Avropanın sonuncu diktatorundan bizə nə?

Avropa Birliyi Aleksandr Lukaşenkonun legitimliyini şübhə altına alıb

Azərbaycan prezidenti İlham Əliyev aprelin 22-də Avronest Assambleyasının prezidenti, Avropa Parlamentinin üzvü Kristian Vigenini qəbul edib. Görüşdə Avropa Birliyinin «Şərq Tərəfdaşlığı» Proqramı çərçivəsində yaradılan Parlament Assambleyası (Avronest) ətrafında fikir mübadiləsi olub. Beləliklə, Azərbaycan nümayəndə heyəti Avronestin toplantısına hazırlaşır.

AVRONESTƏ YOLUMUZ AÇIQDIR

100 deputatdan formalaşacaq Avronest mayın 3-də Brüsseldə ilk iclasına yığışacaq. Avronestə 50 deputat Avropa Parlamentindən, 50 deputat isə «Şərq Tərəfdaşlığı» Proqramına daxil olan ölkələrdən (hər birindən 10 deputat) təşrif buyuracaq. Niyə 50 deputat, axı «Şərq Tərəfdaşlığı» Proqramına 6 ölkə üzvdür?

Məsələ burasındadır ki, ATƏT 2010-cu ildə Belarusda keçirilən prezident seçkisinin nəticəsini tanımayıb. Avropa Birliyi Aleksandr Lukaşenkonun legitimliyini şübhə altına alıb. Eynilə Belarus parlamentinin legitimliyi də qəbul olunmayıb. Buna baxmayaraq, Avropa Birliyi konsensus kimi bir müddət öncə Minskə belə bir variant təklif etmişdi: Avronestə 5 deputat Belarus parlamentindən, 5 nəfər isə qanunverici orqandan kənarda qalan müxalifət təmsilçisi ezam olunsun. Minsk bu təklifi qəbul etmədiyindən, Belarusun Avronestdə təmsilçiliyinin yolu hələ ki, bağlanıb.

Azərbaycan hakimiyyəti Belarusun Avronestə yolunun qapanmasından narahat deyil. Milli Məclisin Hüquq və Dövlət Quruculuğu Komitəsinin sədri, Avronestdə Azərbaycan nümayəndə heyətinin başçısı Əli Hüseynov açıqlama verərək, Belarusun adıçəkilən qurumda təmsil olunmayacağını bir cümlə ilə izah edib: «Avronestdə yalnız o ölkə iştirak edə bilər ki, seçkiləri ATƏT standartlarına cavab versin».

Bu sözlərin deyildiyi gün Milli Məclisin bir başqa – İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadə Minskdə fərqli fikir söyləyib: «Biz «Şərq Tərəfdaşlığı» Proqramının əleyhinə deyilik. Ancaq istənilən ölkənin müstəqil xarici siyasət kursu müəyyənləşdirmək hüququ var və biz bu hüququn diqqətə alınmamasının əleyhinəyik».
İlham Əliyev və Aleksandr Lukaşenko
Başqa sözlə, cənab Səmədzadə Belarusu sıxışdıran Qərbi tənqid edib.

«MÖVQELƏRİMİZ ÜST-ÜSTƏ DÜŞÜR...»

İndi bir tərəfdə Əli Hüseynov Belarusun Avronestə qatılmamasının obyektiv səbəbini izah edərkən, digər tərəfdə onun həmkarı Belarusa qarşı ikili standart həyata keçirildiyini vurğulayır.

Ziyad Səmədzadə Belarus hakimiyyətinin ünvanına başqa təriflər də yağdırıb: «Belarus hakimiyyətinin iqtisadi kursu optimal yoldur. İqtisadiyyatın modernləşdirilməsi və sosial sabitlik sabaha inam yaradır».

Millət vəkilinin dediyi kimi, Belarus hakimiyyətinin iqtisadi kursu optimaldırsa, nədən bu gün Minsk dollar çatışmazlığı böhranı ilə üz-üzə qalıb?

Milli Məclisin İqtisadi Siyasət Komitəsi sədrinin «Ölkələrimizin mövqeləri bir çox məsələdə üst-üstə düşür» fikri də xeyli sual doğurur. O hansı məsələlərdir ki, Belarusla Azərbaycanın mövqeləri üst-üstə düşür?

Mövqelər üst-üstə düşsəydi, Azərbaycan Belarusun Avronestdə təmsilçilik hüququ uğrunda mübarizə aparardı. Ancaq obyektiv səbəblərdən rəsmi Bakı özünü cəncələ salmaq istəmir və Avropa Birliyinin qərarına qarşı çıxmır. Üst-üstə düşən başqa hansı məsələlər qaldı? Bəlkə millət vəkili Avropanın sonuncu diktatoru adlandırılan və Qərb ölkələrinə səfəri yasaq edilən Aleksandr Lukaşenkonun siyasəti ilə hansısa oxşarlıq görür?

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir