Qarışmamağın bədəli

İstər neft estakadalarında ard-arda baş verən və onlarla vətəndaşımızın ölümü ilə nəticələnən qəzalar olsun, istər bina yanğını nəticəsində yaşamını itirənlər olsun, istərsə də cəbhə xəttində şəhid olan əsgərlərimiz olsun – bunların hamısını bir məsələ birləşdirir.

Bu yaxınlarda rüşvətxorluq və qanunsuzluq daha beş can aldı. Sumqayıt avtobusunun qəza etməsi nəticəsində yaşamını itirənləri nəzərdə tuturam. Nə ilk deyildi, nə də son olacaq. Bəlkə də, bu qəza faktını siyasi sistemin mahiyyətinə bağlamağımı aşırı dramatikləşdirmə kimi də qəbul edə, bunu ancaq bir insanın məsuliyyətsizliyinə də bağlaya bilərsiniz. Ancaq özünüz səbəb-nəticə bağlantısı quraraq da məsələnin daha dərin bir səbəbdən qaynaqlandığını görəcəksiniz.

İstər neft estakadalarında ard-arda baş verən və onlarla vətəndaşımızın ölümü ilə nəticələnən qəzalar olsun, istər bina yanğını nəticəsində yaşamını itirənlər olsun, istərsə də cəbhə xəttində şəhid olan əsgərlərimiz olsun – bunların hamısını bir məsələ birləşdirir. Bu ölkədə insan həyatı çox ucuzdur. Ucuzluğun günahkarı da nə qədər paradoksal olsa da biz özümüzük.

Hər dəfə belə hadisələrdən sonra sosial şəbəkələrdə iki-üç günlük ajiotaj yaşanır və bitir. Ancaq bəziləri kimi bunu millətin unutqanlığına bağlamaq niyyətim yoxdur. Bu toplum psixologiyası ilə bağlı bir məsələdir. İstər inkişaf etmiş ,demokratik qərb ölkələrinin toplumlarında olsun istərsə də feodal, arxaik toplumlarda fərq etmir-toplum unutqandır. Ancaq heç məsələ bu da deyil. Məsələ, belə hadisələrin bir daha yaşanmaması üçün, onların kökünə enib səbəblərini aradan qaldırmaq üçün demokratik qurumların olub olmamasındadır.

Sumqayıt avtobusunun şoferinin dəfələrlə sürücülük vəsiqəsi əlindən alınıb, ancaq sonrasını bilirsiniz. Hələ mən 17 nəfərlik mikroavtobusa az qala 30 nəfərin sıxışdırılmasını demirəm.

Götürək elə son hadisəni. Heç kimə sirr deyilki, bu ölkədə pulun varsa istənilən havanı sifariş edə bilərsən. Pulunu ver kəndi tala, lap istəsən qanunun özünü də səhv çıxarda bilərsən. Sumqayıt avtobusunun şoferinin dəfələrlə sürücülük vəsiqəsi əlindən alınıb, ancaq sonrasını bilirsiniz. Hələ mən 17 nəfərlik mikroavtobusa az qala 30 nəfərin sıxışdırılmasını demirəm. Bu nəqliyyat vasitələrinə nəzarət edən qurumun bundan xəbəri yoxdurmu? Var. Bəs bu nazirliyin aid olduğu hakimiyyətin xəbəri yoxdurmu? Var. Bəs niyə tədbir görmürlər?! Cavab bəllidir.

Diqqət etdinizmi, bu tip hadisələrdə bir nəfər də olsun yüksək vəzifəli məmur məsuliyyətə cəlb olunmadı. Heç olunmayacaq da... Halbuki ierarxik qaydada yuxarıdan aşağıya doğru, birincidən adi jek müdirinə qədər hər kəsin burda məsuliyyət payı var. Avropada belə məmur özbaşınalığı nəticəsində yaşanan ölümlərdə nəinki məmur istefa verir, hətta çox vaxt hökümət istefaya gedir.

Səbəb nədir? Səbəb bu ölkədə qanunun ayaqlar altında və ancaq zəiflər üçün olmasıdır, səbəb seçki institutunun məhv edilməsidir, səbəb hakimiyyətin bir əldə cəmləşməsidir, səbəb ümumən dövlət məmurlarının vəzifələrinə qazanc yeri kimi baxmaqlarıdır. Halbuki Azərbaycan Konstitusiyasında vəzifə səlahiyyətlərindən sui-istifadə xalqa qarşı törədilmiş ən ağır cinayət sayılır. Bəli, bəli səhv oxumadınız. Ancaq di gəl ki, bunun tətbiqi sərf etmir, çünki insan həyatları üzərindən qazanc əldə etmək daha sərfəlidir.

Mənə dəyməyən ilan min yaşasın" deməklə deyil, bir gün gəlir bu ilan hər kəsə dəyir və o zaman qapısını döyüb haqqını istəyəcəyin bir qurum, bir nəfər də tapa bilmirsən.

Təsəvvür edin, Bakının gözdən könüldən iraq bir qəsəbəsində daş üstünə daş qoyub ev tikəndə səhərisi gün qanunsuzluq adıyla başının üstünü kəsdirsinlər, ancaq bu boyda ölkə sərvətini talan edəsən tükün də tərpənməyə. İnkişaf etmiş demokratik ölkələrdə məmur xalq qarşısında məsuliyyətini anlayır, əks təqdirdə işini itirəcəyini gözəl bilir. Məsələn Polşada nəqliyyat naziri gəlir bəyamnaməsində 6,600 dollarlıq saatını göstərmədiyi üçün istefaya getməyə məcbur olmuşdu. Demokratik ölkələrdə belə faktlar yüzlərcə, minlərcədir. Bizdə isə 2005-ci ildə qəbul olunan məmurların gəlir bəyamnaməsi haqqında qanun hələ də iks bir zamanda tətbiqini gözləyir.

Bütün bunları nəyə görə yazıram?! "Mənə dəyməyən ilan min yaşasın" deməklə deyil, bir gün gəlir bu ilan hər kəsə dəyir və o zaman qapısını döyüb haqqını istəyəcəyin bir qurum, bir nəfər də tapa bilmirsən. İllərlə əziyyət çəkib böyütdüyün oğlun, qızın və ya sənin üçün çox əziz olan valideynin, qohumun qanunsuzluğun və rüşvətxorluğyn qurbanı olur. Sənsə hələ də "siyasətə qarışmıram" deyirsən. Özün bilərsən, amma siyasətə qarışmamağın bədəli də budur. Qatlaşın.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.