Gəncin hədəfi dəyişməsə, ölkə dəyişməz

Bir neçə il bundan öncə Avropa və ABŞ Universitetlərində təhsil alan gənclər arasında gələcək karyera arzuları haqqında sorğu keçirmişdilər. Məlum olmuşdu ki, ABŞ-da tələbələrin cəmi 4%-i öz gələcək karyeralarını dövlət və hökumət sektorunda, siyasətdə, bələdiyyə və digər idarəetmə orqanlarında qurmaq istəyirlər.

Bəlkə ona görədir ki, son 20 ildə ABŞ siyasətinin və idarəçiliyinin keyfiyyəti aşağı düşüb, nəticədə isə Tramp kimi prezident seçdilər.

Sorğuda iştirak edənlərin 60%-ə yaxını gələcəkdə öz işini, biznesini qurmağı arzuladığını demişdi, 35%-dən çoxu isə gələcəkdə Apple, Microsoft, Amazon, Tesla, Facebook, Google kimi şirkətlərdə çalışmaq istəklərini bildirmişdilər. Yeri gəlmişkən, siyasətdə və idarəetmədə işləmək istəyən həmin o 4%, əsasən, təhsildə "axsayan" tələbələr olub. Bəlkə ona görədir ki, son 20 ildə ABŞ siyasətinin və idarəçiliyinin keyfiyyəti aşağı düşüb, nəticədə isə Tramp kimi prezident seçdilər.

Avropada isə idarəçilikdə, dövlər və hökumət sektorunda işləmək istəyənlərin sayı 10% civarında olub, ən çox Fransada və Yunanıstanda tələbələr gələcəkdə özlərini bu sahəda görüblər. Öz işini qurmaq istəyənlərin sayı 45%-dən az olub, yerdə qalanlar isə böyük banklarda və korporasiyalarda karyera qurmaq istədiklərini bildiriblər.

Qərbdə elmin, texnologiyaların, biznesin ciddi inkişaf səbəblərindən biri də yaxşı təhsilli gənclərin özəl sektora üstünlük verməsi, öz "uğur hekayələrini" məhz bu sahədə qurmağa çalışmalarıdır.

Bizdə tələbələr arasında belə bir sorğu aparılsa, bəlkə də, 90%-i gələcəkdə "dövlət qulluqçusu" olmağı, verği-gömrük-polis-müstəntiq-hakim işləməyi arzulayarlar.

Bizdə tələbələr arasında belə bir sorğu aparılsa, bəlkə də, 90%-i gələcəkdə "dövlət qulluqçusu" olmağı, verği-gömrük-polis-müstəntiq-hakim işləməyi arzulayarlar. Əksəriyyətin ən ülvi arzusu prezident aparatında, nazirlikdə işləməkdir. Günah da onlarda deyil, ölkədə "uğur hekayəsi" qurmağın, varlanmağın yolu məmurluqdan, büdcə oğurluğundan, korrupsiyadan keçir. Onlar ətrafına baxıb görürlər ki, varlılar, yaxşı yaşayanlar, bahalı evdə qalanlar, lüks maşın sürənlər, Avropada dincələnlər məhz onlardır.

Orta və kiçik biznes can verir, mülkiyyət toxunulmazlığı, ədalətli rəqabət, azad məhkəmə yox, iri biznes də elə həmin məmurların əlində - bu sistemdə, belə oyun qaydaları hakim olan cəmiyyətdə o gəncləri necə qınayasan ki?!

Amma hamımız, əsas da hökumət bilməlidir ki, iş adamının nazirdən, fermerin icra başçısından, kafe və restoran işlədənin məmurdan hörmətli, varlı olduğu bir sistem qurulmasa, bu ölkə batacaq, yoxsullaşıb, tam qaranlıq bir dövrə qədəm qoyacaq.

Belə, düşünün xanımlar və cənablar, düşünmək ziyanlı deyil...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.