Orxan Pamuk “İstanbul; xatirələr və şəhər” əsərində futbol üzrə Türkiyə milli komandasının növbəti məğlubiyyətindən sonra stadiondan üzgün, dilxor çıxan adamları təsvir edir. Böyük təsvir deyil, amma həqiqətən çox təsirli səhnədir. Bəlkə də Orxan Pamukun yazdiqi ən təsirli səhnələrindən biridir.
... gözünü açandan, iməkləyəndən və yeriyəndən müxtəlif cürə qələbələrə alışmış bir adam həmin təsvirləri oxuyarkən bu qədər təsirlənməzdi
Düz deyirmişlər, bir əsəri başa düşmək üçün orda yazılanların heç olmasa bu və ya digər formada əlli faizini yaşamalısan. Aydın məsələdir, gözünü açandan, iməkləyəndən və yeriyəndən müxtəlif cürə qələbələrə alışmış bir adam həmin təsvirləri oxuyarkən bu qədər təsirlənməzdi. Niyə? Çünki həmin təsvirdə söhbət heç də təkcə komandasının məğlubiyyətinə görə dilxor olan, dilxorçuluqdan sakitcə tünd siqaretlər çəkən adamlardan getmirdi. Nə demək istədiyim aydın olsun deyə burda çıqqılı, lakin kifayət qədər ibrətamiz bir əhvalat nəql etmək məcburiyyətindəyəm.
Neçə il əvvəl üzümün tükü töküləndə çox dilxor olmuşdum. Dilxor olmuşdum xeyli dərəcədə yüngül sözdü. Başımı tamam itirmişdim. İpləmənin biri üzdən tük tökülməsinin sifilisin əlaməti olduğunu deyərək məni bərk qorxutmuşdu. Keçmişlərdə bir neçə böyük yazıçı bu xəstəliyə düçar olsalar da, razılaşın ki, bundan təsəlli almaq, ovunmaq mümkün deyildi. Nəsə, getdim həkimlərə. Bir həkim tükün vitamin çatışmazlığından, başqası stressdən, bir başqası isə həm vitamin çatışmazlığından, həm də stressdən töküldüyünü dedi. Dərman yazmışdılar, amma yazılan dərmandan istifadə etmək əvəzinə axmaq inadkarlığıma salıb əsəbimdən sifətimə hər gün sarımsaq sürtürdüm. Bir dəfə bərbərxanaya gedən zaman bərbərlə aramda absurd dərəcəyə çatmış bir dialoq baş verdi. Bərbər tökülən tükləri nəzərdə tutaraq soruşdu: müalicə edirsən? Dedim, hə, edirəm, sarımsaq sürtürəm. Bərbər dedi ki, filan dərman var, ondan al sürt. Soruşdum, nədən hazırlanır o dərman. Dedi sarımsaqdan. Dedim əgər həmin dərman sarımsaqdan hazırlanırsa, elə sarımsağın özün sürtərəm də... Bərbər dedi ki, yox elə deyil, həmin dərmanın bir qramına bir kilo sarımsağın gücünü yerləşdiriblər.
Hər şeyi yazmağın, hər şeyi əhatə etməyin mümkünsüzlüyü bəzi yazıçıları isə amansız yaradıclıq böhranına salır və nəticədə nə qədər qəribə də olsa, bütün hadisələr ədəbi xammal kimi onun üçün küll halında öz əhəmiyyətini itirir.
Həyat və yaradıcılığının müəyyən bir dövründə yazıçı yaşadığı və təsirləndiyi bütün hadisələri, gördüyü sifətləri, mənzərələri, kecirdiyi hissləri əsərlərdə təsvir etməyin mümkünsüzlüyünü anlayır. Hər bir ürəyin öz şəxsi tarixçəsi var. Bir ürəyin şəxsi tarixçəsini axıra qədər, saysız-hesabsız təfərrüatlarla, detallarla nəql etmək, ayrı-ayrı epizodları, məqamları sujetə salmaq, bədii həllini vermək, sənin təsirli hesab etdiyin hadisə ilə başqalarını da təsirləndirmək, sənin maraqlı hesab etdiyin hadisəni başqaları üçün də maraqlı etmək, əlbəttə, olduqca çətin məsələdi. Yazıçılardan bəziləri vəziyyətdən çıxış yolu kimi bir kilo sarımsağın gücünü bir qrama yerləşdirməyə cəhdlər edirlər və bədii təfəkkürü yüksək olan oxucuların ən azı bu cəhdləri qiymətləndirəcəyinə, anlayacaqlarına, yazılanlardan əlavə yazılmayanları da hiss edəcəklərinə ümid bəsləyirlər. Hər şeyi yazmağın, hər şeyi əhatə etməyin mümkünsüzlüyü bəzi yazıçıları isə amansız yaradıclıq böhranına salır və nəticədə nə qədər qəribə də olsa, bütün hadisələr ədəbi xammal kimi onun üçün küll halında öz əhəmiyyətini itirir. Bəli, təəssüf ki, belə hallar da olur!
