4 iyun olmaya bilərdimi?

Heydər Əliyev və Surət Hüseynov

-

HƏTTA ÇOXLARI TAMAM-KAMAL UNUTSA DA...

Bir-iki gün ötəcək, 4 iyun gələcək. Beləcə, məşhur «İyun olayları»nın düz 23 ili tamam olacaq...

Hər dəfə bu gün yetişəndə, qeyri-ixtiyari, özümə suallar verirəm. Özümdən təkrar-təkrar soruşuram ki, o hadisələr baş verməyə bilərdimi? Onları hansısa yolla sovuşdurmaq və ya bu hadisələrin önünü kəsmək mümkün idimi?

Bu suallar indi - üstündən 23 il ötəndən sonra da mənə rahatlıq vermir. Bəlkə o üzdən ki bir ictimai fəal, hətta bir yazar kimi hələ də özümü o dövrün, o siyasi nəslin təmsilçisi sayıram...

Bunu ona görə deyirəm ki, bəlkə də çoxları artıq o illəri də unudub, o dövrdə baş verənləri də... Amma mən unuda bilmirəm. O səbəbdən elə hey özümdən soruşuram: O vaxt olub-bitənlərin qarşısını almaq mümkün idimi? Ölkə demokratik düşərgəsinin hakimiyyəti bir il yox, daha çox çəkə bilərdimi?

BU GÜN AĞLIMA GƏLƏNLƏR...

Sizi yormayım, birbaşa mətləbə keçim. Həmin illərdə siyasi proseslərə təsir göstərən başlıca amilləri 2 qrupa bölmək olardı - xarici və daxili amillərə.

Öncə xarici amillərdən başlayım. Keçmiş SSRİ-nin bir neçə respublikasında, az qala, eyni vaxtda hakimiyyətə gəlmiş ilk milli demokratlar onu axıradək əllərində saxlaya bilsəydilər, hakimiyyətdə daha çox qalsaydılar, bəlkə mən bizim ovaxtkı demokratik düşərgəni daha artıq qınayardım. Amma məsələ də bundadır ki, qalmadılar. Uzağa getmirəm, təkcə Cənubi Qafqaz respublikalarını xatırladıram - yalnız Ermənistan prezidenti L.Ter-Petrossian-ın hakimiyyəti bir az çox çəkdi. Bunu da təsadüf saymıram. Məsələ bundadır ki, Ermənistanın milli-demokratik düşərgəsinin Rusiya ilə çox sıcaq münasibətləri vardı. Bu, sonrakı illərdə təsdiqləndi - L.Ter-Petrossian Rusiyanın cızdığı siyasi sxemdən azacıq kənara çıxmaq istərkən, dərhal hakimiyyətlə vidalaşmalı oldu...

İLK MİTİNQLƏR VƏ SONRAKI DÖVR

Bunları deməklə heç də daxili amilləri arxa plana keçirməyə, onları gözardı etməyə çalışmıram. İndi o dövrün hakimiyyət adamlarını yada salmaq istəyəndə, ağlıma o dəqiqə, bilirsiniz, nə gəlir? Onların bir hissəsi aşırı dərəcədə, hətta bayağı şəkildə populistlik edir, «teleulduz» kimi davranırdı. Digərləri - daha ciddiləri, təəssüf ki, özünü superliberal siyasətçiyə bənzədir və topluma, cəmiyyət üzvlərinin gözləntilərinə sayqısız yanaşırdı. Nəticə eyni oldu: İnsanlar onlardan bircə ilin içində bezdi və üz çevirdilər...

Lenin meydanında mitinq - 1989

Beləcə, özünü ilk demokrat adlandıranlar tez bir zamanda cəmiyyətlə bağlantılarını itirdilər. Söhbət geniş kütlə, böyük mitinqlər dalğasında hakimiyyətə gələn adamlardan gedirdi, axı. Amma birillik hakimiyyət göstərdi ki, hətta populizmi saxlamağa çalışanlar da cəmiyyəti düzgün anlamayıbmış. Bəzən insanların nəyə əl çaldıqlarını başa düşmək elə də asan başa gəlmir. Bunu daha yaxşı anlamaqdan ötrü yuxarıda - tribunada deyil, bir az aşağıda - insanların arasında olmaq gərəkir...

Bir-iki kəlməylə nə demək istədiyimi anladım. Məsələ bundadır ki, Azərbaycan cəmiyyəti heç vaxt savadsız olmayıb. Cəmiyyət hakimiyyət adamının da, müxalifətin də yerini bilir, hakimiyyət adamından bir şey, müxalifətçidənsə tamam başqa davranış gözləyirdi. O dövr mitinqlərinin canlı iştirakçısı kimi deyim ki, bəzi «populyar liderlər» başa düşmürdülər ki, cəmiyyət, sadəcə, onlara çəpik çalır, bir növ əylənir! Və bu gün də əminəm ki, cəmiyyət həmin «populyar liderlər»in, mitinq qəhrəmanlarının bir çoxunu hakimiyyətdə qətiyyən görmək istəmirdi... Cəmiyyətin simpatiyası nə bayağı populistlərin, nə də aşırı liberalların tərəfində idi. Haradasa mütləq bir orta xətt vardı, amma o dövrün siyasətçiləri onu tuta bilmədilər...

