Nə oldu, hanı ciddi antiböhran proqramı?

Nazirlər Kabinetinin iclası

-

İCLAS SARIDAN BOLLUQDUR...

Böhran başlayan vaxtdan bəri hökumət o qədər çox toplantı keçirdi ki, bəlkə də bu sual bir az yerinə düşmür. Axı iclaslar işin həcminə dəlalət etməsə də, hər halda, görüntü yaratmaq gücündədir. Amma dərhal da adamın yadına V.Mayakovsky-nin çox məşhur şeri düşür. Həm də tək toplantılarla iş bitsəydi, bəlkə də sovet hökuməti 70 deyil, 170 il davam edərdi.

Reallıqsa budur ki, nisbi sabitlikdən, sarsıntı ağrılarının kütləşməsindən danışmaq çox tezdir. Böhran sürür, işsizlik çoxalır, qiymətlər cövlan edir, bahalıq, sözün əsl mənasında, bəlaya çevrilir.

Düzdür, arabir əmək yarmarkaları keçirilir, qiymətlər, azacıq da olsa, cilovlanır, amma baxıb görürsən ki, yarmarkaların məqsədi, sadəcə, insanları məşğul etmək, sosial etirazları bir az yubadıb-səngitməkdir.

GECİKMƏMİŞİK Kİ?

Ona görə də hamıda sual yaranır: görəsən, hökumətin ciddi antiböhran proqramı, xüsusən «sosial paketi» varmı?

Heç sözsüz, böhran başlayandan bir sıra addımlar atılıb və atılmaqdadır. Amma bunlar bir az da əvvəl - hələ ötən il, böhranın ilk mərhələsi başlayınca olmalı idi. Doğrusu, Avropa Oyunları ölkəni bir az gecikdirdi. O vaxt hökumət də, cəmiyyət də yüngül şok yaşadı, di gəl, bu sarsıntıdan adekvat nəticə çıxarmadı. Halbuki hələ o vaxtlar bəzi qonşu ölkələr, məsələn, Rusiya və Qazaxıstan milli valyutanın «üzən məzənnə»sinə keçmişdilər. Onda tədbirlər görülməyə başlanılsaydı, ən azı, manatın kursunun qorunmasına xərclənən xeyli vəsaitə qənaət edilib sosial proqramlara yönəldilərdi.

Hərçənd, bəlkə bir az da əvvəl - mütəxəssislər neft hasilatının kəskin düşəcəyini və ölkəyə gələn valyutanın azalacağını xəbərlərkən nəticə çıxarmaq lazım idi.

Onda hökumət dost sandığı ölkələrə (məsələn, Belarusa!) hədiyyələr edir, faizsiz və müddətsiz kreditlər verir, məmurlar da «150 - 200 milyon dollar nədir ki?!» – deyirdilər. Təsəvvür edin, indi dollarla krediti olanlara köməyə bir neçə yüz milyon dollar tələb olunur, amma bu məbləğ tapılmır. Mərkəzi Bank uzun çək-çevirdən sonra bildirdi ki, bu insanlara güzəşt etmək ölkədəki ümumi «maliyyə intizamı»nı poza bilər. Düzdür, bununla razılaşmayanlar da var. Birqrup deputatın fikrincə, məsələ hələ tam bitməyib, onun üzərində işləmək lazımdır.

Hökumət dost sandığı ölkələrə (məsələn, Belarusa!) hədiyyələr edir, faizsiz və müddətsiz kreditlər verir, məmurlar da «150 - 200 milyon dollar nədir ki?!» – deyirdilər. İndi dollarla krediti olanlara köməyə bir neçə yüz milyon dollar tələb olunur, amma bu məbləğ tapılmır.

ŞURALAR LAP ŞURA HÖKUMƏTİNİ XATIRLADIR

Demirəm ki, iş görülmür, müəyyən iş görülüb və görülməkdədir.Prezidentin yanında sahibkarlara kömək üçün Apellyasiya Şurası yaradılıb, maliyyə nəzarəti palatası qurulub, gömrük sahəsində bəlli addımlar atılıb, texnologiya gətirən sahibkarlara gömrük və vergi güzəştləri nəzərdə tutulub, maaş və təqaüdlərin, sosial ödənişlərin 10 faiz artırılmasına qərar verilib, böyük özəlləşdirmənin anonsu səsləndirilib...

