İndi bir çox vakansiyalarda işçilərdən tələb olunan onun tənqidi təfəkkürünün olmasıdır. Əslində tək iş yerində yox, hər bir yerdə insanın rasional düşüncə tərzinə sahib olması çox vacibdir. İndi məlumatlar o qədər çoxdur ki, insanı özündən çıxardan o qədər səbəblər var ki, fəaliyyətlərimiz çox zaman emosional düşüncələrimiz əsasında olur. Bəlkə də 100 il qabaq da belə olub. İstənilən zaman özümüzdə özünəqarşı tənqidi təfəkkürü inkişaf etdirmək olduqca vacibdir. Bəs yaxşı bu zaman necə düzgün, ədalətli olmaq olar?
Təbii ki, insanların çoxu səhv olanda belə bunu biruzə verməyi xoşlamır. Hamının özünə görə həqiqəti var deyib müzakirələrdə özünü daha haqlı görür. Obyektiv olmaq olduqca çətindir. Ötən həftəsonu Quba – Bakı magistralında xoş olmayan bir hal ilə rastlaşdım. Hava hələ açıq olduğundan 700-800 metr uzaqlıqda yolun solu ilə hərəkət edən yük maşınını görürdüm. Maksimum hərəkət sürəti 110 olan bu yolda onun sürəti 70-80 olardı. Mən də 100 ilə hərəkət edirdim və onu sağdan ötməmək üçün sola keçməyə cəhd edirdim. Ancaq həm onun zolağını dəyişmək fikri olmadığını görüb, həm də sol zolağa keçsəm arxadan gələnlər üçün mənim də təhlükə yaradacığımı düşünüb sağ zolaqla hərəkəti davam etdim. Beləliklə bu genişlə bir neçə saniyəyə onu keçməliydim. Ancaq nə baş verdi? Mən arxasında yük hissəsi 15-20 metr olan yük maşınına çatanda, onun qəfil sola dönmə işığını yandırdığını gördüm. Onun dönməsi elə qəfil baş verdi ki, mənim maşını güclü tormozlamağım bizi qəzadan qurtardı. Güman ki, məni onun ölü bucağına düşmüşdüm və mənim çatdığımı görməmişdi. Əvəzində bir az sonra mən o maşını solundan keçdim. Əlbəttə ki, bu absazı oxuyub məni də, onu da qınayalar var. Mən də təbii ki, həmin an dərhal onu qınadım və ağlıma gələn ən pis sözlərlə.
Amma və ancaq.. İstənilən vəziyyətə gərək soyuq başla baxasan. Mənim həmin an üçün etdiyim səhv hərəkət nə idi? Sağ zolaqda yüksək sürət yığmaq, şüuraltı o maşını sağ zolaqdan keçmək istəyi. Bunlar düzgün deyil. Problem məhz budur ki, biz özümüz səhv edəndə belə bunu qarşımızdakının səhvinə bağlayırıq. Ona görə də özünü tənqiddə ədalətli olmaq çətinləşir. Biz Azərbaycanda hansısa işi etməyə tənbəllik edəndən, hansısa işi səhv görəndə bunu sistemə, başqalarının adına yazmağı xoşlayırıq. Ona görə də bizdə özündən razılıq, başqalarının haqqında girmək xüsusiyyətləri formalaşır.
Hər bir insan səhv edir. Səhvi qəbul etməyi bacarmaq lazımdır. Elə məsələlər var ki, biz onlar haqqında ümumiyyətcə məlumatlı deyilik. Onları bilmədiyimizi bilmirik. Məhz özümüzü rasional təhlil edəndə, biz bu çatışmamazlıqları da ortaya çıxarda bilirik. Yalandan mən bilirəm, yaxud da bunu bilməsəm də olar deyib özümüzü aldatmağa ehtiyac yoxdur. Əsas odur ki, təhlil etdikcə öz müsbət və mənfi tərəflərimizi görə bilirik.
İnsan gərək özünü aldatmasın. Özünüqiymətləndirmədə ədalət dediyimiz məhz budur. Təbii ki, əgər insan bütün günü bütün situasiyalarda özünü mənfi mənada tənqid etsə, özünə inamı da azaldacaq. Bu da düzgün deyil. Biz bəzən bilərəkdən də hansısa səhvləri edirik. Sizin öz həqiqətlərinizə uyğun olaraq bunu özünüzün tənzimləyə bilməyiniz gərəkdir. Odur ki, gəlin özümüzə kənardan baxmağı bacaraq, özümüzü həmişə haqlı bilib özümüzü böyük faciələrə aparmayaq.
azıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.