Vətənpərvər

Geniş, işıqlı kabinet. İri kreslo. Kresloda 50-55 yaşlarında məmur əyləşib. Başı üstündə dahi rəhbərin portreti.

Divarda işğal edilmiş rayonların adları və işğal tarixləri yazılmış, aşağıdan isə iri hərflərlə “Unutma!” sözü həkk edilmiş lövhə.

İri masanın üstündə bir neçə şəhər telefonu, bir tərəfdə kağız qalaqları, içində bir neçə qələm olan qələm qabı. Digər tərəfdə komputer.

Kabinetin bir küncündəki televizordan aşağı səslə çıxışçının bu sözləri eşidilir: “Dağıdıcı, yırtıcı müxalifətin Azərbaycanda korrupsiya olması barədə xarici təşkilatlara yazdığı donoslar bir daha göstərir ki, bu antimilli qüvvələr düşmən dəyirmanına su tökməklə məşğuldurlar. Axı nə korrupsiyabazlıqdır? Guya dünyanın harasında korrupsiya yoxdur? Bunu qətiyyən unutmaq olmaz ki, bizim Qarabağ kimi dərdimiz var. Qalan məsələlər ikinci dərəcəlidir...”

Məmur gözünü ekrandan çəkir, eşitdiyi sözlərdən böyük razılıq və məmnunluq hissi ilə başını yüngülcə tərpədir, sonra komputerdə facebook səhifəsini açır, "Daxili və xarici düşmənlərimiz bunu yaxşı bilsinlər: ölərik, Qarabağı vermərik!" yazıb "paylaş" sözünü tıklayır, sonra gözünü komputerin ekranından çəkib qarşısındakı nimdaş geyimli, çəlimsiz kişini növbəti dəfə başdan ayağa süzərək dillənir:

- Hələ burdasan sən? Dünyada nə qanmaz adamlar var, mən ölüm... A yoldaş, a vətəndaş, dedim də, 200 manatdan bir qəpik aşağı olmaz. Varındır, buyur, yoxundur, xoş getdin. Nə vaxt olar, onda gələrsən.

Kişi yazıq-yazıq dillənir:

- Vallah-billah, gücüm ancaq 50 manata çatır. Həm də əl boyda arayış nədir ki, ondan ötrü 200 manat...

- Əşşi, sən elə bilirsən, mən onun hamısını öz cibimə qoyuram. 100-ünü idarə rəisi yuxarı ötürür, vur-tut 50-si özünə çatır. Yerdə qalan 50-nin də də 30-u şöbə müdirinindi, 20 də mənim "obedpulu"mdu.

Sonra yenidən monitora çevrilir, "siçan"ı qurdalayır, birdən sevincdən gözləri parıldayır: statusuna 6 dəqiqəyə 94 bəyənmə gəlib!

Məmur özündənrazıhalda kresloya yayxanır, kişinin yalvarış dolu səsi sevincini qursağında qoyduğundan qaş-qabağı sallanır:

- Qadan alım, olanım budu, bir gör neynəyə bil...

- 200 manat, vəssalam!

- Qurbanın ol...

- Əşşi, sən nə zəhlətökən adammışsan. Bir qəpik aşağı olmaz dedim, deməli, olmaz də! Get, pulun üstünü düzəldəndə gəlib arayışını da alarsan.

Kişi məyus addımlarla otaqdan çıxır.

Elə bu vaxt katibə qapının ağzında görünür.

- M. müəllim, o kişi yenə gəlib?

- Hansı kişi?

- Deyir, Qarabağ qazisiyəm, bədənimdə neçə qəlpə gəzdirirəm, əgər ərizəmin üstünü yazmasanız lap yuxarılara şikayət edəcəm.

- Kimə istəyir şikayət eləsin! – məmur acıqla dillənir. – Bədənində qəlpə gəzdirirmiş! Mənə nə? Ona mən demişdim ki, gedib özünü güllə qabağına versin.

- Elə belə də deyim?

- Lap üstünə beşini də qoy de! Əcəb işə düşmüşük. Bu camaatı necə başa salasan ki, havayı pendir tələdə olur. Rədd elə getsin. Nə vaxt pulunu gətirər, ərizəsinin də üstünü yazaram.

Katibə gəldiyi kimi, nazlana-nazlana otaqdan çıxır.

Məmur onu arxadan görməmişcəsinə süzür və inilti qartışıq mızıldanır: “Canın yansın elə, canııın!”.

Bunu deyib yenidən monitora çevrilir, barmaqları ilə ehmalca klaviaturanı döyəcləyə-döyəcləyə yeni facebook statusunu yazır: "Qarabağ qisasa çağırır bizi!".

Sonra təntənə ilə "paylaş" sözünün üzərinə tıklayır...