Bəli, nəsə var, nəsə edilir, amma bunlar ölkənin böhrandan tez və böyük itkisiz çıxmasınayetərlidirmi? BVF kimi qurumlar artıq indidən hökumətin addımlarını bəyəndiyini dilə gətirir. Ancaq son söz yerli insanındır. O öz büdcəsində sabitləşmə hiss edərsə və onun gözündə şok dövrü bitərsə, bəli, onda demək olar ki, vəziyyət elə də qorxulu deyil. Di gəl, yerli insan, hələ ki, sarsıntı dalğalarının ilk zərbəsindən ayılmağa çalışır...

Burada bir məsələni də qeyd etməyə dəyər. Nazirliklərin yanında sahibkarlara kömək üçün apellyasiya şuraları yaradılır. Üstəlik, parlament komissiyalarında da «İctimai nəzarət şuraları haqqında» qanun layihəsi müzakirə edilib. Bunların fayda gətirəcəyinə inanmıram, çünki sovetlərin keçmiş «xalq nəzarəti komitələri»ni - məşhur «narodnıy kontrol»u xatırladır. Gerçək nəzarəti müstəqil parlament, media və məhkəmələr, bir də QHT şəbəkəsi təmin edə bilərdi. Amma təəssüf ki, hökumət onların inkişafını istəmir.

NEFTLƏ VİDALAŞMAQ ÇƏTİNDİR

İndilik, insanlar arasında daha çox gözləntilər var. Nə qədər deyilsə də, neftlə bağlı ümidlər sönmür. Halbuki prezident səviyyəsində də deyilib ki, ölkə artıq postneft dövründə yaşamağa başlayıb.

Bu ümidlər həm də ona görə sönmür ki, bir sıra OPEK ölkəsi və eləcə dəRusiya neftin qiymətini artırmaq üçün xaotik cəhdlər edir. Bəzən ümidverici xəbərlər də gəlir. Amma son nəticə yoxdur. Üstəlik, düşünmürəm ki, yaxın vaxtlarda olacaq...

Qısası, cəmiyyət neftlə vidalaşmaq düşüncəsində deyil. Nə qədər qəribə olsa da, hökumət də bu ümidləri birdəfəlik basdırmaq istəmir. Hətta bu yaxınlarda bilavasitə aidiyyəti qurumlar səviyyəsində deyildi ki, böyük ehtimalla, ilin sonunadək neftin barrelini 60 dollara qaldırmaq mümkün olacaq. Halbuki bu günlərdə təsdiqlənən yeniləşmiş büdcədə neftin barreli 25 dollardan götürüldü! Nə demək olar? Görünür, elə bu da sosial stabilləşdirmənin bir üsuludur, insanları sakitləşdirməyə və vaxt udmağa cəhd göstərirlər...

Qısası, cəmiyyət neftlə vidalaşmaq düşüncəsində deyil. Nə qədər qəribə olsa da, hökumət də bu ümidləri birdəfəlik basdırmaq istəmir.

Qərəz, neftdən də gözləntilər qalmaqdadır. Amma onlar doğrulmaya da bilər – neftin qiymət məsələsi sırf geosiyasi bir problem olsa da...

O üzdən iqtisadiyyatda postneft tədbirləri müstəsna əhəmiyyət qazanır. Onsuz da nə vaxtsa, onları həyata keçirmək lazım gələcək və nə qədər tez olsa, o qədər yaxşıdır...

ARTIQ İLK ETİRAZLAR BAŞ VERİB

Hələliksə, böhranın ağır və üzücü fəsadlarını yaşamaq qalır. İnsanlar, özəlliklə xırda ticarətçilər etiraz edir, banklar təlatümlü günlər yaşayır. İşsizlik və bahalıqla bağlı ümumi etirazlar da az deyil. Bu etirazlar gah bu, gah da başqa yerdə görünür və diqqət çəkir.

Xırda ticarətçilər dəfələrlə etiraza qalxıb, icarə haqları endirilməyənədək satışı bərpa etməyəcəklərini bildiriblər. Cavab kimi bir neçə rayonda bazarlarda icarə haqları donduruldu, mərkəzdə isə onların aşağı salınması nəzərdə tutuldu. Belə addımları təqdir etmək olar. Di gəl, təəssüf ki, hətta onlar da bazarlardakı qiymətlərə təsirsiz qaldı...

