Nostalji münacat

Hər kəsin mütləq uşaqlığında eşitdiyi bir və ya bir neçə nostalji münacat olub.

Bu dünyanın ən günahsız insanları elə Allahını, Yaradanını söyən adamlardır. Mən bu tufanası dağılmış allahsızları ilk dəfə doğulduğum Tanrıköydə görmüşəm. Tanrıköydən başqa da heç yerdə rastıma çıxmayıblar. Onlar başqaları kimi ayın bölünməsinə, İsanın üstəgəl formasına salınmasına inanan deyildilər. Bəlkə də dünyanın bu beyin yonan, qan yuyan işlərindən xəbərləri də yox idi.

Bu tanrıtanımazların Yaradan haqqında düşünməyə demək olar ki zamanları olmurdu. Onun elçiləri haqqında yas mərasimlərindəki söz-söhbətlərə də həmişə tanrıköylü qalırdılar.

Bu tanrıtanımazların Yaradan haqqında düşünməyə demək olar ki zamanları olmurdu. Onun elçiləri haqqında yas mərasimlərindəki söz-söhbətlərə də həmişə tanrıköylü qalırdılar. Yas mərasimi də onlar üçün iki nəsnədən ibarət idi; öləni quyulamaq, ehsan sahibinin aşından-dovğasından aşırıb şen olmuş dağılmışlarına çəkilmək… Tanrıköydə olanlarınız o saat anladı ki, şen olmuş dağılmış deyəndə bizim saflar ev-eşiklərini nəzərdə tuturlar.

Ona görə saf deyirəm ki, aya-xaça inananlardan fərqli olaraq bu Allah düşmənləri min hoqqadan çıxmırdılar. Kiminsə evinə mamır döşəmirdilər, kiminsə daxmasından kərpic salmırdılar. Siz tərəflərdə bunlara ev yıxmaq deyilir. Pambıq kolluqları damğasından alnı açıq çıxmışdılar; qapıbir qonşuların, ərini quyulamış arvadların cığırını döndərmirdilər. Alın yazıları ilə üysük oynamırdılar.

Sadəcə söyürdülər…

Bütün tərsliklərdən dolayı Allahı söyürdülər, çünki Onun mütləq monarx olduğuna inanırdılar. Alçaqlığın qabağına əliyalın yeriyəndə hər gün şillə-təpik yemələrinə rəğmən hoqqabazlığa, haqsızlığa qarşı çıxmaqdan usanmırdılar. Yenilgidən yorulmurdular, ona görə ki, bu onların beş vaxt namazına çevrilmişdi. Hər dəfə şillə-təpik yerləri göynəyəndə də üstündən Allahı söyməklə dəstəmaz alırdılar. Unudulmaqlarını, özlərinə qarşı diqqətsizliklərini həzm edə bilmirdilər. Bu hiss bəziləriniz arvadlarınızdan, bir qisminizə kişilərinizdən tanışdır deyəsən.

Onları qınamayın, siz yerdəki monarxınızın iki şapalağına bir cıqqır çıxara bilirsinizmi? Hələ yağlı cavab samballamağı demirəm.

Onları qınamayın, siz yerdəki monarxınızın iki şapalağına bir cıqqır çıxara bilirsinizmi? Hələ yağlı cavab samballamağı demirəm.

Keçək teoremimizin isbatına:

Bu allahını söyənlərdən biri Xətkeş Temiriydi, yeriyəndə də, oturanda da ayaq-boyun qarışıq mil durardı. Kənd sovetində vurma-bölmə işinə baxırdı. Süfrəsində löyün-löyün yeməkləri sevən adam idi. Arvadı hər səhər işə gedəndə bazarlıq adı ilə Temirdən üç “şirvan” qoparar, Xətkeş Sürməyə filan şey bişir deyəndə uşaqlarının anası göy imamları göydən bircə-bircə yerə endirərdi:

- Ay Temir, o göy imam haqqı verdiyin pula 8 yumurta, beş dəstə ispanaq, üç kilo da makaron-vermişel ancaq düşür.

- Aaaz, donuz qızı donuz, başlama gənə, göy imamın qarəlsin. İmamına, dininə qavlıyım, yalansa (düd…düd..düüüd…).

