İlk iş yerində diqqət etməli olduğunuz 5 məqam

Bu günlərdə Facebook və LinkedIn-də dostlardan “Azərbaycanda uzunmüddətli karyera qurmaq məqsədilə çalışmaq istədiyiniz şirkət hansıdır” sualını soruşmuşdum. Gələn cavabların çoxunda konkret şirkət, təşkilat adı yox idi və daha çox ölkəmizin biznes mühitindəki problemlər qeyd edilirdi. Əlbəttə ki, hazırda ölkəmizdə karyera qura bilmək ümidilə harasa işə düzəlmək deyil, dolanışıq üçün təki hardasa işə düzəlim prinsipi daha keçərlidir. Amma ara-sıra çox yaxşı iş yerləri olur ki, onlara giriş səviyyəsində yeni məzun olanları işə götürürlər. Tələbələrin məzun olmaqlarına çox az qalmış bir ərəfədə düşünürəm ki, bu yazı onlara faydalı olar. Belə ki, siz əgər uğurlu CV hazırlayıb müsahibəyə dəvət olunubsuzsa və müsahibəni də uğurla keçib işə başlamısınızsa, o zaman bu 5 məqama mütləq əməl edin:

  1. Özünüzə əmin olun, amma həm də sadə olun – Rəqabətdə bəzən özündən niyə görəsə güclü hesab etdiyin insanlara qalib gəlib yeni iş yeri tapırsansa, xüsusən də bu iş yerində korporativ mədəniyyət orta və ya yüksəkdirsə istəmədən belə şişirsən. Ona görə də gərək bir əlində mütləq özünü partlatmaq üçün iynə gəzdirəsən. Necə ki, körpə uşağın növbəti addımları onun valideynləri tərəfindən çox asan proqnozlaşdırıla bilinir, eləcə də yeni işçinin hərəkətlərini onun menecerləri çox rahat proqnozlaşdıra bilirlər. Burada da iki məsələ var ki, biri işçinin xeyrinə, biri isə ziyanına işləyir. İşçi özünü nə qədər özünə əmin göstərə bilirsə, bir o qədər rəğbət qazanır. Əgər bu özünəəminlik sən özün sezmədən belə özündənrazılığa, kobudluğa doğru gedirsə bunu çalış ki, kontrol edə biləsən.
  2. Şirkəti və ya təşkilatı daha da yaxşı tanıyın – Əlbəttə, əgər siz bu mərhələyə gəlib çatmısınsa demək ki, sizin şirkət və ya təşkilat haqqında kifayət qədər məlumatınız var. Ən azından sosial mediadakı səhifələrini izləyirsiniz, internet səhifəsinə baxmısınız. Amma şirkət həmişə daxildən fərqli olur. Şirkətin çətin günləri olur. Təhlükəli anlar yaşayır. Bunlar sizi qorxuzmasın. Siz nəzər yetirin görək şirkət bu çətinliklərə necə tap gətirəcək. Bəzən sizə bu çətinliklər keçilməz gələ bilərlər və həvəsdən düşə bilərsiniz. Ancaq axırda çox təəssüf ki, siz yanılacaqsınız. Əgər bu şirkətdə Azərbaycandaxili və ya xarici şirkətdirsə dünya üzrə ucalmaq imkanları varsa, sizi həvəsdən salanlara qulaq asmadan karyera yüksəlişi imkanlarını öyrənin.
  3. İşə konsentrasiya olun – Yeni iş yeri, iş yerindən dostlar, işdən check-inlər. Bunlar çox maraqlıdır, bəzən faydalıdır, amma həm də təhlükəlidir. Siz işə yeni dostlar qazanmağa və ya Facebook-da girib Azərbaycanda hər şeyin pis olduğunu yazmağa götürülməyibsiniz. Sizi konkret vəzifə üçün götürüblər. Ola bilsin ki, iş yeri bunun üçün sizə lazımi istiqamətlər vermir, amma yenə də ruhdan düşməyin. Yuxarıda da dediyim kimi şirkəti dərindən araşdırın, sektorunuzu öyrənin. Öyrənməyə, yeni məlumatlar əldə etməyə, iş prosesini təkmilləşdirmək məqsədilə ona töhfələr verməyə can atın. Yəni fikrinizi işinizə yönəldin. İnanın ki, ən faydalısı budur. Mənim artıq 10 ildən artıq iş təcrübəm var. Bilirsiz özümü ən çox niyə qınayıram. İş vaxtı fikrimi yayındıran məsələlərə vaxt ayıranda. O ki, qaldı dostlara. Əlbəttə bizim həyatda bəzən ən yaxın dostlarımız işdən qazanadıqlarımızdır. İnsan faktiki gününün 3-də biri yatırsa, birini yolda, ailəsilə olursa, qalan birini də işdə keçirir. Burada bizə çox doğma insanlar olur. Bu proses isə təbii gedir və sizin şəxsi keyfiyyətləriniz, bacarıqlarınız fonunda tez və ya gec ola bilər. Narahat olmayın, sosiallaşmaq üçün kifayət qədər vaxtınız olacaq.
