Yanlış fikir qəlibləri

Bağımsızlığımızdan nə az, nə çox düz 26 il ötür. Kəmiyyət hesabıyla nəsil dəyişimi baş verib, ancaq keyfiyyətə baxanda işin rəngi dəyişir. Yeni nəsil yeni fikirlər, düşüncə və yanaşmalar anlamına gəlməlidir. Ancaq həqiqətdə addımbaşı bunun belə olmadığını görərək üzülməyə bilmirsən.

Mövzu açırsan, qarşılığında bir ağızdan əzbərlənmiş eyni ifadələri eşidirsən. Bir anlıq düşünürsən ki, görəsən bircə dəfə də olsun bu şablonlar haqqında özümüzə sual vermişikmi, onları beynimizdə saf-çürük etmişikmi?

Mövzu açırsan, qarşılığında bir ağızdan əzbərlənmiş eyni ifadələri eşidirsən. Bir anlıq düşünürsən ki, görəsən bircə dəfə də olsun bu şablonlar haqqında özümüzə sual vermişikmi, onları beynimizdə saf-çürük etmişikmi? İnanmaq istərdim, ancaq təəsüf ki, yox. Necə ki hərəkətlərimizdə öz komfort zonamızı tərk etmirik və yaxud istəmirik, eləcə də fikirlərimizin də arxaik olduğu bizi qəti ilgiləndirmir.

Yenə də, formalaşmış bu qəliblər haqqında fikrimi yazacam. Böyüklərimizin ağzından kopyaladığımız ən populyar deyimlərimizdən biri "Dövlətlə dövlətçilik etməyəciyik ki" cümləsidir.

Əslində ürəkdən inanmaq istərdim ki, bunu söyləyən şəxs həqiqətən bunun mənasına varsın, ancaq hardadı o xoşbəxtçilik?! Bu həqiqətən də sovet dövrünə aid bir deyim idi. Niyə? Çünki sovet ideologiyası total şəkildə hər şeyə nüfuz edirdi. Hətta insanların şəxsi həyatlarına belə müdaxilə olunurdu. Dövlət hər şeyi yerbəyer edirdi deyə, sovet insanına əlbəttə ki, ancaq qul psixologiyasıyla başını aşağı salıb hərəkət etmək qalırdı. Ancaq məgər bu deyim indiki durumla səsləşirmi?! Vətəndaş olaraq hüquqlarımızı iqtidardan tələb etməməliyikmi?! Əlbəttə etməliyik. Çünki hakimiyyət məhz bizim rifahımız üçün var olmalıdır. Əgər təmin edə bilmirsə, getməlidir.

SIYASƏT MƏNLIK DEYIL VƏ YA SIYASƏTƏ QARIŞMIRAM

Əgər bu deyimlə siyasətə bir peşə kimi yanaşırsansa, çox gözəl, bu sənin seçimindir. Hər kəs siyasətçi olmalıdır deyə bir qayda yoxdur. Ancaq əsl vətəndaş olmaq hər kəsin borcudur. İlk növbədə elə özünün rifahı üçün. Bir vətəndaş kimi sən siyasətə qarışmasan da, əmin ol ki, siyasət addımbaşı sənin həyatına qarışır. Bütün sahələrdə təyinedici odur. Aldığın 150-200 manat dilənçi payından tutmuş, yediyin keyfiyyətsiz ərzağa qədər. Siyasətə qarışmırsansa, demək o zaman səndən daha axmaq birinin də səni idarə etməsinə razı olursan. Bu halda siyasətə qarışmamaq kimi absurd, cəfəng bir fikir ola bilərmi?!

PALAZA BÜRÜN, ELNƏN SÜRÜN

Çox sevdiyim bir aforimz var: Əgər bir axmaq fikri 50 milyon insan dəstəkləsə belə, o yenə də axmaq fikir olaraq qalır. Əslində bu ifadənin kökündə fərd ola bilməməyimiz dayanır. Daim axın istiqamətində gedən birisi fərd ola bilməz. Fərd hər şeyi sorğulamalı, doğru hesab etmədiyi halda axına qarşı getməyi bacarmalıdır. Bunlar olmadığı təqdirdə, bağışlayın, amma fərd deyil, ən yaxşı halda sürünün bir hissəsiniz.

BUNLAR, HEÇ OLMASA, YEYIB DOYUB. QANIMIZDA VAR, XEYRI YOXDUR!

Heç özünüzə sual vermisinizmi, doyum anlayışı varmı?! İnsan nəfsinin sərhədi mövcuddurmu?! Bu günə qədər ölkədən milyardlar ofşorlara daşınıb. Bəs doyublarmı? Xeyr, mümkün deyil. Digər tərəfdən, məgər 1918-ci ildə Azərbaycan Cümhuriyyətini quran o ləyaqət simvolu babalarımız bu millətin övladları deyildimi?! Bəyəm onlar dövləti vicdanla və ədalətlə idarə etmədilərmi?! Bu mənasız söz yığını cəsarətsizliyə bəhanədən başqa heç bir işə yaramır.

HƏR ŞEYI MASONLAR EDIR

Oxumayıb, öyrənməyib, fərd kimi formalaşmadığımız, mağara təfəkküründən əl çəkmədiyimiz müddətcə belə nağıllarla sizin başınızı çox qatacaqlar. Masonları bilmirəm, amma dünyada ağıllı adamlar, təhsilə hər şeydən çox önəm verən cəmiyyətlər söz sahibidir. Bioloji olaraq heç bir fərqimiz yoxdur, təfəkkür fərqi var. Onlarda sağlamdır, bizdə isə xəstədir. Nə qədər ki, biz cəhalətimizi qəbullanmayıb bunu dəyişdirməsək, mövcud ətalətdən həzz alsaq, o qədər də həmin cəmiyyətlərin kəşflərinin, ixtiralarının istehlakçısı olaraq qalacağıq. Bu dəqiqdir.

Bu siyahını istənilən qədər uzatmaq olar. Çünki hər sahədə belə anormal yanaşmalarımız var. Üzücü olan isə, yuxarıda da toxunduğum kimi, gənclərimizin çərçivələr içində yaşamasıdır. Böyüklərinizi yaşlarına görə deyil, ağıllarına, nümunəvi davranışlarına görə qiymətləndirib, hörmət edin.

Mühakimə edin, hər şeyə sorğulayıcı yanaşın.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.