Bu nə pəhriz, bu nə kələm turşusu...

İlham Əliyev və Abdullah Gül

Başlığa çıxardığım deyim Türkiyədə çox məşhurdur. Yəni, sözünlə əməlin düz gəlmir. Aprelin 15-də Ankarada Türkiyə-Azərbaycan Biznes Forumu keçirilib. Foruma qatılan Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın AŞPA-dakı çıxışında erməni deputatın sualına «Biz Azərbaycanın maraqlarının Ermənistana yedirtməyəcəyik» cavabını Azərbaycan hakimiyyətinin yüksək qiymətləndirdiyini vurğulayıb. Daha sonra söyləyib ki, Azərbaycan hər zaman arxasında Türkiyənin dəstəyini hiss edir.

Buna rəğmən, Türkiyənin Xarici Ticarət naziri Zəfər Çağlayan forumdakı çıxışıyla Azərbaycan nümayəndə heyətini pərt edib. Nazir Dağlıq Qarabağ probleminə 74 milyonluq Türkiyənin də Azərbaycan qədər həssas yanaşdığını dedikdən sonra tənqidə keçib: «Türkiyə Azərbaycan vətəndaşlarına və şirkətlərinə viza tətbiq etmir. Təəssüf ki, Azərbaycan tərəfdən eyni yanaşmanı müşahidə etmirik. Məsələnin həll olunması lazımdır. Azərbaycan hakimiyyətinin niyə Türkiyə vətəndaşlarına viza tətbiq etdiyini dünyaya izah etməkdə çətinlik çəkirik. Bunun mənəvi tərəfini nəzərə almaq lazımdır».

Çağlayanın ardınca çıxış edən Azərbaycanın İqtisadi İnkişaf naziri Şahin Mustafayev viza məsələsindən yan keçərək, başqa mövzularda danışmağa üstünlük verib.

«BİZ BİR MİLLƏTİK, ANCAQ TƏƏSSÜF Kİ...»

Zəfər Çağlayan viza məsələsi ilə bağlı narahatlığını ay yarım öncə də dilə gətirmişdi. Onun «APA»ya verdiyi müsahibədəki «Viza problemi iki ölkə arasında ticarəti, turizmi, dostluq və qardaşlığı əngəlləyir» fikri Azərbaycan hakimiyyətinə açıq mesaj idi. Çağlayanın bu müsahibəsi ilə Ankaradakı son çıxışını belə oxumaq lazımdır ki, rəsmi Bakı sözdə Türkiyə ilə strateji münasibətlərdə maraqlı olduğunu söylədiyi halda, əməldə buna riayət etmir. «Biz bir millətik, ancaq təəssüf ki, bir millətin üstünlüklərini ticarətdə həyata keçirə bilmirik»deyən türkiyəli nazir viza, azad ticarət və digər məsələlərdə Gürcüstanla daha uzun məsafə qət etdiklərini bildirib. Çağlayan Rusiyanı misal göstərərək, hətta bu ölkə ilə də aralarında viza maneəsinin qalmadığını deyib.

Maraqlı vəziyyətdir. Тorpaqlarımızı işğal edən dövlətin hərbi-strateji müttəfiqi olan Rusiya ilə Azərbaycan arasında viza rejimi olmadığı halda, strateji müttəfiqimiz, qardaş dövlət adlandırdığımız
Zəfər Çağlayan
Türkiyəyə qarşı viza rejiminin tətbiqi lazım bilinir.

Çağlayan müsahibəsində türkiyəli iş adamlarının Azərbaycanda üzləşdiyi çətinliklərdən də yan keçməyib: «Mən sizə sərmayədarın bir ölkəyə investisiya qoymasının səbəblərini izah edim: bank sistemi liberaldırsa, bürokratik əngəllər olduqca azdırsa, təsirli bir ədliyyə sistemi varsa, iş adamları həmin ölkəyə investisiya qoyur. Digər tərəfdən, iş adamları beynəlxalq məhkəmələrdə öz haqlarını qoruya bilməlidirlər. Nə demək istədiyimi, hər halda, anlayırsınız».

Burada anlaşılmayan nə var ki? Türkiyənin böyük kapitalının Azərbaycana axın etməsi üçün nazirin sadaladığı problemlər ortadan qaldırılmalıdır. Ancaq məsələ ondadır ki, viza məsələsini uzadan rəsmi Bakı görünür, qardaş ölkənin böyük iqtisadi imkanlarında da maraqlı deyil. Yoxsa, bu gün «Koç» və «Sabançı» kimi nəhəng holdinqlərin Azərbaycanda həyata keçirdikləri layihələrin, fabrik və zavodlarının istehsal etdikləri məhsullarının şahidi olardıq. Bir «Ramstore» satış mərkəzi fəaliyyət göstərirdi, o da səhmlərini sataraq Qazaxıstana daşındı.

«PASPORTUNUZA MÖHÜR VURULMALIDIR»

Əgər Azərbaycan rəsmiləri əvvəllər qardaş ölkə ilə viza məsələsini qısa müddətdə həll edəcəklərini söyləyirdilərsə, indi heç bunu da demirlər. Əksinə, Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov fevralın 8-də açıqlama verərək Azərbaycanın hazırkı məqamda hər hansı ölkə ilə viza rejimini tam aradan qaldırmağa hazır olmadığını söyləyib. Başqa sözlə, rəsmi Ankara hələ çox gözləməli olacaq.

Ermənistanla müharibə vəziyyətindəyik, Rusiya işğalçını silahlandırır, İran ona neft kəməri çəkir, iqtisadi dəstəyini artırır. Digər tərəfdən, Tehran lazım gəldikdə Azərbaycanın daxili işlərinə qarışmaqdan da çəkinmir. Belə vəziyyətdə yeganə müttəfiqimiz Türkiyədən ikiəlli yapışmaq əvəzinə onu incidirik. Görəsən, bu, Azərbaycanda kimə lazımdır?

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.