QİYMƏTLƏR DÜŞMÜR Kİ, DÜŞMÜR

Sahibkarlığa dəstəkdən danışırlar. Olsun, çox yaxşı. Ancaq sahibkar olmayanlar da var - adialıcı, istehlakçı, müəllim və ya sənət adamı... Onlara kim dəstək verəcək?

İlk günlərdən qiymətlər astronomik həddə qalxdı. Güzəran ağırlaşıb, alıcılıq qabiliyyəti kəskin aşağı düşüb. Hökumət, doğrudanmı, maaşlara 10 faizlik artımın problemi çözdüyünü düşünür?

Maraqlısı odur ki, alıcılıq qabiliyyətinin aşağı düşməsi də qiymətlərə təsir etmir. Hamı «qiymət sırf tələb - təklif məsələsidir!» – desə də...

İŞ ADAMLARI ÜÇÜN DAVRANİŞ KODEKSİ?

Şişirtməsiz demək olar ki, qiymətlər insanları düşündürən birinci problemdir. O üzdən bu gün, heç bir vaxt olmadığı kimi, ölkədə biznes mədəniyyətinə, xüsusən biznes etikasına ehtiyac var. İş adamları da bu ölkənin vətəndaşlarıdır, onların da cəmiyyət qarşısında müəyyən məsuliyyəti var.

Demirəm ki, həkimlər və yaxud jurnalistlərinki kimi, biznes adamlarının da etik davranış kodeksi hazırlanmalıdır. Sadəcə, bir az əvvəldə dedim ki, onlar da bu ölkənin vətəndaşlarıdır və bu ölkənin insanlarını anlamağa çalışmalıdırlar.

Qərbdə bir şeydən ucuz, amma daha çox satmağa çalışırlar.Azərbaycanda isə çıxış yolunu xidməti və ya məhsulu daha az təklif etməkdə, amma qiyməti «ceyran belinə» qaldırmaqda görürlər. Yəni iş adamlarının hamısı az, amma «saz» satmağa çalışır!

İNHİSARIN DAHA BİR QƏLİZ TƏRƏFİ

Qiymətlərin yüksək olması, əsasən, inhisarla açıqlanır. Guya ki, neçə ildir bu neqativ problemlə mübarizə aparılır. Nəticə isə yoxdur...

Bəlkə də ona görə ki inhisar məsələsinin daha bir qəliz tərəfi var. Hətta standart mənada anlaşılan inhisar olmayanda da, eyni iş və ya xidmətlə məşğul olanlar sövdələşirlər («kartel razılaşması»). Məsələn, hansısa məhsulun satışı ilə məşğul olanlar aralarında razılığa gəlirlər ki, filan şeyi bu qiymətdən aşağı satmayacağıq!.. Bu, standart inhisardan da qəliz məsələdir. Nə etməli? Düşünürəm ki, hökumət bunun cavabını tapmağa çalışmalıdır.

Əks təqdirdə, qiymətlər artmaqdadavam edəcək, çünki bu ölkədə biznes psixologiyası tam fərqlidir.

Qərbdə bir şeydən ucuz, amma daha çox satmağa çalışırlar.Azərbaycanda isə çıxış yolunu xidməti və ya məhsulu daha az təklif etməkdə, amma qiyməti «ceyran belinə» qaldırmaqda görürlər. Yəni iş adamlarının hamısı az, amma «saz» satmağa çalışır! Sanki hamı əhalinin 20 faizinə xidmət etmək niyyətindədir...

HÖKUMƏT PROBLEMLƏRİ ÇÖZMƏK ÜÇÜNDÜR...

Düzdür, hökumət burada da nəsə etmək istəyir. Məsələn, dərmanların qiymətini tənzimləməyə çalışmadımı? Amma dərman biznesiylə məşğul olanlar müdaxilədən yan keçmək üçün daha hansı fəndlər işlətmədilər?!.

Təbii, çox qəliz məsələdir və problemdir. Amma problemlər də onun üçündür ki, onları həll edəsən. Özəlliklə hökumət başqa bir şey üçün yox, elə problemləri həll etmək üçün lazımdır...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.