3D çap edilmiş elektrik motosiklet satışa çıxarılacaq

Milanda yerləşən "Italian Volt" şirkəti 3D printerdə çap edilmiş elektrik motosikleti satışa çıxarılır. "Lacama" adlı bu elektrobayk zahirən adi motosikletlərə bənzəyir.

Yeni motosikletin elan edilmiş göstəriciləri bunlardır:
• Saatda 100 km sürətini cəmi 4 saniyəyə yığır;
• maksimal sürəti saatda 18 km-dir;
• batareyası bir dəfəyə 200 kilometr yol qət etməyə imkan verir;
• "Lacama"nın çəkisi 245 kiloqramdır.

Yeni motosikletin detallarının çox hissəsi 3D printerdə istehsal olunub. İstehsalçılar maşının 12 detalının sifarişlə fərdi qaydada hazırlanmasını nəzərdə tutublar.

İstehsalatda 3D çap texnologiyasının nailiyyətlərinin tətbiqi konstruksiyanın əlavə xərc çəkmədən kastomizasiya edilməsini mümkün edib.

"Lacama" elektrobaykının əyləci və asqısı seriya şəklində istehsal olunur. Onun elektron hissəsinin işini isə standart kompüter təmin edir. Bu kompüter məlumatları seriya şəklində istehsal olunan antiblik monitora çıxarır.

"Lacama"nın çərçivəsi şirkətin zavodunda alüminiumdan hazırlanacaq.

Motosikletin sürət parametrləri onun benzinlə işləyən "qardaşlarından" geri qalır. Ancaq nəzərə alanda ki, heç də hər motosiklet alıcısı yüksək sürət, xromlu çərçivə və başqa yeniliklər arzulamır, bir çoxları böyük ehtimalla bu variantı bəyənəcəklər. Xüsusən də nəzərə alınmalıdır ki, Italian Volt baykının batareyalarının tam yüklənməsi 3 saat çəksə də, Combo DC çarcerin sayəsində yüklənmənin 80 faizi cəmi 40 dəqiqəyə başa çatır.

"Italian Volt" bazara sadəcə bir növ motosiklet çıxarmır. Əvəzində müştərilər "Lacama"nı öz zövqlərinə uyğun kastomizasiya edə biləcəklər.

"Italian Volt" şirkəti motosiklet istehsalı və motorlu idman sahəsində yeni deyil. Onun üç yaradıcısından ikisi, Nicola Colombo və Valiero Fumagalli, bir neçə il öncə elektrik motosikleti ilə ən uzun yolu qət edərək dünya rekordu qırıblar. Onlar Şanxaydan Milana qədər 44 gün ərzində 12380 kilometr yol qət ediblər. Şirkətin üçüncü yaradıcısı Adriano Stellino isə Lamborghini və Bertone kimi tanınmış motosiklet istehsalçılarının dizayneri olub.

"Italian Volt"un "Lacama"sının 35 min avroya satılacağı deyilir. Ancaq, əlbəttə ki, dəqiq qiymət sizin fərdi zövqlərinizdən və kastomizasiyanızdan asılı olacaq.

Maşının xüsusi smartfon əlavəsi onun yüklənmə vəziyyətinə məsafədən nəzarət etməyə, onun minik profilini, o cümlədən əyləcin vəziyyətini dəyişməyə imkan verəcək.

"Lacama"nın satışa çıxacağı dəqiq tarix hələlik müəyyən edilməyib. Ancaq maşının ilk sifarişlərinin 2017-ci ilin üçüncü rübündə qəbul ediləcəyi gözlənilir. Şirkətin internet səhifəsində indidən rezervasiyalarla maraqlanmaq üçün əlaqə forması yerləşdirilib.

"Italian Volt" mürəkkəb təmir və servis mərkəzləri məsələsini də həll edib. Belə ki, istər mühərrik, istərsə də batareyalar asanlıqla dəyişdirilə bilir. Motosikletinizi qəzaya uğratsanız şirkət sizin üçün sadəcə yeni ehtiyat hissələri çap edəcək və onları maşına yerləşdirəcək.