Pamuk “İstanbul; xatirələr və şəhər” əsərində stadiondan dilxor çıxan adamların təsviriylə bütöv bir dövrün ab-havasını əhatə etməyi, yəni bir kilo sarımsağın gücünü bir qrama yerləşdirməyi bacarmışdı. Stadiondan çıxan dilxor adamların təsvirinin mənə bu qədər təsir etməsinin başlıca səbəbi bu idi.
“İstanbul; xatirələr və şəhər” əsərində stadiondan çıxan dilxor adamların təsviri məni təsirləndirməklə bərabər, həm də yaddaşımı kəskin şəkildə qıcıqlandırdı, neçə-neçə buna oxşar hadisələri xatırlamağa məcbur etdi. Xatırladım ki, milli komanda növbəti dəfə məğlub olmuşdu və biz, bir dəstə gənc çıxıb “Gənclik parkı”nın içi ilə qaranlıqda sakitcə, danışmadan addımlayırdıq. Sonra elə bir əlamətdar hadisə baş vermədi. Dəmir yol vağzalına qədər sakitcə gəldik, vağzalda bir neçə nəfər sağollaşıb öz ev-eşiyinə dağılışdı. Bəndeyi-həqiriniz də daxil olmaqla bir neçə nəfər isə Səməd Vurğun parkına getdi. Parkın içində çadırdan yeməkxana düzəltmişdilər. Bir növ yas mağarına oxşayırdı. Orda toyuq kababı verirdilər. Toyuq kababı, turşu, çörək, göyərti, limonad və araq. Vəssalam, bütün menyu bunlardan ibarət idi. Dilxor halda bir az toyuq kababı yedik, bir az araq içdik və bir-birimizlə sağollaşıb evimizə-eşiyimizə dağılışdıq. Təxminən buna oxşar başqa bir hadisə də yadıma düşür. Onda hospitalda yatırdım. Milli komanda yenə də məğlub olmuşdu. Söhbətcil, zarafatcıl şöbə müdiri bizi, oyuna baxan bir neçə adamı dilxor görəndə səbəbini soruşdu. Səbəbini dedik. Dedik ki, milli komanda filan ölkənin komandasına məğlub oldu. O da dedi ki, sizin başınız xarabdı, gör nəyi özünüzə dərd etmisiniz, bəyəm “Zapı” “Kamaz”a qalib gələ bilər? Bu qısa və amansız izah məni sarsıtdı. Onun belə amansız izah verməsinin səbəbi görəsən nə idi; həyat təcrübəsi, şəxsi sarsıntılar hesabına yaranmış müdriklik, yoxsa çılpaq sinizm? Doğrudan da Rusiyanın birinci divizyonunda oynayan, milliyə çağrılmış oyunçulardan qələbə, daha doğrusu, möcüzə gözləyirdik. Yox, xahiş edirəm, məni düzgün başa düşün. Heç vaxt ciddi futbol azarkeşi olmamışam. Heç vaxt hər hansı komandaya ciddi azarkeşlik etməmişəm.
Sadəcə o vaxt məğlubiyyətdən bezmişdik, qələbə istəyirdik. Ümumiyyətlə, qələbə. Şöbə müdiri qısa izahla elə bil gözlərimi açdı...
