Aşıqlığı lağlağıya çevirənlər

Təzəlikcə ölkənin gündəmi “itin toyu” idi. Taleyüklü məsələlər, daha ciddi ictimai-siyasi problemlər barədə inadkarcasına susan uca millət, sevgili xalq üçün bu, göydəndüşmə oldu. Goranboyda “itinə toy edən iş adamı”nın ünvanına o ki var döşəyib, bir növ səs çıxara bilmədikləri “təhlükəli mövzularla” bağlı da daxili qəzəblərini soyutdular, rahatladılar. Ta ki növbəti mücərrəd, sonuncu dərəcəli “etiraz şousunadək”!

Camaatımızın məntiqinə görə, iti boğuşdurmaq olar, amma ona toy etmək olmaz. Yeri gəlmişkən, vaxtilə mətbuatda məmurların öz aralarında itboğuşdurma yarışları təşkil etdiyi barədə çox yazılırdı...

Camaatımızın məntiqinə görə, iti boğuşdurmaq olar, amma ona toy etmək olmaz. Yeri gəlmişkən, vaxtilə mətbuatda məmurların öz aralarında itboğuşdurma yarışları təşkil etdiyi barədə çox yazılırdı. Hətta bir dəfə oxumuşdum ki, xaricdən məxsusi gətirdikləri cins itlər üçün hər ay 1500-1800 manat xərcləyən oliqarxlarımız var. Halbuki hətta rəsmi rəqəmlərə görə ölkədə orta aylıq əmək haqqı bundan bir neçə dəfə azdır.

Amma “itə toy eləmək” uca millət, sevgili xalqımızın xətrinə dəyir, onu cin atına mindirir.

Hamısı bir yana. Guya heç Seyid Əzimə “Köpəyə ehsan”ı yazdıran da biz olmamışıq...

***

Aşıqlığın mahiyyətindən, fəlsəfəsindən tamam uzaqlaşmağın, ona yadlaşmağın, ona ögeyləşmənin, ondan imtinanın rəsmi isbatından başqa nədir bunun anlamı?!

Məni ən çox ağrıdan həmin “toy”da oxuyan aşığın balabançısının Aşıqlar Birliyi adlı sovetdənqalma qurumdan qovulması oldu. Əlbəttə, adamdan soruşarlar ki, sənin, adı belə çox biabırçı olan qurumda nə işin vardı? Necə yəni “Aşıqlar Birliyi”?! Nə deməkdir bu? Aşıqlığın mahiyyətindən, fəlsəfəsindən tamam uzaqlaşmağın, ona yadlaşmağın, ona ögeyləşmənin, ondan imtinanın rəsmi isbatından başqa nədir bunun anlamı?!

Hələ mən sovet ənənəsi olan və günümüzdə də davam edən “aşıqlar qurultayı”nı demirəm. Digər bütün qurultaylar (yazıçılar, müəllimlər, bəstəkarlar, həmkarlar və sair və ilaxır...) kimi, onun da hədəfi aydın idi: siyasi biətçiliyi, ictimai mütiliyi, mənəvi köləliyi gücləndirmək!

Bu torpaqlarda az-çox, pis-yaxşı epos mədəniyyəti, epos təfəkkürü yaranıbsa, ona görə məhz aşıq–ozan sənətinə minnətdar olmalı ikən, gəl gör ki, bu sənət bax beləcə, məqsədyönlü şəkildə karikaturaya çevrildi.

Keçmişə kiçik bir ekskurs.

30-cu illərdən başlayaraq, Azərbaycanda kütlə şüurunu yeni hakim sistemə sintez etmək üçün aşığa da (tıpkı şairlər, yazıçılar kimi...) təzə don biçməyə başladılar. Həm geyim-geçim, həm də sənətkarlıq anlamında.

Bu gün bir çox aşıqların belə, fəxarətlə geyindiyi libas ki var - əslində məhz həmin illərin məhsuludur, Stalinin geyim modasına uyğunlaşdırılaraq hazırlanıb!

