Dövlətçilik etüdlərindən:

"Şeydi... Bu gün elə sevinmişəm ki… Deməli "epilyasiya" məhkəməsində partapart beş dəqiqəlik blits proseslər gedir, "müttəhimləri" gətirib məzələnirlər, göndərirlər koridorun axırındakı gözləmə otağına. Qadasın aldığım konvoylar da dustaqların qohumlarıynan şıdırğı görüş, peredaça alveri aparırlar. Bu dəmdə bir ağsaqqalı toppuş leytenant itələyib otağdan çıxardı və komandir səsi ilə bayırdakına bağırdı: - Fazil, bi dənə adam icazəsiz bura girə bilməz, DÖVLƏT VAR, DÖVLƏTÇİLİK VAR!!! Kişi başını aşağı salıb dayandı yanımda. Dedim-ağsaqqal, nə olub, nə çığırdırsan bu tifili? Dedi-məəllim, 20 manat pulum var, deyirəm beşi mənim rayona qayıtmağa yol pulum, 15 manata uşaqla 10 dəqiqə görüş ver, on aydır üzünü görmürəm. Deyir- taksa 30 manatdı, sənə 5 manat keçərəm, 25 ver... Nə isə, birtəhər yola verdik, kişi sevinə-sevinə pulu dombagöz toppuşa verib keçdi içəri...

İndi nəyə sevinirəm - axır ki altmış yaşımda DÖVLƏTİN və DÖVLƏTÇİLİYİN bazar qiymətini öyrəndim! İndi arxayın ölmək olar...

Dədənin əppəyi və mamanın verib səni Kürdəxanıya işə düzəltdiyi rüşvət sənə hala olsun, cənab leytenant! Düppədüz eləyirsən! 15 AZN DÖVLƏTİ və DÖVLƏTÇİLİYİ satmağa azdı! Çox az!!! İyirmi də azdı! İyirmi beşə yeri var, amma əhalinin az təminatlı hissəsi üçün. Otuz AZN normal qiymətdi, sat getsin! Kimdə çərənləsə ki, ay nə bilim, rüşvət DÖVLƏTİN belini qırır, DÖVLƏTÇİLİYİN anasını ağladır, fikir vermə, boş söhbətdi! Lox olma bala. Səndən yuxarıdakılar gənə kimi daraşıblar bu millətin canına, qanını sorurlar, mıqq eləyən də yoxdu, sənə nə olub, rıjiy zadsan?! Bas getsin, vətən oğlu!

P.S. Toppuş ağsaqalla alverini qurtarıb çıxdı çölə, gördü tək qalmışam, dedi-məllim, sən niyə bayırda qalmısan? Gəl səni də buraxım içəri... Dedim-sağ ol atası girib, görüşür. Dedi-olsun də, sən də gir, dedim- pul var, neynən girim?! Bərkdən güldü, dedi- dilbilən kişilərə can qurban! Dedim-sağ ol leytenant, möhkəm dayan!!! Lazım gəlsə səni kimi oğullarla Qarabağı-zadı hopp eləyib alacağıq! Ləzzət elədi cənab leytenanta...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.