Bax beləcə Temir hər gün təkrarlanan, bu pozusu olmayan yazının “göy imamlarını” qara əskiyə bükməklə sakitləşirdi. Sürmə isə hər gecə o üç “şirvandan” İlmənin ərinə üç qutu “Prima”, uşaqlarına da üç-dörd dənə “perojna” göndərərdi Tufandan. Yəni, Temir Tufanın ailəsini, Tufan da Temirin uşaqlarının anasını dolandırırdı.

Temir işıq-qaz pulu yığanda da camaata çox əl tuturdu, kimin beş “məmmədini”, başqa bir əlsiz-ayaqsızın aylıq pulunu silirdi. Kəndin yağır adamları yandırdığı işığın pulunu verməyəndə, Allahı-peyğəmbəri yalın-yalavac yalanlarına tütək eləyəndə Temirin başı orbitindən çıxardı:

Temir işıq-qaz pulu yığanda da camaata çox əl tuturdu, kimin beş “məmmədini”, başqa bir əlsiz-ayaqsızın aylıq pulunu silirdi. Kəndin yağır adamları yandırdığı işığın pulunu verməyəndə, Allahı-peyğəmbəri yalın-yalavac yalanlarına tütək eləyəndə Temirin başı orbitindən çıxardı:

- Ə, kişisən əə, sənin məssəvinə (məhsəb) lənət, hə hala qalefsan ə, Allahı, peyğəmbəri nə qatersan burya? Heş qorxun-hürkün yoxdumu sənin?

Bir də Çoban Yelbəy vardı. Çayxanadan aralaşan kimi hamımız Yelbəyə yelbeyin deyərdik. Yaman papiros çəkən adamıydı. Təzəsini köhnənin közü ilə odlayardı. Çayçıdakı aşnalarına bir qəm tütəyi verin, hicran deşiyinə soxaq deyəndə əksəriyyət – yoxdur – mızıldanardı. “Vallah yoxdu”nu eşidən kimi qarşısındakının vallahından başlayıb tallahında nöqtə qoyurdu. Bircə Sarı Söyün Yelbeyinə “yox” deyə bilmirdi. Çünki Yelbeyinin qabağında altı-yeddi qoyunu vardı. Pulsuz-parasız otarıb-qaytarar, axşam örüşdən gələndə də qapılarına ötürürdü.

Yelbeyin pulu qazanıb arvada verir, siqaretpulunu da “qəməndirdən” alardı. Arvad da bizim çobana günlük bir siqaretin pulunu ancaq verirdi. Yaman cirəsay arvadı vardı. O yazıq da qonum-qonşunun “papruz”una nəxənək kəsilmişdi. Yelbəyin özünün otuz-qırx qoyunu vardı. Nə artır, nə də azalırdı. Arvadı Sayalı çoban ərinin pulu ilə iki uşaq oxutmuşdu. Birini baytar eləmişdi, o birini də hərbi müəllimi. Üstəlik, qonum-qonşuda bir xeyir iş olan kimi Yelbeyin xalxala girib bir quzunun ayağına kovxa uzadardı. Deyərdi ki, bu da mənim payım… Hələ nəmər də yazdırırdı.

Toy günü isə həmişə onu ən axıra saxlayardılar, toyun ən sonunda Çobanın “zakazıdır” deyib “Biz mehriban ailəyik” çalırdı, musiqiçilər. Onda da bəy-gəlin, təzə qudalar ortada, Yelbəy də yesirin birinin qoynuna girib qıraqda yallı gedirdi. Toy qurtaranda kövrələrdi. Başlayardı toy yiyəsinin yeddi arxa dolananına söyməyə. Ürəyi soyumazdı, yaradanına söyərdi ki, beləsini niyə yaradıb; çətinliyini bölüşdüklərinin sevincli anlarında Yelbəyi unutmalarını bağışlamırdı və onların heyfini Allahlarından çıxırdı:

- Əlinin bəndinə nəhlət, a gözəgörünməz, bəd qonşunu maa urcah elədiyin yerdə…

Dəyirmana gedəndə hay-küy salıb qonum-qonşunun da taxılını-arpasını eşşək arabasının arxasına yükləyirdi. Üyüdüb gətirir, bir sağolaca un-yarma yiyələrinin qapısına atırdı.

Dəyirmana gedəndə hay-küy salıb qonum-qonşunun da taxılını-arpasını eşşək arabasının arxasına yükləyirdi. Üyüdüb gətirir, bir sağolaca un-yarma yiyələrinin qapısına atırdı.

