Mənəvi əskiklik

Bu yaxınlarda radioda bir verilişdə mövzu qısqanclıq idi. Təsadüfən qulaq asmalı oldum. Xeyli “fəlsəfi” xatirələr də qoydu bu veriliş məndə. Doğurdan da əmin oldum ki, kimlərinsə evlərində-eşiklərində, gündəlik həyatlarında başverən ən dərin social xırdalıqları görmək üçün, radioya günorta bir saat ayırıb “evinizə qonaq gəlmişik, dərdinizi bizə danışın” demək bəs edir.

Doğurdan da ailələrin qapısından girib birbaşa mətbəxtə keçmək bu qədərmi sadədir bu kütlədə? Yadımda qalan anormal “sosial” xatirələr də var, bölüşəcəm, amma, yadda qalan başlıca o oldu ki, insanların əksəriyyətində qeyri-normal qısqanclıq var. Buna heç qısqanclıq da demək olmur. Qeyri-normal qısqanclıq qısqanclığın ən qorxunc növüdür. Üstəlik bu, Freqoli sindromu adlanır.

Bir qayda olaraq belə qısqanclığın kökləri uşaq vaxtlardan götürülür və o, tədricən genişlənir, güclənir, ən müxtəlif formalarda özünü göstərərək bəzən dəhşətli hadisələrə, hətta qətlə gətirib çıxara bilir. İnsanlar bağçada öz tərbiyəçisini qısqanır, məktəbdə sevimli müəlliməsini, evdə öz anasını və sonra qızını və arvadını qısqanmağa başlayır.

Həm də ən qorxuncu odur ki, bir qayda olaraq daim təkrarlanan bu qəzəbin sonu təcavüz olur. Belə qısqanclığı – baxış, söz, qoxu, hərəkət provokasiya etməyi hamı bacarar. Partlayış keçib gedəndən sonra qısqanc adam anlayır ki, bədbəxtliklər də törədə bilər, amma o vəziyyətdə özünə nəzarət edə bilmir. Nə vaxt ki, onun növbəti qısqanclıq partlayışı olacaq və nə ilə bitəcək, bunu hətta qısqanan adamın özü də bilmir.

İnsanı əsasən iki şey formalaşdırır: məntiq və təfəkkür. İstənilən addım bu ikisindən doğur, kökünü oradan alır.

İnsanın özünə kənardan baxa bilmək qabiliyəti olmalıdır. Sanki radioda gedən bu tip verilişlərə zəng edib ərindən, arvadından danışanlar heç vaxt o verilişlərə qullaq asmayıblar, elə radionu açıb zəng vurub özlərinə qulaq asır, tez radionu söndürürlər. Bir dayday zəng vurub ki, qağa, mən ağdama taksi işləyirəm, arvad imkan vermir yolu sürüm. Tez tez zəng vurur ki, neçə klientin var? İndi haradasan? Tez qayıt.

Aparıcı da deyir ki, bunun nəyi pisdir ki? Maraqlanır da? Dayday deyir yox ee, klient zad yanında danışmaq olmur axı. Nə isə, dayday deyir ki, ta mən bilmirəm hayana qaçım bu arvadın əlindən, başına dönüm.

Hələ elə olur ki, klient tapılmır qayıtmağa, bir yer tapıb qalıram, səhər qayıdıram. Onda da qayıtmağa peşman oluram, arvad yapışır ki, hansı arvadın yanında qalmışdın?...

Fikir vermişəm, həmişə kiçik insanlar böyük işlərdə səriştəsiz olurlar, eynən ailə-uşaq sahibi olduqları kimi.

Bir qadın isə zəng edib deyir ki, ərimi çox qısqanıram, kaş ölə, bilərəm ki qəbirdədir, çıxa bilmir, qəbri də filan yerdədir, gedib baxıb rahat olub gələrəm. Deyir ki, ərimin facebook parolu da məndədir, hər səhər 6-da oyanıb onun facebookuna birinci özüm baxıram. Dostluğunda olan xanımlarla gün ərzində yazışıram.

Bu adam evdarlığı da gözdən salır. Bu qadının aləmində evdarlıq dispetçer kimi ərinin facebookdakı xanım dostlarıyla yazışmaq, tez-tez əri ilə əlaqə saxlayıb vəziyyəti bilmək, evə nə vaxt qayıdacağını dəqiqləşdirməkdir.

Hələ bəzi ailələr var ki, analar qız övladlarını da bu işə cəlb edirlər, gün ərzində özləri yatanda, ya əllərində başqa iş olanda qızlarına atalarının facebookunu, instaqramını izlətdirirlər. Bu tip adamın pisliyi ilə yaxşılığı arasında niyyət fərqi olar, nəticə onu düşündürmür. Bu qadının niyyəti odur ki, ərim ölər yaxşı olar da, bilərəm ki gəzmir, ora bura getmir. Nəticə isə ölümdür, ölüm bu insanı düşündürmür..

Bu cür qısqanclığın altında özünə inam əskikliyi, tək qalma qorxusu, adam yerinə qoyulmamaq qorxusu var. O qorxu ki, insan bunu həzm edə bilmir, o səbəbdən də öz ərinə ölüm də istəyir ki, ölsün, amma əri müəllimdirsə qız tələbəsi, taksi sürürsə qadın müştərisi, həkimdirsə qadın xəstəsi olmasın… Bu tip “dərinliklər”, patoloji qısqanclıqlar artıq mənəviyyat məsələsidir. Mənəvi əskiklik var. Mənəviyatdakı əskiklikləri tamamlamaqla bu xəstəlikdən qurtulmaq olar.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.