AŞPA-da Ərdoğan fırtınasının arxasında nə dayanır?

Türkiyənin baş naziri Rəcəb Təyyub Ərdoğanın aprelin 13-də AŞPA-da etdiyi çıxışı Avropa və Türkiyənin siyasi və ekspert dairələrində geniş müzakirə mövzusuna çevrilib. Ərdoğanın çıxışı normal qarşılansa da, onun suallara verdiyi cavablar bir qrup avropalı deputat üçün gözlənilməz olub.

ANDREAS QROSSDAN TÜRKİYƏ BAŞ NAZİRİNƏ DƏSTƏK

Ərdoğanı ən çox hövsələdən çıxaran fransalı deputatın Türkiyədəki dini azlıqların ayinlərinə yaradılan problemlərlə bağlı sualı olub. Baş nazir fransalı xanım deputatı ölkəsinə dəvət edərək mövcud vəziyyəti öz gözləriylə görməyi məsləhət bilib. Ərdoğan Türkiyədə azlıqların dini ayinlərinə hörmətlə yanaşıldığını vurğulayaraq günə damğasını vuran ifadə işlədib: «Təəssüf ki, Siz Türkiyəyə fransızsınız». Bu ifadənin mənası odur ki, fransalıların Türkiyəyə baxışları daha çox mənfi yöndədir. Elə indi də Türkiyənin Avropa Birliyinə üzvlüyünü əngəlləyən başlıca dövlət Fransa sayılır.

Bir başqa deputatın parlament seçkilərindəki 10 fazilik səddin nədən hələ qüvvədə qalmasına yönəlik sualına da Türkiyə baş nazirinin cavabı sərt olub: «10 faizlik səddin qüvvədə qalıb-qalmayacağını sizdən qoruşmayacağıq, buna Türkiyə xalqı qərar verəcək».

Nəhayət, AŞPA-da sıra erməni deputatlardan birinə çatıb. Ermənistan heyətinin Ərdoğana sual verməyə hazırlaşmasıyla bağlı xəbərlər bir neçə gün öncədən erməni saytlarından yayınlanırdı. Erməni deputat Türkiyənin imzaladığı protokollara rəğmən, nədən Ermənistanla sərhədin açılmadığını soruşdu. Ərdoğan Ankara və Bakıda dediyi ifadəni Strasburqda da təkrarladı: «Ermənistan Azərbaycan torpaqlarını işğaldan azad etməyənədək sərhədin açılması mümkün deyil. Biz Azərbaycanın maraqlarını arxa plana ata bilmərik. Nə zaman ki, Ermənistan hakimiyyəti erməni lobbisinin təsirindən çıxaraq müstəqil qərarlar verəcək, onda nəsə əldə etmək mümkün olacaq». Ərdoğan məsələnin hərtərəfli müsbət həllinin yubanmasında ATƏT-in Minsk Qrupunun ləngliyinə də eyham vurub.

Andreas Gross
Ərdoğanın bu beynəlxalq tribunada çıxışı zamanı çox sərt ifadələrdən yararlanmasının tərəfdarları arasında yaxşı tanıdığımız isveçrəli deputat Andreas Qross da yer alıb. Qross Türkiyənin NTV kanalına verdiyi müsahibədə Ərdoğanın «Türkiyəyə fransız qalmaq» ifadəsinin ona ləzzət elədiyini və özünün də gələcəkdə bu ifadədən istifadə edəcəyini deyib. Qross bir qrup avropalı deputatın Türkiyəni tanımadan bu ölkə haqqında fikir yürütmələrinin yanlış olduğunu dilə gətirib.

AŞPA TRİBUNASI TÜRKİYƏDƏKİ PARLAMENT SEÇKİLƏRİNƏ HESABLANIB

Fikrimcə, Ərdoğan AŞPA-dakı sərt üslubunu əvvəlcədən planlaşdırıb. Bu, Ərdoğanın baş nazir vəzifəsində AŞPA-da sayca üçüncü çıxışıdır. Ərdoğan AŞPA-ya Avropa Birlyinin parlamenti qədər önəm vermir. Əgər baş nazir Avropa Parlamentində çıxış etməli olsaydı, çox güman ki, fərqli üslub seçərdi. O eynilə Avropa Parlamentində də «özümüz bilərik» kimi ifadəsini çətin ki, səsləndirərdi. Avropa Birliyinə üzvlüyü qarşısına hədəf qoyan Ərdoğan bu qurumun parlamentində daha yumşaq ifadələr seçərdi. AŞPA-nın isə Türkiyənin daxili və xarici siyasətinə təsir etmək imkanları və ya bu ölkənin Avropa Birliyinə yolunu hamarlamaq imkanı yoxdur. Odur ki, Ərdoğan bu tribunada özünü tam sərbəst hiss edir və bunun başlıca səbəbi Türkiyədə iki aydan sonra keçiriləcək parlament seçkisidir.

Əslində Ərdoğan AŞPA tribunasından Avropaya yox, Türkiyədəki seçicisinə səslənib. O, Avropa tribunasında məlum ifadələri seçməklə bir növ Türkiyədəki seçicisinə göstərib ki, ölkəsinin maraqlarını ən sərt şəkildə müdafiə etməyə hazırdır. Bu, Ərdoğanın bir növ məşhur «one minute» çıxışına bənzəyir. Baş nazirin Davosdakı çıxışı zamanı tərəf müqabili olan İsrail prezidentini Qəzza bölgəsini borbardman etməsinə görə sərt tənqidi onu Türkiyə və ərəb dünyasının xalq qəhrəmanına çevirdi. Şübhə etmirəm ki, Türkiyədə parlament seçkisi həmin ərəfədə keçirilsəydi, Ərdoğan mütləq qələbə qazanardı. Ancaq hakim Ədalət və İnkişaf Partiyasının 12 iyun qələbəsi də realdır. Ərdoğanın bu seçki nəticəsində də yenə təkbaşına hökumət formalaşdıracağı proqnozlaşdırılır. Ancaq bu nəticə artıq baş nazirə yetərli deyil. O bu dəfə elə bir qələbə qazanmaq istəyir ki, yeni Anayasa referenduma çıxarılmadan parlamentdə qəbul olunsun. Bundan başqa, Ərdoğan Yeni Anayasaya Cümhurbaşqanının səlahiyyətlərini artıran maddənin salınmasını istəyir. Çünki Ərdoğan gələcəkdə baş nazir kreslosunu Cümhurbaşqanı iqamətgahına dəyişmək həvəsindədir. Ancaq o, Gül və digərlərindən fərqli olaraq səlahiyyətləri indikindən daha artıq olan Cümhurbaşqanı olmağı qarşısına məqsəd qoyub.

Bütün bu istəklərə nail olmaq üçün isə Ərdoğana parlamentdə daha böyük üstünlük lazımdır. Odur ki, seçkiyə az qaldıqca, Ərdoğan AŞPA kimi tribunalardan gel-bol istifadə edəcək.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.