DƏYİŞƏ BİLMƏDİLƏR

Düzdür, onlar sonralar da, arabir, cəmiyyətlə rabitə yaratmaq haqqında düşünür və əvvəlki populyarlıqlarını qaytarmağa çalışırdılar. Ancaq anlamırdılar ki, artıq hakimiyyətdədirlər, daha meydan qəhrəmanları deyillər və cəmiyyət onlardan tam başqa keyfiyyətlər umur! Hətta 1992-ci ilin sonunda bir böyük mitinq keçirmək təşəbbüsü də oldu, amma oraya cəmi 1000-1500 adam gəlmişdi...

Demirəm ki, mitinq təşəbbüsü tam yanlış idi. Mitinqlər tamam-kamal mənasız şey olsaydı, indiki hakimiyyət 1994-cü ilin mart və oktyabr hadisələri zamanı, eləcə də sonralar bundan xeyli yararlanmazdı. Məsələ, deməli, mitinqdə deyildi, onu təşkil etməkdə idi – bir vaxtın meydan qəhrəmanları hətta onu da başa düşmürdülər ki, onlardan indi təşkilatçılıq, məsələn, mitinqləri təşkil etmək qabiliyyəti tələb olunurdu. Axı əvvəlki mitinqlər, demək olar, təşkil edilmir, öz-özünə alınırdı. Xoşbəxtlikdən, 90-cı illərin kommunist hakimiyyəti mitinqləri bir o qədər əngəlləmir və onlar çox vaxt spontan şəkildə baş tuturdu. Demokratik düşərgənin adamları bundan çox uzağagedən, bəzən də yanlış nəticələr çıxarırdılar...

Əbülfəz Elçibəy

İŞ KABİNETLƏRDƏ GÖRÜLÜR, AMMA...

Bəli, üstündən 23 il keçəndən sonra etiraf etməli olursan ki, təbliğat həmişə lazımdır, ən azı ona görə ki, hər bir hakimiyyət gördüyü işləri insanlara çatdırmağı bacarmalıdır və burada pis heç nə yoxdur... Elə təsəvvür yaranmasın ki, təbliğatdan ötrü lap sinov gedirəm, yox, bayağı təbliğatı mən də qətiyyən sevmirəm.

Amma siyasət siyasətdir – siyasətçi insanlarla işləməyi bacarmalıdır, hətta müəyyən mənada buna məhkumdur. Başqa cür siyasət olmur və bunu nəinki indiki Azərbaycanın nümunəsində, hətta uzağa getmədən, demokratik Türkiyənin də təcrübəsində sezmək mümkündür. Təbii ki, siyasətdə qərar kabinetlərdə verilir, işlər kabinetlərdə görülür. Amma kabinetdə baş verənləri dışarı çıxarmağı da bacarmaq lazımdır. Bundan ötrü, heç olmasa, televiziya və mətbuatla işləmək gərəkdir. Əks təqdirdə - insanlar dəqiq və dolğun məlumat almayanda, hakimiyyətin işindən xəbərsiz olanda, ən yaxşı halda, şayiələr baş alıb gedir...

NƏ ETMƏK OLAR? ONLAR DA BELƏ İDİ

Təbii ki, ovaxtkı hakimiyyətin ömrünün çox qısalığını yalnız savadlı təbliğat işinin qurulmamasına bağlamaq istəmirəm. Başqa səbəblər də vardı. Bəlkə neft layihələrinə Rusiyanın da iştirakı təmin olunsaydı, neftin bir hissəsi, ən azı, bir müddət Rusiya ərazisindən ötürülsəydi, Azərbaycan indiki kimi - Kollektiv Təhlükəsizlik Müqaviləsinə qoşulmadan, MDB-nin üzvü olsaydı, Rusiya qoşunları ölkədən bir az ləng, tələsmədən, bəlli müddət verilməklə çıxarılsaydı, ola bilsin, ovaxtkı hakimiyyət də bir deyil, bir neçə il çəkərdi...

Amma indi - 23 il keçəndən sonra düşünürəm ki, buna lüzum vardımı? Bəlkə elə belə də olmalıydı?!. Ən azı ona görə ki, o bir ildə bir neçə işi görmək mümkün oldu. Çox işlər görülməmiş qalsa da...

Hər şey başqa cür olsaydı, demokratik düşərgənin adamları da elə indiki hakimiyyət kimi siyasətdə, özəlliklə Rusiyaya ilə bağlı siyasətdə suyu da üfürə-üfürə içsəydilər, orijinallıqlarını-özgünlüklərini itirməzdilərmi? Onda AXC ilə qeyri-siyasi qüvvələr arasında daha nə fərq qalardı?!.

Üstəlik, bilirsiniz, sonda ağlıma nə gəlir? Bircə illik hakimiyyətlə də bu qədər yadda qalmaq və bəzilərini hələ də, hətta bugünədək xoflandırmaq mümkün olubsa, deməli, çox da qəmlənməyə dəyməzvə heç də hər şey hədər keçməyib...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Həmçinin bax - AzadlıqRadiosu Youtube Kanalında izləyin: