Həmrəylik üçün platforma varmı?

KƏNARDAN ÖZÜMÜZƏ BAXANDA...

Bir tərəfdən düşünürsən ki, kaş müsəlman ölkələrinin və cəmiyyətlərinin səsi-sədası elə idman meydançalarından və yarışlardan gəlsin.

Üstəlik, onu da qəbul etməli olursan ki, dünyanın 54 müsəlman ölkəsinin təmsilçilərini bir şəhərdə, özü də dinc idman tədbirində bir araya gətirmək heç də kiçik iş deyil.

Amma yenə də fikirlər və bu fikirlərin yaratdığı qəliz suallar adama rahatlıq vermir ki, vermir.

...bir tərəfdən qürur duyursan ki, dünyada bu qədər müsəlman ölkəsi var. O biri tərəfdən düşünürsən ki, əcaba, bunların demək olar, hamısı sərt avtoritarizmin hökm sürdüyü ölkələrdir ki!..

Bəli, İslam Həmrəyliyi Oyunlarının açılışının ən təntənəli hissələrindən biri müxtəlif ölkələrin idmançılarınıın meydana daxil olması səhnəsi idi. Bu səhnəni seyr edəndə bir tərəfdən qürur duyursan ki, dünyada bu qədər müsəlman ölkəsi var və bu qədər müsəlman cəmiyyəti azad-müstəqil dövran keçirir.

O biri tərəfdən də qəfil bir müşahidə az qala ürəyinin şiddətini artırır. Qeyri-ixtiyari olaraq ağlına gələn fikirdən az qala özün də bayılırsan və düşünürsən ki, əcaba, bunların demək olar, hamısı sərt avtoritarizmin hökm sürdüyü ölkələrdir ki!..

Bəli, tədbirə qatılmış 54 ölkədən yalnız birini – Türkiyəni demokratik ölkə adlandırmaq olar. Onu da yalnız hələki! Ona görə “hələki” deyirəm ki, yaxınlarda Türkiyə telekanallarından birindən eşitdiyim xəbərə heç özüm də bilmədim sevinim, yoxsa ağlayım?

Bəli, aparıcı açıq-aşkar bir sevinc içində dedi ki, bundan sonra basketbolçu qadınlara baş örtüyü taxmağa icazə veriləcək!.. Elə Bakıda İslam Oyunlarının açılışını seyr edəndə daha çox bu detala diqqət yetirdim – bəli, bütün ölkələrin olmasa da, bir çoxunun qadın idmançları meydana baş örtüyü ilə çıxmışdılar...

QARABAĞ PROBLEMİNİ NƏZƏRƏ ALMASAQ...

Ona görə də elə hey özümə düşünürəm ki, 54 ölkənin həmrəy olması, bir mövqedə bulunması üçün bir platforma-zəmin varmı? Azərbaycanı bu ölklərin sırasında seyr etmək adama həqiqətən də ləzzət edirdimi?..

Qarabağ problemindən savayı mən belə bir platforma görmürəm. Düzdür bir çox islam ölkələri Azərbaycana təcüavüz olunması faktını və Ermənistanı bir təcavüzkar ölkə kimi tanıyıb, amma əksər hallarda bu, siyasi bəyanatdan o tərəfə getmir.

Məni qınamayın, Qarabağ problemindən savayı mən belə bir platforma görmürəm. Düzdür, İslam Əməkdaşlıq Təşkilatı da, bir çox islam ölkələri də Azərbaycana təcüavüz olunması faktını və Ermənistanı bir təcavüzkar ölkə kimi tanıyıb. Təbii ki, buna görə onlara minnətdarıq...

Amma əksər hallarda bu, siyasi bəyanatdan o tərəfə getmir. Hələ onu demirəm ki, bəzi ölklərin timsalında tamam mənasız bir qərara çevrilir. Məsələn, İran da Ermənistanı təcavüzkar ölkə kimi tanıyıb. Amma bunun real bir ifadəsi varmı? Təəssüf ki, yoxdur. Həmin İran Ermənistanı təcavüzkar ölkə kimi tanısa da onunla ən geniş siyasi-iqtisadi əlaqələrə malikdir!