  4. Naharı unutmayın – Adətən işlər nahar daxil 9 saat olur. İndi ola bilər ki, sizin işiniz 9 saatdan çox olsun və ya şənbə günü də işləyəsiniz. Hər halda korporativ standartları ciddi olan şirkətlərdə belə problemlər olmur. Ancaq belə şəraitdə işləyirsinizsə bu da problem deyil. Bir məsələni unutmayın. Sizin gün ərzində istirahət etmək, görüşlər keçirtmək, şəxsi işləri görə bilmək üçün 1 saat vaxtınız var. Məsələn, mən bu yazını nahar fasiləsi vaxtında yazıram. Nahar vaxtı demək olar ki, xidmət sektoru tam işlək olur. Yəni mən ənənəvi nahar vaxtı, 1-2 arası olan deyirəm. Ola bilsin ki, siz elə xidmət sektorundasınız və nahar vaxtı sizdə fərqlidir. Sözümün canı odur ki, bu bir saatı faydalı istifadə etməyə rutinləşdirin. Naharı unutmayın deyərkən həm də yemək yeməyin vacibliyini qeyd etmək istərdim. Az da olsa nahar vaxtı mütləq qida qəbul edin. Çox yemək isə bilməmiş olmazsınız, sizə nahardan sonra yuxulululuq gətirəcək.
  5. Biraz az səbirli olun – İndi Azərbaycanda ən çox müzakirə olunan məsələlərdən biri icraçıların sanki azalması ilə bağlıdır. İndi çox adam menecer, rəhbər və ya öz biznesinin sahibi olmaq arzusu ilə yaşayır. Bu əlbəttə ki, çox gözəldir. Ancaq mən sizə bu məsələdə səbirli olmağlı arzulayıram. Baxın, 2000-ci ilin əvvəlində Azərbaycanda cəmi 5-10 tədris mərkəzi olardı, indi onların sayı yüzlərlədir. Əlbəttə ki, bu müddət ərzində öz biznesini ağılla quran şirkətlər oldu ki, indi bazarda gəlir baxımından böyük paya malikdirlər. Yeni qurulan şirkətlərə də çətindir. Bu öz yerində, həm də 3-4 il bundan qabaq Azərbaycanda bu qədər sayda restoran var idimi? Yox. Bu mövzunu çox davam etmək olar. Qısası onu demək istəyirəm ki, narahat olmayın. Bir neçə ilə yeni biznes sahələrində imkanlar olacaq. Bəli, siz də tez-tez oxuyursunuz ki, filankəs təhsilini yarımçıq qoydu, işdən çıxdı getdi özünə biznes qurdu. Doğurdan da belə bir ideyanız varsa işləyə-işləyə bunu biraz təkmilləşdirin. Amma vacib olan odur ki, bir müddət, bir neçə il normal hesab etdiyiniz bir yerdə işləyib biznes mühitini öyrənin. Səbirli olmaq deyərkən, daha çox işinizi öyrənməyə sizi həvəsləndirmək istəyirəm. Ola bilər ki, birbaşa sizin vəzifəniz maraqsızdır və ya məhduddur. Şirkətin öz iş prinsipini, digərlərini işini öyrənin. Yeni əlaqələr qurun.

İlk iş yeri sizə gələcəyiniz haqqında düşünməyə də imkan verəcək və ola bilsin ki, siz hətta illərdir sevdiyiniz ixtisasınızı da dəyişmək haqqında düşündünüz. Əsas olan odur ki, siz özününüzü daha yaxşı tanıyasınız. Əlbəttə ki, burada bir çox məsələləri qeyd etmək olardı. Bu an ağlıma gələn ən vaciblərini qeyd etdim. Əslində burada yazılanların bəziləri ilk iş yeri olmasa belə, yeni iş yeri üçün də keçərlidir. Sizi karyeranızda uğurlar arzulayıram!

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.