Düzgün sual axtarışında...

Qədim yunan filosoflarından bəri sual vermək düşünən insanların kütlələrə təlqin etdiyi bir fəzilət olmuşdur. Nietzschenin də dediyi kimi “Uğrunda yaşadığı niyəsi olan asanlıqla necənin öhdəsindən gələr”. Fəqət bu məqamda sualla bağlı yeni bir sual ortaya çıxır- “Həqiqətənmi hər bir sual cavab axtarmağa laiqdir?”.

Dünyaca məşhur təkamülçü-biolog Richard Dawkins eyni zamanda üzləşdiyi məntiqsiz və biraz da gülməli suallarla da məşhurdur. Misal üçün Dawkinsin Avstraliyalı jurnalist Andrew Dentonla olan müsahibəsi məndə hər zaman gülüş oyadır. Həmin söhbətdə Denton ciddi səslə Dawkinsdən “Sizcə uğur nədir?” deyə soruşur. Azacıq fikrə gedən Dawkins, üzündə axtardığı şeyi tapa bilməməyin veridiyi çaşğınlıq ilə “Bilirsiniz, mən adətən belə suallara cavab vermirəm...siz lüğətə baxa bilərsiniz” deyir. Bir qədər sonra Denton Dawkinsə “Aynaya baxdıqda kimi görürsünüz?” sualını verir. Dawkins biraz daha çaşğınlıq içərisində “Mən ancaq özümü görürəm...” cavabını verir. Dawkinsin mühazirələrdə də qeyd etdiyi kimi “Qısqanclığın rəngi nədir?” sualı bəlkə də bir ədəbiyyatçı üçün maraqlı səslənə bilər amma ümumiyyətlə bu sual niyə cavab axtarmağa layiq olsun ki?

Cavabdan öncə sual axtarmaq

Amerikalı yazar Thomas Pynchon deyir ki “Əgər sizə səhv suallar verdirirlərsə artıq onların cavablarla bağlı heç bir narahatlığı qalmır”. Bəşəriyyətin elmi-texnoloji inkişafı düzgün cavab tapmaqdan daha çox düzgün sual qoymaqdan keçib. Misal üçün insanlıq minilliklər boyunca uçmaq istəyib, amma bu istəyinə səhv qoyulmuş sualla çatmağa çalışıb – “Mexaniki quşu necə qurmaq olar?”. Ta Da Vinçidən bəri düşünən insanlar uçmaq üçün ideal mexaniki quş modeli tapmağa çalışıblar. Halbuki, uçmaq üçün insana quşun mexaniki kopyasını qurmaq yox uçmağın elmi prinsiplərini anlamaq lazım gəlirdi. Yəni əslində düzgün sual belə olmalıydı - “Quşlar hansı fiziki prinsiplərlə uçur?”. Elmin inkişafı ilə bu prinsiplər aşkarlandı və insan uçmağa mexaniki qanadları çırparaq deyil motorların köməyi ilə havada təzyiq fərqi yaratmaqla nail oldu.

Doktoranturaya başlayan tələbələrin etdiyi əsas səhv, daha doğrusu doktoranturaya başlamaq qərarından sonra etdikləri əsas səhv sualdan əvvəl cavab axtarmağa başlamaqdır. Halbu ki, elmi fəaliyyət düzgün cavab tapmaqdan əvvəl düzgün sual qoymaqdan keçir. Doktorantura təhsilimin başlanğıcında görüşdüyüm bütün professorlar mənə adətən iki sual verirdilər: “Tədqiqat sualın nədir?” və “Səncə nəyə görə bu sual maraqlı olmalıdır?”. İstənilən elmi məqaləni açsanız bu ardıcıllığı görəcəksiniz - əvvəlcə məqalədəki elmi sual ortaya qoyulur və daha sonra bu sualın nəyə görə əhəmiyyətli olması izah olunur. İnsanlığın uğurları düzgün sual qoyanların payına düşür...