Təbii ki, bütün müsəlman ölkələrinin haqqında bunu demək olmur, çünki Türkiyə və bir az da Pakistan kimi ardıcıl ölkələr də var. Amma bu iki ölkə islam dünyasında daha çox istisna kimi görünür, nəinki vahid bir tendensiya kimi...

AVTORİTAR LİDERLƏRİN MÜSƏLMAN TİPİ

Qərəz, Qarabağ problemini çıxanda görürsən ki, islam dünyasında həmrəylik məsələsi yumşaq şəkildə desək, çox mübahisəli bir iddiadır və üstəlik, vətəndaş kimi də Azərbaycanı belə bir avtoritar düşərgədə deyil, Qərb ölkələrinin yanında görmək istərdik...

Əsəd deyir ki, bir-iki ilə ölkədə sabitlik yarada bilməsəm, o halda istefa verəcəm! Təsəvvür edirsinizmi, bu qədər həngamədən, bu boyda fəlakətlərdən sonra bu adam istefa sözünü indi dilə gətirir, üstəlik, şərt də qoyur!..

O gün baxıram, Suriya prezidenti B.Əsəd deyir ki, bir-iki ilə ölkədə sabitlik yarada bilməsəm, o halda istefa verəcəm! Təsəvvür edirsinizmi, bu qədər həngamədən, bu boyda fəlakətlərdən sonra bu adam istefa sözünü indi dilə gətirir, üstəlik, şərt də qoyur!..

Sanki bu adamın xəbəri yoxdur ki, artıq ölkə yoxdur, bəli, demək olar ki, Suriya yoxdur və bunun da birinci baiskarı məhz B.Əsəddir!..

Nədən bu qədər islam ölkəsinin içindən məhz onu yada salıdım? Ona görə ki, axtarsan, bütün avtoritar müsəlman ölklərinin liderlərinin psixologiyası belədir – bu adamlar suç, günah nə olduğunu və özlərinin nəyə görəsə məsuliyyət daşıdıqlarını ağıllarına belə gətirmirlər...

AZƏRBAYCAN QƏRBÇİLİYİNİN İKİ ƏSRDƏN ARTIQ YAŞI VAR...

Ona görə də sevinməyək ki, “biz” bu qədər çoxuq. Gəlin, Azərbaycan üçün başqa bir siyasi düşərgə arayaq. Arabir özümdən hey soruşuram ki, görən, qərbçilik, demokratiya idealları azərbaycanlılar üçün nə qədər doğmadır? Ölkənin çağdaş siyasi durumuna görə özümüz haqqında elə də yüksək fikirdə olmasam da tamam bədgüman da deyiləm, ona görə ki, yadıma Mirzə Fətəli Axundov, maarifçi - demokratlar, Azərbaycan operası və klassik musiqisi və təbii ki, birinci demokratik Respublika düşür...

Mən Azərbaycanı islam ölkələrinin sırasında o vaxt sakit seyr edərdim ki, demokratik Azərbaycanın bu ölkələrə təsirini hiss edərdim.

Bunlar sadəcə, gözəgəlimli söz sırası deyil, milli xəzinəmizdir. Amma bunun fərqindəyikmi? Mən Azərbaycanı islam ölkələrinin sırasında o vaxt sakit seyr edərdim ki, demokratik Azərbaycanın bu ölkələrə təsirini hiss edərdim.

İndisə tamam əks proseslər görürük – cəmiyyət də olmasa, hər halda, ölkə hakimiyyətinə uzunömürlü islam despotiyaları daha maraqlı gəlir, çünki özlərinin də ürəyindən az qala əbədi olaraq hakimiyyətdə qalmaq sevdası keçir...

Ona görə də demək olmur ki, Azərbaycanla islam ölkələri arasında, ümumiyyətlə, həmrəylik üçün platforma yoxdur. Var və onu hakim siyasi partiya tapıb. Amma bu elə platformadır ki, aydınlığa yox, üzücü bir məchulluğa, lap orta əsrlər Şərqinə aparır...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.