Bu gün bir çox aşıqların belə, fəxarətlə geyindiyi libas ki var - əslində məhz həmin illərin məhsuludur, Stalinin geyim modasına uyğunlaşdırılaraq hazırlanıb!

Ardınca aşıqların repertuarı dəyişdirildi. İrfan sistemi üzərində qurulmuş aşıq şeiri tədricən məddahlığa, yaltaqlığa yönəldildib, konyukturanın əsirinə çevrildi, “İşıqlıdır lampaları kolxozun”, “Biz gedirik kommunizmə” kimi bayağı, əttökən “məhsullarla” mövcud sistemin vintciyi və təkərciyi funksiyasını yerinə yetirməyə başladı.

Və eyni ənənə bu gün eyni şövqlə davam etdirilir.

Sonuc ortadadır: günümüzdə saz qədər lağlağı predmetinə dönən ikinci bir sənət aləti, aşıqlıq qədər məzə obyektinə dönən ikinci bir ifaçılıq sənəti varmı?!

Bundan utanmaq yerinə “itin toyunda oxuyan aşığı və balabançı”nı nifrət hədəfinə çevirmək, bütün suçu onların çiyinlərinə yükləməyə çalışmaq həm ironiya, həm ikrah doğurur. Axı onlar problemin kökü deyillər. Onlar problemin məntiqi sonluğu, yekunudurlar.

Bu coğrafiyada aşıqlar bir zamanlar xalq qəhrəmanlarının öykülərini yaradırdılar. Camaatın qanını zəli kimi soranlara qarşı çıxanların dastanlarını düzüb-qoşurdular.

Bu coğrafiyada aşıqlar bir zamanlar xalq qəhrəmanlarının öykülərini yaradırdılar. Camaatın qanını zəli kimi soranlara qarşı çıxanların dastanlarını düzüb-qoşurdular.

80 ildən bu yana isə aşıqlıq həmin missiyasından, həm də varlıq səbəbi olan missiyasından imtina edib. Tufarqanlı Abbasdan toyxana səviyyəsinə enib.

A bəy, nə gəzirsən hallı-havalı,

Süleyman mülkünün yiyəsi kimi?!

Nədəndir yaxşının başın kəsməyə

Hazırsan xəncərin tiyəsi kimi?! –

deyə oxuyan Aşıq Bəstidən Aşıq Telliyə düşüb.

Yəhya bəy Dilqəmin ağrılarını, iztirablarını vəzifəlilərin, biznesmenlərin, yeganə üstünlüyü maddi güclərində, tutduqları postlarda olanların şəninə vəsfnamələr oxumağa dəyişib.

Bütün bunlardan xəcalət çəkmək yerinə, aşıqlığın gerçək missiyasını özünə qaytarmaq haqqında düşünmək əvəzinə bir fağır aşıq, ya da balabançı tapıb sağdan da, soldan da qabırğasına döşəmək, onlardan “suç keçisi” düzəltmək riyakarlıqdır.

Bütün bunlardan xəcalət çəkmək yerinə, aşıqlığın gerçək missiyasını özünə qaytarmaq haqqında düşünmək əvəzinə bir fağır aşıq, ya da balabançı tapıb sağdan da, soldan da qabırğasına döşəmək, onlardan “suç keçisi” düzəltmək riyakarlıqdır. O aşıq, o balabançı aşıqlığın indiki ürəkağrıdan duruma düşməsində ən az günahı olan tərəfdir. Hətta ən məsum tərəfdir. Yuxarıda da yazdığımız kimi: təkcə ona görə ki, onlar səbəb deyillər, nəticədirlər.

Aşıqlığa belə ürəyiniz yanır, belə cəsarətlisiniz, nəticə ilə deyil, səbəblə döyüşün.

Əks halda onun daha da dibə vurmasına, daha da gözdən düşməsinə, daha da aşağılanmasına yardımçı olmaqdan başqa heç nəyə yaramayacaqsınız!

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.