SEÇİLMİŞLƏRİN «HAQQI»...
Dünyanın bütün despotları və avtoritar liderləri həmişə hesab ediblər ki, onlara böyük hakimiyyət və səlahiyyətlə bahəm bir «haqq» da verilib. Cəmiyyətə və fərdlərə yalan danışmaq «haqqı»...
Bu adamlar düşünüblər ki, həqiqəti bilmək yalnız seçilmişlərin – dar bir dairənin imtiyazıdır. Qalanlara isə nəinki yalan danışmaq, hətta ağ yalan danışmaq lazımdır ki, bir az da inandırıcı görünsün.
Bunları niyə görə dedik? Düz 210 il bundan əvvəl Rusiya çarı I Aleksandr imperiyasının xarici siyasətinin əsas prinsipini belə müəyyən etmişdi: təmənnasızlıq...
Bəli, düşünmək olardı ki, on illər ərzində Rusiya, məsələn, Qafqazda tamam təmənnasız müharibə aparmışdı. Təmənnasız olaraq Azərbaycanı və Gürcüstanı işğal etmişdi! Hələ sonrakı dönəmləri demirik... Bəlkə də hər şey elə bir mahnıdakı kimi ifadə olunub: «Ruslar müharibə istəyirmi?...».
Avropada müharibə apardılar, Əfqanıstana soxuldular... Təbii ki, siyahı bununla da bitmir və hələ məlum deyil, ona daha hansı ünvanlar əlavə olunacaq?
HANSI ABŞ PREZİDENTİ RUSİYA ÜÇÜN DAHA YAXŞIDIR?
Amma sözümüz bunda deyil. O gün baxıram, Rusiya telekanallarından birində ABŞ-da kimin hakimiyyətə gələcəyi təqdirdə Rusiya üçün daha yaxşı olacağı üstündə baş sındırırlar...
Halbuki, hər şey tamamilə başqa cür də ola bilərdi. Rusiya da digər ölkələr kimi qonşuları ilə qonşu kimi davranar, onların ərazilərində dürlü problemlər və qarmaqarışıqlıqlar yaratmazdı.
O halda bu ölkə başqa bir ölkədəki seçkinin nəticələrinə bu qədər həssas olmazdı. İndi isə bir sual üzərində baş sındırmaq qalır: görən, noyabr ayında ABŞ-dakı seçki qutularından kimin adı çıxacaq? Çünki Rusiyada düşünürlər ki, ölkələrinə qarşı sanksiyaların taleyi həm də ABŞ adlı fövqəldövlətdəki seçkilərin nəticəsindən asılıdır. Halbuki, hətta uşağa da aydındır ki, sanksiyaların da, elə digər problemlərin həlli də başqa bir ünvanda deyil, Kremldə verilən qərarlardan asılıdır...
HƏR AN YENƏ KÜSÜŞƏ BİLƏRLƏR
Qərəz, artıq yay başa çatmaqdadır. Hətta qızmar yay günlərində siyasi atmosferin temperaturu bircə dərəcə belə aşağı düşmədi. Nələr olmadı bu yay?
Amma bütün bu olanlar bəlkə də bu payızda olacaqların anonsu idi. Çox hadisələr baş verdi bu yayda. Təbii, ən önəmlilərindən biri də Rusiya ilə Türkiyənin münasibətlərinin nizama düşməsi idi. Elə indi də daha çox bu hadisənin fərqindəyik.
Amma bizə elə gəlir ki, bu kontekstdə hələ əsas hadisə baş verməyib – Türkiyə ilə Rusiya arasında Suriya məsələsi ilə bağlı anlaşma yaranmayıb. Bu anlaşma yaranmadıqca, birincisi, Suriya torpağına sülh gəlməyəcək. Çünki bu torpaqda sülhün bərqərar olması bir neçə geosiyasi vektorun üst-üstə düşməsindən asılıdır ki, onlardan ikisi də elə Türkiyə və Rusiyadır. İkincisi, Suriya məsələsi ilə bağlı anlaşılmazlıq qaldıqca, Rusiya ilə Türkiyənin münasibətlərinin yenidən korlana bilmə ehtimalı qalır.
Buna da bax-Gizli diplomatiya Türk-Rus böhranını belə bitirdi
Təbii ki, artıq arxada qalmış məşhur «təyyarə olayı»... Axı, Rusiya təyyarəsinin Suriya səmasında nə işi vardı ki, son nəticədə də belə acı insident baş versin? Amma Rusiyanın siyasətçiləri iddia edir ki, onları Suriyada hərbi əməliyyatlar aparmağa bu gün hələ də siyasi səhnədə qalan B.Assad dəvət edib. Olsun... Keçirik Türkiyənin suçuna. İndi deyirlər ki, Rusiya təyyarəsini «gülençi» hərbçilər vurubmuş. Onda sual yaranır. Bəs niyə R.T.Erdoğan və onun hakimiyyəti o vaxt vəziyyəti korrektə etməyə cəhd göstərmədi? Axı baş vermiş həmin hadisəyə görə Rusiya hökuməti yalnız üzr istənilməsini tələb edir və ilk vaxtlarda hətta bunun üçün təzminat da tələb etmirdi.
R.T.Erdoğan-la V.Putin-in bu günlərdə baş tutacaq görüşündən çox şey asılıdır. Onlar Böyük 20–liyin toplantısında görüşməlidirlər. Düzdür, indi siyasi təhlilçilər arasında bir nikbinlik sezilir və onlar hesab edir ki, iki dövlətin münasibətlərindəki gərginlik piki artıq arxadadır. Amma lap əvvəldə xatırladığımız kimi, çar I Aleksandr xarici siyasətin əsas prinsipi kimi təmənnasızlığı müəyyən edərkən heç də tam səmimi olmamışdı.
BİR PROBLEMİ UNUTDURMAQ ÜÇÜN...
Elə bu kontekstdə daha bir sual vermək istəyirik. Rusiyanın uzaq Suriyada nə işi var? Bəri başdan deyək ki, Rusiya əsrlər boyu bu nöqtəyə - İran körfəzinin isti sularına doğru can atıb.
Amma bu, hələ hamısı deyil. Siyasətdə bir problemi unutdurmağın yolu başqa bir problem yaratmaqdır. Rusiya Krımı və Şərqi Ukraynanı arxa plana keçirməyə, onları bir növ unutdurmağa çalışır...
İndi xəbərlərdə deyirlər ki, ABŞ və Rusiya diplomatları Suriya məsələsini müzakirə ediblər. Axırda da qayıdırlar ki, bəs, müzakirələr zamanı daha bir məsələyə də - Ukraynanın şərqindəki vəziyyətə də toxunulub.
Artıq 25 ildir ki, siyasətdən yazırıq. Amma hər dəfə bu siyasət deyilən fenomen bizi təəccübləndirməkdə davam edir, sanki onunla lap ilk dəfə təmasda oluruq.
Elə yazını da kiçik «fəlsəfi» girişlə başlamağımız heç də təsadüfi olmadı: görünür, siyasət elə böyük yalanları pərdələmək sənətidir...
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.