YouTube videosunda doktor Skoroboqatov iPhone 5C-dən əsas yaddaş sistemini saxlayan Nand çipini çıxarmasını nümayiş etdirir.

Bundan sonra alim yaddaş sistemi ilə telefonun özü arasında kommunikasiyanı araşdıraraq çipi nüsxələyə bilib.

Videoda Skoroboqatov iPhone 5C-nin bir neçə yanlış giriş cəhdindən sonra avtomatik kilidlənməsini nümayiş etdirir. Bundan sonra o Nand çipini çıxararaq onu öz surəti ilə əvəz edir.

James Comey demişdi ki, bu metod işə yaramır

Surəti çıxarılmış çipdə sayğac sıfıra qoyulmuşdu, bu isə o demək idi ki, kilidi açmaq üçün məhdudiyyətsiz sayda cəhdlər etmək olardı.

Alim bildirir ki, onun ixtiyarındakı nüsxələrin sayı çox olduğundan belə cəhdlərin sayı da sonsuz ola bilər.

FTB-nin rəhbəri James Comey bir vaxtlar demişdi ki, Nand güzgüləməsi adlanan bu metod Farook-un telefonunu açmaqda işə yaramayıb.

Skoroboqatov isə bildirir ki, dördrəqəmli kodun tapılmasına 40 saatadək vaxt sərf edib.

Burdan belə bir nəticə çıxarmaq olar ki, altırəqəmli kodun açılmasına yüzlərlə saat sərf etmək lazım gələ bilərdi.

Maraqlı soyadı

Skoroboqatov inanır ki, daha təkmil metodlardan istifadə etməklə hətta son modellərdən olan iPhone 6-nın da parolunu açmaq olar.

Lakin o etiraf edib ki, Apple-in yaddaşı banklamaq sisteminin daha dərindən öyrənilməsinə ehtiyac var.

Sergey Skoroboqatov

Apple Skoroboqatovun təhqiqatı ilə bağlı şərh verməkdən imtina edib.

FTB sözü gedən telefonun parolunun açılması üçün 1 milyon dollar təklif etmişdi.

Lakin kompüter mütəxəssisləri bu qənaətdədirlər ki, dovlət xüsusi xidmətlərinin şübhəli telefonlara giriş əldə etmək üçün hakerlərə və ya üçüncü tərəflərə müraciət etməsinə ehtiyac yoxdur.

Bunun əvəzində onlar bu işdə kömək ola biləcək proqramların yaradılması üzərində düşünməlidir.

FTB-nin edə bilmədiyini bacaran və maraqlı soyadı olan Sergey Skoroboqatov əlbəttə ki, Rusiya əsillidir.

O, Kembric Universitetində elmi dərəcəsini almazdan əvvəl Moskvadakı Mühəndislik Fizikası İnstitutunda çalışıb.