Uşaqlıqda bir az “Spartak Moskva”ya rəğbətim olub. Futbolda hər hansı qələbədən təsirlənib ciddi shekilde coshmamisham, her hansi meqlubiyyeti ciddi shekilde ürəyimə salmamışam. Sadəcə o vaxt məğlubiyyətdən bezmişdik, qələbə istəyirdik. Ümumiyyətlə, qələbə. Şöbə müdiri qısa izahla elə bil gözlərimi açdı. İnanın, hələ o vaxt başa düşdüm ki, yaxın keçmişdə baş verənlər, Elçibəyin Kələkiyə qaçması filan jurnaldı, kino hələ qabaqdadı. Hele qabaqda cox sheyler bash verecek. O, allahsız, dini-imanı olmayan şöbə müdirinin qısa, amansız izahından necə sarsıldımsa, heç nə deyə bilmədim. Susdum. Amma Zaqataladan bir əsgər vardı. O susmadı. Başladı şöbə müdiri ilə mübahisə etməyə. Ciddi-cəhdlə sübut etmək istəyirdi ki, bu günün “Kamaz”ları da nə vaxtsa “Zapı” olublar.
Bütün bunları niyə yazıram? Bunları yazmağımın bir səbəbi var. “Qol.az” saytında Anar Şabanoğlunun futbol üzrə Azərbaycan və Portuqaliya milli komandalarının 18 il əvvəl keçirilmiş oyunlarından bəhs edən yazısın oxudum. Komandaların hər iki oyununa stadionda baxmışdım. O vaxtın ab-havası, söhbətləri kifayət qədər yaxşı yadımdadır. Hadisədən xəbərsiz adamları “iki oyun” sözü bir az çaşdıra bilər. Ona görə də keçmişə kiçik bir səyahət etməliyik. O vaxt iqtidar artıq ölkədə bütün sahələri nəzarət altına almağa, bütün sahələri ələ keçirməyə başlamışdı. AFFA-nın prezidenti Fuad Musayev idi. AFFA-nı da Fuad Musayevin əlindən almaq istəyirdilər. O isə qətiyyətli bir şəkildə müqavimət göstərirdi. Müstəqil, yarım müstəqil, müxalifyönlü qəzetlər də Fuad Musayevin tərəfində idi. Azərbaycan və Portuqaliya komandlarının birinci görüşündə, birinci hissədən sonra stadionda işıqlar söndürüldü. Bəli, bu da olubdur. Stadionda işıqların söndürülmə səbəbi hamıya bəlli idi. Fuad Musayevi AFFA-dan kənarlaşdırmaq istəyirdilər. İş o yerə, o dərəcəyə çatmışdı ki, milli komandanın oyununda işıqları söndürməyə belə əl atmışdılar. Oyun təxirə salındı. Sabahı gün Azərbaycan və Portuqaliya komandaları yenidən qarşılaşdılar və oyun 1:1 hesabı ilə başa çatdı.
Bunu indi təsəvvür etmək çətindir. O vaxt nə qədər müstəqil, yarım müstəqil, müxalifyönlü qəzetlər vardı. Neftin pulu gəldi və hər şey darmadağın oldu. Həmin günləri xatırlayanda bu gün ölkədə azadlıqların nə qədər boğulduğunu, vəziyyətin nə dərəcədə ağırlaşdığını daha dərindən başa düşürsən.
Nəyi demək istəyirəm? Onu demək istəyirəm ki, bu günün reallıqlarından baxanda həmin günlər adama çox uzaq görünür. Ona görə yox ki, üstündən 18 il keçib. Ona görə ki, sonralar baş berən hadisələr həmin günləri bizdən çox uzaqlaşdırıb. Təsəvvür edin ki, indi iqtidar hər hansı bir qurumu nəzarət altına almaq istəyir və həmin qurumun rəhbəri qətiyyətlə müqavimət göstərir, geriyə çəkilmir. Bunu indi təsəvvür etmək çətindir. O vaxt nə qədər müstəqil, yarım müstəqil, müxalifyönlü qəzetlər vardı. Neftin pulu gəldi və hər şey darmadağın oldu. Həmin günləri xatırlayanda bu gün ölkədə azadlıqların nə qədər boğulduğunu, vəziyyətin nə dərəcədə ağırlaşdığını daha dərindən başa düşürsən. Onu da başa düşürsən ki, pul qurtarmayınca yaxşılığa və pisliyə doğru heç nə dəyişən deyil. Elə bu anda, bu dəmdə bir gürcü jurnalistin sözləri yadıma düşür: “Hər dəfə Azərbaycanla bağlı xəbər oxuyanda Allaha şükür edirəm ki, nə yaxşı Gürcüstanda neft yoxdu. Eybi yox, qoy kasıb yaşayaq, təki orda olanlar burda olmasın”.
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.