Ölülər...

"Ölülər" pyesindən səhnə

Mirzə Cəlili hamımız sevirik, Sabirə min rəhmət oxuyuruq. Amma yas düşəndə mollanı gətirib ən başda oturduruq. Həmin o mollalar çox sevdiyimiz Axundovu qəbrə tullamışdılar. Rəsulzadə hamımız üçün əzizdir, Xoyskini, Xalq Cümhuriyyətinin banilərini hörmətlə anırıq, sonra da Nərimanov adına metro tikib, “Sovet bizə elm gətirdi” deyirik.

Bura təhsili özünü daha baha satmaq üçün alanların, kitabı tələbələrə sırımaq üçün yazanların, qabağa düşmək üçün yoldaşına quyu qazanların ölkəsidir.

Ziddiyyətlər, riyakarlıq... Biz tənqidin başını "Ölülər" pyesində "Şeyx Nəsrullahın" 9 yaşında qızı otağın o biri küncünə zorla dartanda zalın qəhqəhə çəkişi ilə buraxmışıq. Biz millət yükünü hələ 20-ci ildə Qızıl Ordunu qarşılamağa çıxan Bakı fəhlələrinin çiyinlərində torpağa tapşırmışıq. İndi kimik biz?... Bura təhsili özünü daha baha satmaq üçün alanların, kitabı tələbələrə sırımaq üçün yazanların, qabağa düşmək üçün yoldaşına quyu qazanların ölkəsidir.

Əziz tamaşaçılar, nəyə gülürsünüz?! Halınızamı? Halımızamı? İndi kimsiz siz?! Ölülər! Belə baxanda düz edirik. Acından ölməliyik? Yoxsa ortada qalmalıyıq?! "Rüşvət alır, əcəb edir, “dvijeniyan" olsaydı, sən də alardın". Neyləyirsiz savadı? Əsas diplom olsun bəsdir. Axşam da gedək, tamaşada 9 yaşlı qızın siğəsinə qəhqəhə çəkək. Üstündən də bir stəkan soyuq su içək, rahat "həzm" olsun. Əslində hamımız yaxşı oğlanlarıq, "prosta" sağ qalmaq lazımdır. Özü də çox xarakterli xalqıq. 200 ildir bir qram da dəyişməmişik, bir girvənkə belə "həqiqətimizdən" dönməmişik. O vaxtı da Fars allahı ilə Ərəb allahı üstə bir-birimizi qırırdıq, indi də ona görə qırışırıq. İndi hətta iki türk klubu oynayanda da bir-birimizi qırırıq. Müasirlikdir, qardaşım, yeni imkanlar tanıyır bizə.

Soruşsan, kəlməyi-şəhadəti gəvələyə-gəvələyə deyir, Qurandan-zaddan dəm vurur, amma oxumayıb. Heyif ki, biz oxumuşuq əziz tamaşaçılar, orada da "balalarınızı dolandırın" yazılmayıb.

Əvvəllər cahillərə söz başa salmaq olmurdu, indi "fikirləşənlərimiz" də kəsilib başımıza. Dövlət deyəndə yekəqarın məmurlar yadına düşən gözəl ölkəm. Həyatı haram pul yeməkdən ibarət olan müəllimlər var, ağzından Allah sözü düşmür. Soruşsan, kəlməyi-şəhadəti gəvələyə-gəvələyə deyir, Qurandan-zaddan dəm vurur, amma oxumayıb. Heyif ki, biz oxumuşuq əziz tamaşaçılar, orada da "balalarınızı dolandırın" yazılmayıb. İngiltərə deyəndə hamının ağlına ya qüdrət gəlir, ya kafirlər. Veber adlı bir cəmiyyətşünas olub. Deyirlər əjdaha adamdır. O deyirdi ki, İngiltərənin inkişafına 3 şey səbəb olub. Onlardan biri və birincisi Allah qorxusudu. İndi sual yaranır. Bu qədər dilindən "Allah" sözü düşməyən adamın ölkəsi niyə bu gündədir. Allahda problem var, ya bizdə? Allahı yerdə, göydə, kağız parçasında axtarmaq yerinə bir az içimizdə axtarsaydıq, çoxdan tapıb onunla dostlaşmışdıq. Amma onsuz da tapan tapıb, biz tapsaq, nə olacaq ki? Axirətdə tapışacağıq əsas.

Bu yazı tənqid-filan deyil. Düz başa düşək, bu ölən vicdanın son yorğun hayqırışları, abırsız həqiqətin iniltiləridir. Biz vicdanı o tamaşa zalında edam etmişik onsuz da. Biz həqiqəti qurşaqlarda həbs etmişik. Zavallı Ölülər, həyatdakıların həyatını gəmirən Ölülər! Bizə bu da azdır. 20 Yanvarda öldürülənlərə dünyanın ehtiramını göstəririk. Amma bu ehtiramın şəbəkə xidməti parlament qapıları xaricindədir. Orada müstəqilliyin əleyhinə səs verənləri oturduruq. Düz edirik! Ölülərə başqa kimlər bayraqdarlıq edə bilərdi ki?! Bir vicdan ölür, başqası dirilir. Amma bu ölülər dirilmir ki dirilmir... İndi biz kimik..?

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.