Şeytanın qulağı kar olsun, Yelbeyindən danışdığım yerdə Alpı qağa yadıma düşdü. Həmişə tanrının tifağına söyürdü. “Neftçi” uduzurdu – söyürdü, uşaq məktəbdə döyülürdü – ağzının darağını açıb piləyirdi. Damda toğlu-eşşək yalağa aşıb övədəyə düşəndə Allahın tifağına güpləyirdi:

- Tifağına salem a göydəki.

İnsafən, bir dəfə də olsun söyəndə Allah kəlməsini işlətməzdi. Allahın adı çəkiləndə salavat çevirərdi. Haradan öyrənmişdi, bilmirəm. Kişi dedi o gözəgörünməzə bir dəfə də nalayiq söz dediyini eşitmədim. Heç ona borcu olanların da şəxsinə söyməzdi, tifağını murdarlayardı.

Kəndin yarısının Alpı qağaya borcu vardı. Çox vaxt ar-haya edib cüzi qalığı olanlardan borcunu istəməzdi. Əli məngənədə qalanda isə borc qapısına uşaq göndərərdi.

Ayna-qapı ustası idi. Taxtadan aynagülü, pəncərə-qapı yığardı. Yaşıdlarımın çoxunun ata-anası ona ayna-qapı yığdırmışdı. Kəndin yarısının Alpı qağaya borcu vardı. Çox vaxt ar-haya edib cüzi qalığı olanlardan borcunu istəməzdi. Cüzi qalıq deyəndə üç-dörd “şirvan”ı nəzərdə tuturam. Əli məngənədə qalanda isə borc qapısına uşaq göndərərdi. Uşaq əliboş qayıdanda isə Yaradanın tifağını iynə deşiyindən keçirərdi:

- Tifağın alışsın a Tanrı, mənicə bu yağırlara mytaş qoyduğun yerdə.

Alpı qağa kənddə özünü asan ilk adamıydı. Onun ölümünü indi də arada-sırada Tanrıköydə yanıqlı-yanıqlı danışırlar. Axşam emalatxanasından şəyirdi Yalınçıqla evə gələndə palıd moruq kollarının arxasında qonşusu Xətkeşin arvadını İlmənin əri ilə tutmuşdu. Şəyirdi Yalınçıq sözbaz adam idi. Nə qədər bərkitsə də bu söhbətin açılmayacağından beli bərk deyildi. Ona görə də evə çatan kimi beş sətirlik bir kağız yazıb özünü qoyun damındakı atmalardan asmışdı:

“Bejə Yalınçıqla öyə gələrkən Sürməni Tufanla moruq kolluğunda tutmuşuq. Bu söhbət məndən çıxsa Temirin üzünə bir də baxa bilmərəm, arvad. Məni bağışla, Yalınçıxdan belim bərk döyül, çıxsa da ondan çıxajax. Tifağı dağılmış gözəgörünməz də mənimkini bura kimi yazıbmış. Uşaqlardan muğayat ol, sənin Apın”.

Açığı o günahız söyüşlər üçün çox darıxmışam, Tanrı. Bizim kənddə saflıq elə o söyüşlərlə getdi, inanırsan? Keç günahımdan, bəlkə də o söyüşlərdən sənin də xoşun gəlirdi. Bəlkə onları ölənə qədər səni söydüklərinə görə bağışlamışdın da, bilmirəm. Bircə bildiyim odur ki, Çoban Yelbeyin öləndə meyidini götürməyə dörd-beş adam tapılmamışdı. Ehsanını urvatsız eləmişdi Tanrıköyün cavanları; gələn qonaqların önünə bir stəkan çay qoymağa canları çıxmışdı. Xətkeş isə həbsdədir hələ də, Tufanı döyə-döyə öldürdüyünə görə. Qızını əmanət etdiyi Partkom Araz Hunayı oğluna aldı. Toydan dörd ay keçməmişdi ki, Xətkeşin qızı bir bala verdi, Arazın ocağına.

Kənddə danışırlar ki, Temir “içəri”də namaza başlayıb, türmədə vahhabilik edir. Özün keç hamımızın günahımızdan, ya Rəbb.

Tanrıköyün o saflarından indi mamır-mamır nostalji münacatlar qalıb, ey bəni adəmlər. Bəlkə də tifağına söyülmək, gözəgörünməz kişi adlandırılması, məzhəblərin murdarlanması Yaradanın qulağına xoş gəlməyib, onların hərəsini bir tərəfdə göyələdi, kim bilir?!

Sadakallahulazim!

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.