İstədiyimiz cavabı almaq üçün yoxsa doğru cavab üçün sual vermək

Dawkinsin də qeyd etdiyi kimi bəzi suallar ümumiyyətlə düşünməyə dəymir. Məsələn, “Dağların varolma məqsədi nədir?” sualı bu qəbildəndir. Çünki bu sual “məqsəd” kimi antropogen əsaslı konsepsiyanı dağlarla assosasiya edir. Məqsəd antroposentrik (insan mərkəzli) xarakter daşıyır. Müasir insan erkən yaşlarından ətrafındakı hər bir nəsnənin bir funksiyasının və ya məqsədinin olduğunu öyrənir. Qapı tutacağı əlimizin ölçüsünə görə dizayn olunub, çünki onun varlıq məqsədi/funksiyası bizə gündəlik ehtiyacımızı (qapını açmaq) mümkün qədər rahat şəkildə yerinə yetirməkdə kömək etməkdir. Yəni Antroposentrik düşüncə uşaqlıqdan bizim şüuraltımıza hopur və dolayısı ilə bizim dünyanı sorğulamağımızda əsas elementə çevrilir. Həyatı bu tərzdə sorğulamaq bəlkə şəhər həyatının qaydalarını öyrənməkdə faydalı ola bilər, amma kainatla və ya fiziki qanunlarla bağlı mövzularda antroposentrik yanaşma bizi öyrənməyə başlamadan səhv məlumatlarla yükləyir.

Təsadüfi deyil ki, dinlər də antroposentrik fərziyyələrlə ərsəyə gəlmişdir. Dünyada hakim olan böyük dinlərə görə Tanrı bütün heyvanatı insan övladı üçün yaradıb. Hətta din adamları bu fikri isbat etmək üçün bir sıra “məntiqi” arqumentlər də gətirirlər - ətrafımızdakı heyvanların bizə ərzaq və ya təsərrüfat işləri baxımından faydalı olması kimi. Fəqət bu antoposentrik yanaşma təqribən 240 milyon il əvvəl ortaya çıxmış və 66 milyon il əvvəl kökü kəsilmiş dinozavrların “varlıq məqsədini” izah edə bilmir. Yəni Tanrının niyə dinozavrlarla insan arasına təqribən 64 milyon il qoymasını izah etmək mümkün deyil. Odur ki, əgər bir insan dağların var olma məqsədini sorğulayırsa biz bir şeyi dərhal hökm edə bilərik – həmin insanın düşüncə dünyası antroposentrikdir, yəni o bütün gördüyü şeylərin birbaşa və ya dolayısı ilə onunla bağlı olduğunu düşünür.

Doğrudur biz bu sualı “Dağların funksiyası nədir?” şəklində ifadə etsək bəlkə də bir geoloq üçün maraqlı bir tədqiqat mövusu ortaya qoymuş olarıq. Amma o da aydındır ki bu sualı istənilən bir dinin təbliğçisinə yönəltsək “Tanrı dağları insanın rahatlığı üçün yaradıb” şəklində cavab alacağıq. Qısacası əgər düzgün şəxsə yönəltməsək bu sual bizi ancaq qaranlıq keçmişə aparacaq. Buna görə də insanlığı inkişaf etdirən suallar olduğu kimi ona ancaq ətalət vəd edən suallar da var. Səhv suallar səhv cavablar doğurur. Özlüyündə səhv cavablar səhv fikirlərə, onlar da səhv hərəkətlərə qapı aralayır. Bəlkə də ona görə səhv suallara qarşı amansız olmalıyıq...

Sən həyatın üçün hansı mənanı seçmisən?

Çox qarşılaşdığımız daha bir səhv sual – “Həyatın mənası nədir?” sualıdır. Əslində, Friedrich Nietzsche’nin də dediyi kimi “Yaşamaq əzab çəkmək, sağ qalmaq isə çəkilən əzabda bir məna tapmaq üçündür”. Yəni həyatın mənası tamamilə antroposentrikdir. İnsan öz həyatının mənasını özü müəyyən edir/etməlidir.

