Instagram 700 milyon stifadəçi sayına çatıb

Foto, video paylaşım şəbəkəsi Instagram-ın aylıq istifadəçi sayı 700 milyona çatıb.

Bu barədə sosial şəbəkənin rəsmi bloqunda məlumat verilir.

2010-cu ilin oktyabrında qurulan Instagram-ın aktiv istifadəçi sayı yalnız 2013-cü ilin fevralında 100 milyona çatıb. 2014-cü ilin martında bu rəqəm 200 milyon olub.

Bundan əvvəl 100 milyon artım ən tez altı aya mümkün olub (İyun 2016-Dekabr 2016). 2016-cı ilin dekabr ayından 4 ay keçib. İlk dəfə sosial şəbəkənin aktiv istifadəçi sayı 4 ay içində 100 milyon artaraq 700 milyona çatıb.

Müqayisə üçün deyək ki, Instagram bu göstərici ilə artıq Twitter-dən iki dəfə böyükdür. Belə getsə sosial şəbəkənin istifadəçiləri tezliklə Facebook-un digər xidmətləri kimi milyardı aşa bilər. WhatsApp və Messenger 1.2 milyard, Facebook isə1.8 milyard istifadəçiyə sahibdir.

İstifadəçi artımında xidmətin Snapchat-dan götürdüyü Hekayələr (Stories) özəlliyinin də rolu olub. Bu ay özəllikdən gündəlik aktiv faydalananların sayı 200 milyonu aşıb. Bu rəqəm Snapchat-da 160 milyondur.

Auditoriyanın genişlənməsi sosial şəbəkəni həm də reklam üçün əlverişli edir. Xidmətin artıq 1 milyon aktiv reklam verəni var. Ötən ilin sentyabr ayında bu rəqəm 500 min olub.

Instagram həm də internet imkanları zəif olan istifadəçiləri nəzərə almağa çalışır. Android üçün proqramın offline versiyası da yenicə təqdim edilib. Şirkət bildirir ki. bu platformada faylların ölçülərini də minimuma endirmək üçün çalışır.