Qərib məzarlar gətirilsin, ya... toxunulmasın?

Məhəmməd Əmin Rəsulzadənin məzarı. Ankara, Türkiyə

Cümhuriyyət qurucularının məzarlarının Vətənə gətirilməsi zaman-zaman gündəmə gəlir.

Artıq Cümhuriyyətin 100 illiyinin astanasındayıq və bu mövzunun aktuallaşması təbiidir.

Məzarlar gətirilsin, ya gətirilməsin?

ÖZLƏRİ NƏ DEYƏRDİLƏR?

Görəsən, özləri bu məsələyə necə baxardılar?

Məsələn, 1934-cü ilin noyabrında Əlimərdan bəy Topçubaşı Parisdə dünyadan köçəndə, Məhəmməd Əmin Rəsulzadə onun məzarı başında nitq söyləyib.

İllərdir ki, həmin nitqin bir cümləsi ilişib qalıb beynimdə...

“MÜSAFİR OLDUĞUN TORPAQDA BASDIRILMAQ” DƏRDİ

Rəsulzadə deyib: “Millət yolunda çalışanlarımızdan bir böyüyü ilə halallaşırıq.
Heyhat! Azərbaycan parlamentinin şanlı rəisini, Nümayəndə Heyətinin sayqılı başçısını müsafiri olduğumuz Fransa torpağına əmanət buraxırıq”.

“Prometey” dərgisinə rusca yazdığı variantda isə Əmin bəy çıxışına bu sözləri də artırıb: “Təəssüf ki, biz onu öz ana vətənində dəfn edə bilmirik...”.

Fikir verdinizmi? Rəsulzadə onun ana vətəndə dəfn olunmadığına təəssüflənir və bu da təbiidir. Kim əzizinin yad torpaqda gömülməsini istər ki?!.

“GƏLƏR, SƏNİ OĞLUNLA BƏRABƏR BURADAN ALAR...”

Məzar başındakı nitqinin sonunda Rəsulzadə daha maraqlı bir fikir deyir: “ ... Çox çəkməz, məmləkət qurtular; və o zaman mütəşəkkir millət ilk parlamentinin rəisini, istiqlal davasının vəkilini xatırlar, gələr, səni oğlunla bərabər buradan alar, arzu etdiyin vətən torpağına götürər və xatirəni əbədiləşdirər...”.

Bax, budur, Rəsulzadənin illərdir fikrimdən çıxmayan sözü: “məmləkət qurtular və səni oğlunla bərabər buradan alar, arzu etdiyin vətən torpağına gətirər və xatirəni əbədiləşdirər”.

Məmləkət qurtuldu. Amma bu məmləkət cümhuriyyət qurucularının “arzu etdiyi” məkana çevrildimi?

Fikrimcə, yox!!!

Elə isə qərib məzarları ölkəyə gətirməyə lüzum varmı?

“İSTİQLAL NƏSLİNİN İLK YAPAÇAĞI VƏZİFƏ...”

Rəsulzadənin Nəsib bəy Yusifbəyli ilə bağlı yazdığı bir məqalə də var.

Nəsib bəyin qətlindən sonra yazılıb: “Müzəffər istiqlal nəslinin ilk yapacağı şükran vəzifələrindən birincisi siyasi azərbaycançılığın ilk mübəşşirlərindən Nəsib bəy namını əbədiləşdirmək və Bakı ilə Gəncədə ona birər abidə qoymaqdan ibarət olmalıdır!..”.

İstiqlal nəsli “ilk yapacağı” vəzifəni yerinə yetirdimi?

Yox! Heç Rəsulzadənin özünə doğulduğu kənddən başqa abidə qoyulmadı...

99-CU 28 MAYISDA...

Elə isə, qərib məzarlar hələ yerlərində qalsınlar.

Nə vaxt ki onların arzuladıqları “istiqlal nəsli” hakimiyyətə gələcək, məsələ heç bir xahişlə, məktubla, müraciətlə deyil, öz-özünə həllini tapacaq.

Hələliksə, 99-cu “28 Mayıs” günü Novxanıdakı abidəni ziyarət edək!!!

BİZ HAQQ ETMƏDİK...

Müqəddəs məzarların qayıdışını biz görməsək də olar.

Təki balalarımız görsünlər!

Təki nəvələrimiz görsünlər!

Təki onlar haqq etsinlər!

Biz haqq etmədik...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.