Boyhood filmi yəqin ki çoxlarının yadındadır. Bu film olduqca qeyri-adidir – aram-aram 11 ildə çəkilib. Film bir uşağın 6 yaşdan 18-ə qədər olan problemli və sıradan həyatını təsvir edir. Maraqlısı budur ki, film uzun müddətdə çəkildiyindən aktyorların filmin səhnələrində tədricən yaşa dolduqlarını görə bilirsiniz. İlk dəfə filmi dostlarımla müzakirə edəndə ilkin qənaətimiz bu oldu ki, “Bu film çox mənasızdır!”. Bunu eşidən bir dostum etiraz etdi – “Bəlkə də filmin mənası elə onun “mənasızlığındadır”. Biz vərdiş etmişik ki oxuduğumuz bütün romanlar, baxdığımız bütün Hollywood filmləri başdan sona maraqlı sujet xətti ilə və mesajlarla zəngin olsun. Axı bu real deyil, yaşam əslində filmlərdəki qədər rəngarəng deyil və çox vaxt həyatın mənası asanlıqla məlum olmur”.

Filmlər və romanlar bizə müəyyən bir həyat “mənası” aşılayır. Bu məna adətən yazarın və ya rejissorun dünya baxışıyla bağlı olur. Oxucular da ilk olaraq təsirləndikləri əsərlərlə öz həyatları arasında paralellər qurur və çalışırlar ki, onlara aşılanan “həyat mənasını” öz kontekslərində tətbiq etsinlər. Soljenitsini örnək alanlar bəzən müasir Soljenitsin olmağa çalışırlar. Amma bəlkə də bu dövrə Soljenitsin lazım deyil və ya Soljenitsinin getdiyi yol müasir dövrdə tamam başqa nəticə verəcək. Qısacası, olmaq üçün olmaq başdan uğursuzluq vəd edir. Odur ki, insan bilməlidir ki, həyatın mənası müəyyən deyil, hər insan öz həyat amalını özü seçir/seçməlidir. Böyük şəxsiyyətlər və onların həyatı sizə yol göstərməlidir, amma günün sonunda əsas olan sizə məxsus və kainatda heç kimə nəsib olmamış fərqli həyat yaşamaqdır. Bəlkə də siz bəşər tarixində heç kimin ağlına gəlmədiyi yeni bir cığır açacaqsınız..?

Son olaraq Voyagerdən kiçik bir dərs...

Əgər Big Bangdən bəri kainatın yaşını 1 illik vaxt şkalasına uyğunlaşdırsaq, insanlığın bu kaintada mövcud olduğu maksimum 1-2 milyon il 31 Dekabrın son saniyələrinə təsadüf edir. Kosmik vaxt ölçüsü ilə insanlıq bu kainatda heç bir işartı qədər də yaşamayacaq və gec-tez bizim növümüzün sonu gələcək. Sonsuz zaman bizdən də intiqamını alacaq. Bəs onda bu insanlığın həyat mənası nədir?

1977-ci ildə kosmosun boşluğuna göndərilən Voyager gəmisi sanki insanlığın məcazi baş daşıdır. Voyagerdə insanlıqla bağlı tarixi faktlardan bütün xaqların folklor musiqisinə qədər geniş məlumat verən disk yerləşdirilib. Ümid edilir ki, biz bu kainatdan yoxa çıxandan sonra hansısa yad planetli həmin diski deşifrə edəcək və bizim haqqımızda məlumatlanacaq. Mənə elə gəlir ki, Voyagerlə birlikdə insanlıq öz həyat mənasını müəyyən edib – özümüzdən sonra iz qoymaq. Amma bu yenə də bizi başa qaytarır – necə iz qoymaq? – Bax bu suala cavabı hər kəs özü tapmalıdır...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.