Niyə yox, ay AFFA?

Düz 1 il qabaq AFFA apardığı PR və marketinq ilə bizi inandıra bilmişdi ki, bu seçmə mərhələdə futbol üzrə milli yığma komandamız çox yaxşı nəticə əldə edəcək. Buna əsas da var idi, 3 oyuna qazanılmış 7 xal. Əgər qalan 7 oyuna 7 xal da toplanıla bilsəydi qrup ikincisi olub play-off oynamaq şansımız var idi.

Əvəzində nə baş verdi? Növbəti 6 oyundan 5 məğlubiyyətlə ayrıldıq. Düzdür, bu dəfə müsbət rekordlar vurduq. İlk dəfə 3 qələbə, ümumilikdə 10 xal. Amma yenə də qrup 5-cisi. Bu axşam təsdiqlənəcək. Əslində isə 10 xaldan 6-ı Avropanın Beynəlxalq Universitet kimi uğursuz komandası olan elə bu dəfə də 9 oyuna 46 qol buraxan San-Marinodan aldıq. Qalan 4 rəqibdən 7 oyuna mümkün 21 xaldan cəmi 4 xal qazanmışıq. 19 % nailiyyət. Bu axşam bu 4 rəqiblə (Almaniya, Şimali İrlandiya, Norveç və Çexiya) sonuncu, 8-ci oyunumuz Almaniya ilə olacaq. İnşAllah bu gün qəlblərimiz sevinər. Amma futboldan azdan-çoxdan anlayan və bu işin menecmentini düşünən insan kimi problemləri nədə görürəm?

1) Bizdə futbolun gələcəyi sual altına düşür, çünki təcrübə çoxluqla paylaşılmır. 20 il qabaq ölkə kuboku 1/32 finaldan başlayırdı. 35-40 komanda ilə. Şəmkir, Neftçi kimisə böyük hesabla udardı. Amma hansısa zəif komanda və oyunçuları belə oyunlardan təcrübə qazanardı. İndi iki komanda kubokda da üzləşəndə 10 aya 6 dəfə üz-üzə gəlirlər. Çempionata 8 komanda, kuboka 20 komanda çox-çox azdır.

2) Yadıma gələndən Mingəçevirdə, İsmayıllıda şəhər, rayon çempionatları keçirilərdi. İntriqalar var idi. Ulduzlar ortaya çıxırdı. İndi həvəskar futbol oynayan çoxdur. Amma bunlar da başqa sahədə artıq karyera qurmuşlardır. Belə çempionatlar daha peşəkar səviyyədə olmalıdırlar.

3) 20 ildi uşaq futbolu deyirlər. Amma Qarabağın əvəzediciləri Çempionlar Liqasına bərbad başlayıb. Ölkə çempionatında da 7 oyuna 4 xalları var. 8 əvəzedici komadadan 7-i 7 tura 60 qol vurub, hərəsinə 8.5 qol. amma tək Qəbələ 7 oyuna 32 qol vurub! Qabala FC görünür bu işə daha ciddi yanaşır. Neçə ildi yağış-qar uşaqlar məşq edir.

4) Ötən dəfə statistik təhlil etmişdim. Milli çempionatda çox az qol vurulur. Cari çempionatda 27 oyuna cəmi 63 qol vurulub. Bir oyuna 2.33 qol. Yəni hamısı 'menşe' olan oyunlardır. Bu indikator bizim qol vura bilməmiyimizi göstərir. AFFA bilmirəm millidə 1 qola nə qədər vəd edir. Amma mən şəxsən Almaniyaya bu gün hər qola adama 10000 AZN vəd edərdim.

5) Bu bir brend yaratmaq işidir. Yeni futbol klubu yaranıb. Xəzər. Bakını təmsil edir. Bir bank yaradıb. Sosial məsuliyyətdən əlavə bu həm də brendin, yəni bankın təbliğidir. Bunu bizneslər sevərək etməlidirlər. Millidə oynayan oyunçular da ulduzlaşmalıdır. Vagifgil onları Influencer kimi əməkdaşlığa cəlb etməlidirir. 2016-da Endorphin şirkəti Olimpiya millisinin hər oyunçusunu ulduz etməyə çalışmışdı. Heç Qarabağ FK bu məsələdə strateji deyil. Ulduz xəstəliyi nə qədər qorxulu olsa da, məşhur olmaq əlavə qazanc olduğu üçün oyun performansına da bu müsbət təsir edəcək.

Son aylar AFFA ara-sıra e-mail bülleten göndərir. Buna əhsən. Amma futbolu sevmək, sevdirmək, ona işlək biznes mexanizmi qurmaq lazımdır. Səmimiyyət olmalıdır. Sponsorlar sponsorluğu özləri xahiş etməlidirlər. Belə isə necə deyərlər, həyat davam edir…

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.