Azərbaycan şikəstəsi...

ƏN BÖYÜK TƏŞƏKKÜRLƏR...

Bəlkə də Üzeyir bəyin böyüklüyü ondadır ki, çoxlarının yaşa dolduqca anlamağa başladığı muğamı o, hələ erkən yaşlarında, bir gənc ikən başa düşmüşdü.

Düşünürsən ki, hətta sovet dövrü də bununla bacarmadısa, bu millətin qibləsini və musiqi duyumunu dəyişə bilmədisə, daha ona zaval yoxdur.

Nə gizlədim, mən də sıravidən də sıravi bir dinləyici kimi bu böyük sənəti il üstünə ül gəldikcə, yaşım artıqdıqca dərk etməyə başlayırım. Heç özüm də bilmirəm ki, muğamda insanı valeh edən nədir... Bəlkə də dərin bir iztirab, daxili bir yanğı insanları özünə cəlb edir bu sənətdə?..

Bilmirəm. Bildiyim odur ki, ildən-ilə muğam festivalı mənə daha maraqlı gəlir, bir verilişi belə buraxmıram. Bu il də belə oldu və həftənin əvvəlində bu yarış gözəl ifalarla başa çatdı.

Çox təşəkkürlər, minnətdarlıqlar səsləndi final yarışında. Amma mənə elə gəlir ki, ən böyük təşəkkürlər Azərbaycan xalqının payına düşür. Heç kim yox, məhz bu xalq muğamı əsrlər boyu qoruyub, nəsildən nəslə ötürüb və bu günə gətirib çıxarıb.

Düşünürsən ki, hətta sovet dövrü də bununla bacarmadısa, bu millətin qibləsini və musiqi duyumunu dəyişə bilmədisə, daha ona zaval yoxdur. Axı sovetlərin ilk illərində “Oxuma, tar, sevmir səni proletar...” deyənlər və yazanlar da vardı...

GƏNCLƏRİ AYAQ ÜSTƏ GÖRƏNDƏ...

Nə isə... Əsas heç də bu deyil. Odur ki, nə proletariatın sinfi çağırışlarına, nə də ki, sovetləşdirmə dövründəki milli, mədəni və etnik kodların aşınmasına baxmayaraq tar oxumağını dayandırmadı və bu günlərədək gəlib çıxdı.

Gəncləri ayaq üstə görəndə, onları mahnı yarışlarında, idman tədbirlərində, hətta imtahanlarda və sınaqlarda mübarizə aparan görəndə düşünürəm ki, ötəri geriləmələr də nə vaxtsa dayanacaq və bu millət yenidən ayaq üstə dura biləcək.

Həm də bu yarışlarda məni cəlb edən başqa bir detal da var. Gəncləri ayaq üstə görəndə, onları mahnı yarışlarında, idman tədbirlərində, hətta imtahanlarda və sınaqlarda mübarizə aparan görəndə düşünürəm ki, ötəri geriləmələr də nə vaxtsa dayanacaq və bu millət yenidən ayaq üstə dura biləcək.

Əsas odur ki, insanlarda, xüsusən də cavanlarda mübarizə əzmi və ruhu yaşasın, qalan bütün məsələlər düzələndir...

GÜRCÜSTAN BACARDISA...

Qərəz, daha bir muğam yarışması bitdi. Qaliblər sonda həmişə olduğu kimi “Qarabağ şikəstəsi”ni ifa etdilər. Sözüm yoxdur. Gözəl idi. Amma bir anlığa mənə elə gəldi ki, bizə “Azərbaycan şikəstəsi” də oxumaq heç pis olmazdı, hərçənd ki, musiqi fondumuzda belə bir əsər yoxdur.

...baxıb görürsən ki, azlıq edən təkcə bol və ucuz çörək deyil bu məmləkətdə, elə mənəvi qidaların da böyük kasadlığı var...

Bunu niyə deyirəm? İldən ilə bu ölkədə yaşamaq çətinləşir. Ona görə yox ki, buralar daima böhranlı və bahalıq ölkədir. Sadəcə, o səbəbdən ki, adam durub rusların ardınca “insan tək çörəklə tox olmur”– demək istəyir. Gəl, baxıb görürsən ki, azlıq edən təkcə bol və ucuz çörək deyil bu məmləkətdə, elə mənəvi qidaların da böyük kasadlığı var...

Bu günlərdə Avropa Birliyi Ukrayna ilə də vizasız rejimə keçdi. Belə təsəvvür yaranmasın ki, bu adamın da düşüncələrində dağınıqlıq yaranıb və o rabitəsiz şeylər danışır, bir məsələni qoyub digərinə keçir. Yox, əsla belə deyil, nə yazdığımın və nə dediyimin fərqindəyəm.

Azərbaycan hökuməti də bir müddətdir ki, Avropa Birliyilə danışıqlar aparır. Amma gəl, hökumət bu qurumla əməkdaşlığı sırf ticari-iqtisadi əlaqələrlə məhdudlaşdırmaq istəyir. Ona görə də bir çox məsələlər hələ də ləngiyir, çözümünü tapa bilmir...

Səbəbi? Bəli, əsas səbəbi budur ki, hökumətimiz siyasi islahatlar aparmaq və ölkəni demokratikləşdirmək istəmir, əksinə ölkə gündən-günə “şərqləşməkdə” davam edir.

Səbəbi? Bəli, əsas səbəbi budur ki, hökumətimiz siyasi islahatlar aparmaq və ölkəni demokratikləşdirmək istəmir, əksinə ölkə gündən-günə “şərqləşməkdə” davam edir. Əsl səbəbi budur. Amma danışanda Rusiyanı və ya başqa amili gözə soxurlar. Halbuki dərhal sual yaranır: əgər kiçik və elə bir iqtisadi resursu da olmayan qonşu Gürcüstan Rusiyanın təzyiqlərinə tab gətirirsə, bunu Azərbaycan niyə bacarmasın?

Ya da ki, belə “fikirlər” səslənir ki, Avropa ilə dərin inteqrasiyaya gedəndən sonra Gürcüstan da, Ukrayna da faktiki olaraq torpaqlarının bir hissəsindən məhrum oldu. Yenə də sual yaranır: Rusiya ilə ehtiyatla davranmaqla biz nə qazanmışıq? Qarabağın heç olmasa, bircə rayonunu qaytarmışıqmı?

NƏYİN NAMİNƏ?..

Belə suallar gələndə hökumət adamları adətən susurlar. Daha doğrusu, bu cür sualların səslənməsinin qarşısını alırlar. Ona görə ki, əsl həqiqəti eşitmək istəmirlər. Həqiqətsə budur ki, bəlkə nə vaxtsa bu günümüzə də şükrlər diləcəyik, bugünkü bir qətrə azadlığımız nə vaxtsa bizə bir dərya kimi görünəcək – necə ki, bizim əbədi mürgü döyən müxalifətimiz indi hətta 90-cı illərin həsrətini çəkir...

Elə ona görə də yazının adını başqa bir şey yox, “Azərbaycan şikəstəsi...” qoydum. Çünki dərinə varanda itirdiklərimiz təkcə bir bölgə ilə, hətta Qarabağ kimi cənnət – məkan bir bölgə ilə məhdudlaşmır. Çox şeylər itirdik və çox şeylərdən vaz keçdik bu illərdə. Özü də nəyin naminə? Elə adamın ürəyini çəkən də bax bu sualdır: Axı nəyin naminə?

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.