BİR YAZ GÜNÜNDƏ...
Gün də elə münasib, ya uğurlu deyildi. İlk mülayim yaz günlərindən biri olsa da uzun müddətlik pauzadan sonra nəhayət ki, baş tutmuş Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü 28 aprelə - ölkənin Rusiya işğalına məruz qaldığı günə təsadüf etmişdi...
...sovetlər dövrü və yaxud da Rusiya imperiyasının möhtəşəm vaxtları olmasa da bu ölkə Qafqaz bölgəsində yenə də “ilk skripka” rolunu oynamaqda davam edir.
Elə diqqət çəkən də o idi ki, daha sovetlər dövrü və yaxud da Rusiya imperiyasının möhtəşəm vaxtları olmasa da bu ölkə Qafqaz bölgəsində yenə də “ilk skripka” rolunu oynamaqda davam edir.
Əslində hamı buna alışıb. Digər iki həmsədr adətən münaqişənin müzakirələrinin gedişində bir tərpəniş olanda görünməyə başlayırlar və qalan bütün vaxtlarda isə özlərinin sönük və bezdirici bəyanatları ilə insanların ovqatını bir az da təlx edirlər.
QARABAĞ PROBLEMİ BU QƏDƏR ORİJİNALDIRMI?
Qərəz, proses – münaqişənin siyasi həll variantlarının çözülməsi elə dayandığı yerdən, ötən ilki mərhələdən başladı. Amma yadda qalan və ümidverici xüsusi bir detal olmadı. Sadəcə, deyildi ki, tərəflər müzakirələrin davam etməsində maraqlı olduqlarını bildiriblər.
Yada salanda ki, cəmi bir-iki ay bundan irəli hər iki tərəfdən hərbi ritorika özünün pik həddinə çatmışdı və tərəflər biri-birini az qala yaxın və orta mənzilli raketlərlə hədələyirdilər, hətta buna da şükr deyirsən.
Ona görə yox ki, Ermənistanın Rusiya silahlarını özününkü kimi nümayiş etdirməsi və Azərbaycanı bunlarla hədələməsi böyük təlaş yaradır...
Ona görə yox ki, Ermənistanın Rusiya silahlarını özününkü kimi nümayiş etdirməsi və Azərbaycanı bunlarla hədələməsi böyük təlaş yaradır. Təbii ki, belə deyil – orada hansı silah varsa, Azərbaycanda da ondan, hətta bir az da yeni və müasir silahlar vardır...
Məsələ başqa şeydədir. Rusiya bölgədəki hərbi balansı elə nizamlayır ki, Ermənistanı sülhə sövq etmək üçün imkanlar qalmır. Problem məsələnin bu cəhətindədir. Sirr deyil ki, uzun illərdir Azərbaycan öz iqtisadi və demoqrafik üstünlüklərinin gec-tez real hərbi üstünlüklərə də gətirib çıxaracağını düşünürdü. Amma gəl, Azərbaycanda bir silah peyda olmamış Rusiya dərhal Ermənistanda onun analoqunu yerləşdirir.
Bu da, yəni sonu görünməyən silahlanma yarışı münaqişənin siyasi həllinin tapılmasını əngəlləyir, ona görə ki, Rusiyanın sayəsində tərəflər arasında “hərbi paritet” qalmaqda davam edir...
Tərəfləri, xüsusən də Azərbaycan ərazilərini işğal etmiş Ermənistanı sadəcə sülhə və barışa dəvət etməklə bir şey olmayacaq, çünki...
Halbuki uzun illərin bir acı qənaəti vardır. Tərəfləri, xüsusən də Azərbaycan ərazilərini işğal etmiş Ermənistanı sadəcə sülhə və barışa dəvət etməklə bir şey olmayacaq, çünki bu mümkün olsaydı onda Qərb ölkələri, məsələn, Ukrayna məsələsinə görə Rusiyaya qarşı sanksiyalar tətbiq etməzdilər və “Biz vasitəçiyik” deyib prosesi bütünlüklə münaqişə tərəflərinin üstünə atmazdılar.
Beləcə, onlarla misal gətirmək olardı ki, yalnız və yalnız ən müxtəlif çeşidli – hərbi, iqtisadi və siyasi təzyiqlər bu və ya digər konfliktin həllinə gətirib çıxarıb.
İndi nə olub? Qarabağ problemi bu qədər orijinal olubmu ki, böyük ölkələri onun həlli üçün indiyədək dünyada sınaqdan keçirilən və yeganə təsirli vasitə hesab edilən üsulları tamam bir tərəfə tullayıblar? Etiraf edək ki, o qədər də ciddi səslənmir bu...
“AÇAR BİZDƏDİR” DEYİRLƏR, AMMA...
O ki qaldı Rusiyanın diplomatik dirijorluğu ilə prosesin haradan başlayaraq inkişaf edəcəyinə, belə deyilir ki, Moskva da, Bakı da məşhur Qazan şərtlərilə razıdır. Qalır, necə deyər, Ermənistanı da razı salmaq.
...bütün bunlar da Rusiyanın oyunudur və artıq neçə illərdir Azərbaycan bunun acısını yaşamaqda davam edir.
Amma burada da bir ştrix özünü çox, olduqca qabarıq göstərir – bütün bunlar da Rusiyanın oyunudur və artıq neçə illərdir Azərbaycan bunun acısını yaşamaqda davam edir. Rusiyalı diplomatlar və ya siyasətçilər on illərdir deyirlər ki, münaqişənin açarı Rusiyadadır, hətta bu ölkə istərsə onu cəmi “ikicə həftəyə həll edər”...
Amma həll etmirlər və belə niyyətləri də yoxdur. Mən də razıyam ki, münaqişənin açarı Rusiyadadır, amma görünür, bu ölkə artıq çoxdandır həmin açarı Moskva çayına atıb...
QIZIL YUMURTLAYAN TOYUĞU KƏSMİRLƏR
Azərbaycanda tez-tez deyirlər ki, filan cür hərəkət etsək, filan məsələlərə razılıq versək, onda problem həll olunar. Amma doğrudanmı belədirmi?
...bir vaxtlar hökumət strukturlarında ciddi vəzifələr tutmuş adamlar etiraf edirdilər ki, vaxtilə Rusiyaya Qarabağın qayıtması müqabilində çox şey vəd olunmuşdu. Amma Moskva bununla razılaşmadı...
Bir də görürsən ki, kimlərsə, məsələn, münaqişənin həllini Avrasiya İttifaqına üzv olmaqda görür. Fəqət, bir vaxtlar hökumət strukturlarında ciddi vəzifələr tutmuş adamlar etiraf edirdilər ki, vaxtilə Rusiyaya Qarabağın qayıtması müqabilində çox şey, hətta Kollektiv Təhlükəsizlik Təşkilatına üzv olmaq belə vəd olunmuşdu. Amma Moskva bununla razılaşmadı...
Səbəbi aydındır. Kreml özünün bölgəni idarə etmək üçün illərlə istifadə etdiyi geosiyasi açarlardan birini – Qarabağ problemini heç nəyə dəyişmək istəmir. Otuz ilin ən acı reallığı da məhz budur, əks təqdirdə Qarabağ çoxdan qaytarılardı...
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.