“Saçma ey göz, əşkdən könlümdəki odlara su”
Füzuli
İranlı rejissor Davud Mirbağırinin çəkdiyi məşhur “Muxtarnamə” teleserialı Azərbaycan tamaşaçısına da tanışdı.
Film Kərbəla vaqiəsindən sonrakı dövrdən – Muxtar Səqəfinin və silahdaşlarının Hüseynin qisasını almaq üçün təşkil etdikləri qiyamdan bəhs edir…
Filmdə Muxtar Səqəfi ilə silahdaşı Kiyan arasındakı bir dialoq xüsusi diqqət çəkir:
Muxtar:
– Biz həbs olunandan sonra sən Kərbəlaya getdin. Nə gördün?
Kiyan:
– Mən Kərbəlaya çatanda Günəşi nizəyə taxmışdılar.
Rejissor filmdə bir neçə dəfə Həzrət Hüseynin Kufəyə doğru irəliləyən karvanını göstərir. Hüseyni sanki kənardan Günəş müşahidə edir, sifəti görünmür. Şübhəsiz ki, bu rejissorun hadisəyə simvolik yanaşmasından irəli gəlir. Hüseynin kəsilmiş başı da məqsədli olaraq, Günəşə bənzədilir.
Günəş azadlığın simvoludur…
Həzrət Hüseyn də Kufəliləri Yezidin zülmündən xilas etməyə, onları azadlığa qovuşdurmağa gedirdi. Tarixi mənbələrə görə ona 30 minə yaxın məktub yazılmışdı, kufəlilər peyğəmbərin nəvəsi olduğunu xatırlatmış, israrla dəvət etmişdilər. O da bu məsuliyyətdən boyun qaçırmamışdı…
O, Məkkədən çıxıb Kufəyə yola düşəndə belə bilirdi ki, çox ağır və məsuliyyətli bir səfərə çıxır. Çoxları onu geri qaytarmağa da çalışdı, hətta Yezidlə Hüseynin döyüşməsini istəyən, bundan istifadə edib Hicazda öz hakimiyyətini qurmağı planlaşdıran Abdulla ibn Zübeyr də bu səfərə təəccübünü gizlətmədi, Ömərin oğlu Abdullah da onun karvanının önünü kəsib: “Ya Hüseyn, getmə. Bu, çox təhlükəli səfərdir. Kufəlilər atana və qardaşına verdikləri vədə xilaf çıxdılar, sənə də vəfa etməzlər”, – dedi.
Amma Həzrət Hüseyn: “Müsəlmanlar çağırıblar, getməsəm, deyəcəklər, peyğəmbər övladından imdad dilədik, gəlmədi. Getmədiyim halda, necə deyə bilərəm ki, gəlsəm də, əhdə vəfa etməzdiniz”, – deyə İraqa doğru yön alır…
Kufəyə çatmamış ona əmisi oğlu Müslümün və dostu Haninin qətlə yetirdiyini xəbər verirlər, o da vəziyyəti yanında olanlara izah edir, onlara yanından ayrılmaları üçün icazə verir. Bir qrup ayrılır, amma ailəsi və az sayda səhabələri onu tək qoymurlar.
Yolda Əməvilərin saray şairi Fərəzdəklə qarşılaşır, durumu soruşur. Fərəzdək durumu belə təsvir edir: “Ya Hüseyn, qoşunun ürəyi səninlə, qılıncları Yezidlədir”.
Yenə də geri dönmür. Neynəvada – Kərbəlada yolunu kəsirlər, Fəratın suyunu ailəsinin və silahdaşlarının üzünə bağlayırlar, uşaqları 10 gün susuz qalır, 6 aylıq körpəsi qətlə yetirilir, yenə də aman diləmir…
Hətta bildiyi halda ki sabah ona və ailəsinə, dostlarına aman verməyəcəklər, köməyə ehtiyacı olacaq, son gecə yanındakıları toplayıb: “Yezidin davası mənimlədir, siz gedə bilərsiniz”, – deyə onları xitab edir, gedənlər utanmasınlar deyə tonqalları söndürtdürür.
Yezid isə ondan yalnız beyət istəyirdi, çünki Həzrət Hüseyn onun atadan keçmə, irsi hakimiyyətinə legitimlik qazandıra biləcək yeganə şəxs idi. Bu beyətin qarşılığında əmin-amanlıq, hətta ölkədən çıxıb getmək təklifi edilmişdi, amma Hüseyn heç birini qəbul etmədi: “Mən Yezidə qarşı dikbaşlığımdan yox, bir haqsıza qarşı bir haqlının vuruşa biləcəyini nümayiş etdirmək üçün çıxdım…”, – deyərək zülmə sınmadı, zalıma böyun əymədi və şəhid oldu…
Həzrət Hüseyn zülmə boyun əyməyən azadlığın, ədalətin rəmzi idi…
Bu haqq savaşçısına nə qədər yanlış və qərəzli yanaşılsa da, hətta özünü hüseynçi kimi təqdim edən bir qrup qaraguruh kütlə yalnız hər Aşurada ağlaşma qurmaq və baş yarmaqla Kərbəla vaqiəsini kontekstindən çıxarmağa çalışsa da, bir-iki kitab oxumaqla özünü maarifçi, intellektual sayıb bu tarixi hadisəyə ironik münasibət sərgiləyənlər olsa da, Hüseyn zülmə qarşı çıxan özgür bir savaşçı, şəxsiyyət kimi tarixdə qaldı…
Mahatma Qandi çıxışlarının birində deyirdi: “Mən İslamın ən böyük şəhidinin – İmam Hüseynin (ə) həyatını diqqətlə oxumuşam və Kərbəla tarixinin səhifələrinə diqqət yetirmişəm. Mənə aydın olub ki, əgər Hindistan azad bir ölkə olmaq istəyirsə, gərək İmam Hüseyndən örnək alıb, onun yolu ilə getsin”.
Şərqin böyük şəxsiyyətlərindən olan Məhəmməd Əmin Rəsulzadə 14 noyabr 1914-cü ildə “İqbal” qəzetində çap olunmuş “Aşura” məqaləsində Həzrət Hüseyn haqqında yazırdı: “Din, fikir, elm və millət naminə şəhid və məzlum olanlar bəşəriyyət tarixi ilə-islamiyyət tarixidə çoxdur. Bunlar həmişə və hər bir millət arasında təqdim olunar və adları ehtiramla anılar. Bu, kimilər haqqında göstərilən ən böyük ehtiram, onların böyüklüklərinə imtisal etməkdən ibarətdir. Əqidə, amal və məsləki yolunda ölümünə razı olub da nəfsini fəda edən kim olursa-olsun böyükdür”.
Bəli, şəhidlik missiyadır, insanlığın ucalıqda dayanan ən ali eşq məqamıdır, – məqsəd və amalı uğrunda, həmçinin vətən yolunda ölümə getməkdir…
Sufilər buna həqiqət mərhələsi deyirdilər. Hüseyn də məqami-eşqi həqiqətdə tapdı…
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.