-
BAŞ KATİBİN BAKI FORUMUNA QATILMAMAQLIĞI
BMT-nin Türkiyədə keçirilən humanitar sammiti diqqətimi çox da çəkməzdi, əgər bir detal olmasaydı.
Amma əvvəlcə birini qoyum, o birinə keçim. Elə təsəvvür yaranmasın ki, hər hansı mənada Türkiyəni qısqanıram. Yox, qardaş ölkədir, onun uğuru uğurumuz, dərdi dərdimizdir...
Sadəcə, bir məsələ diqqətimi çəkdi. Bir müddət əvvəl Bakıda keçirilən qlobal foruma BMT-nin baş katibi Ban Ki-moon qatılmamış və bunu vaxt məhdudluğu ilə yozmuşdu. O, Türkiyədə keçirilən sammitə qatılmağı bir yana, hətta sədrlərdən biri oldu. Bakı forumu zamanı yazmışdım ki, çox güman, Baş katib bu tədbirə qatılmamaqla Azərbaycanla Ermənistan arasında illərlə gözlənilən «simmetriya»nı pozmamaq istəyib.
Söhbət nədən gedir? İllərdir ki, böyük dövlət və təşkilatlar daha çox ona çalışırlar ki, Ermənistanla Azərbaycana simmetrik münasibətlər saxlansın. Bir detal da diqqətimi çəkib ki, bu ölkələrdən birinə səfər edən dövlət başçıları və yüksək dərəcəli qonaqlar münasibətlərdəki «balansı» pozmamaq üçün dərhal o biri ölkəyə də gedirlər.
Bu məqam məni həmişə çox düşündürüb və elə indi də düşündürməkdədir. Əslinə qalsa, reallıqda heç bir simmetriya yoxdur – tərəflərdən biri təcavüzə məruz qalan, o biri isə təcavüz edəndir. Beynəlxalq sənədlərdə, o cümlədən BMT-nin nizamnaməsində bu iki hal çox kəskin şəkildə fərqləndirilir və təcavüz bir akt kimi ayrıca vurğulanır və ona qarşı birmənalı münasibət sərgilənir...
Düzdür, BMT-nin Qarabağla bağlı dörd qətnaməsinin heç birində Ermənistan birmənalı şəkildə təcavüzkar dövlət adlandırılmır, münaqişə tərəflərindən biri - sadəcə, «etnik ermənilər» kimi dilə gətirilir və... Və işğal edilən rayonların qeyd-şərtsiz azad olunmasının vacibliyi bildirilir. Həmin sənədlərin ruhuna əməl edilsəydi, indi yeddi rayonun qaytarılması heç danışıqlar predmeti də olmaz və onlar dərhal azad edilərdi...
BƏZƏN BİR NEÇƏ SAATA, BƏZƏN DƏ İLLƏRLƏ...
Bəzən BMT qərarları, az qala, bir neçə saatın içində icra olunur, amma dörd qətnamənin qəbulundan 24 il ötsə də, tələblər hələ də kağız üzərində qalır. Ən maraqlısı odur ki, BMT-nin yüksəkrütbəli məmurları da həmin qətnamələri yada salmağı sevmirlər.
Bu vaxtadək biri-birini əvəzləyən baş katiblər də onları dilə gətirməyiblər.
Niyə belə olur? Niyə dünyanın bir nömrəli təşkilatı öz sənədlərinə bu qədər etinasızdır? Cavabları bilməsəm də, açıq gördüyüm bir məqam var: İndiyədək heç bir münaqişə elə sözlə sülhə çağırmaqla, yalnız və yalnız danışıqlar vasitəsilə çözülməyib. Bu mümkün olsaydı, onda dünya birliyi və ya müxtəlif ölkələr Ukraynaya görə Rusiyaya sanksiyalar tətbiq etməzdi. Məsələ heç onda da deyil ki, təzyiq mütləq hərbi məzmunlu olsun. Yox, bunun siyasi və diplomatik formaları da var. Amma hərbə üz tutan məqamlar da olub. Məsələn, keçmiş Yuqoslaviyadakı münaqişələr yalnız NATO işə qarışandan sonra bitdi...
Çox təəssüflər ki, nə Ermənistana belə münasibətlər sərgilənir, nə, heç olmasa, sözdə ona «təcavüzkar dövlət» deyilir. Düzdür, onu təcavüzkar dövlət kimi tanıyan bir-iki dövlət (Türkiyə, İran və Pakistan)və ya təşkilat (İslam Əməkdaşlıq Təşkilatı) var, amma bu, ümumi münasibətə çevrilmir. Üstəlik, Ermənistanı təcavüzkar dövlət kimi tanıyan İran onunla hərtərəfli siyasi və iqtisadi əlaqələr və çox isti münasibətlər saxlayır.
GEOPOLİTİKANI NİYƏ SEVMƏDİM?
Bəlkə də Türkiyədə keçirilən sammit simvolik idi. O mənada ki beynəlxalq münasibətlərin insaniləşməsinə, onun daha prinsipial məzmun qazanmasına və ədalətin yalnız güclüyə şamil edilməməsinə kəskin ehtiyac var.
Kiçik və zəif ölkələrin də haqqını yeməmək lazımdır. Ayrıseçkilik və ya onu görməzdən gəlmək dünyada çox acı presedentlərə yol açır. Haqq-ədalət bir dəfə pozuldumu, domino effekti ilə pozula-pozula gedir və bir də ayılıb görürük dünya sanki siyasi cəngəlliyə çevrilib...
Geosiyasət sözünü heç vaxt sevməmişəm. Bu barədə əlimə keçən kitab, ya məqaləni dərin diqqət və xüsusi səylə oxusam da.
Geosiyasətə neqativ münasibətimdə bəlkə bir amilin də təsiri var - faşist Almaniyasında P.J.Goebbels-in nəşr etdirdiyi ən məşhur jurnallardan biri elə «Geopolitika» adlanırdı... Qərəz, bir daha deyirəm ki, onu heç vaxt sevməmişəm. Hətta bir vaxt hamı öz yazısını «geosiyasət» rubrikasıyla dərc etməyə çalışanda da buna istehzayla yanaşmışam. Yalnız gücə və çeşid-çeşid geosiyasi maraqlara tapınıb-yönəldilən dünya məni həmişə qorxudub. Bütün bu geosiyasi sxemlərə görə, zəif və kiçik dövlətlərin haqqının etiraf olunması və tanınmasının tək yolu var – həmin ölkələr daha böyük və güclülərin maraq orbitlərində yer almalıdır. Bu isə heç də həmişə mümkün olmur...
Bax bu üzdən düşünürəm ki, dünyada humanizm, ədalət və hüquq təsdiqini tapmalıdır. Belə olsa, BMT qərarlarının yerinə yetirilməsini 24 il gözləmək lazım gəlməz. Belə olsa, BMT məmurları, ən azı, öz nizamnamələrindən irəli gələn tələblərə daha sayqılı yanaşarlar...
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.