Bill Gates robotlardan vergi almağı təklif edib

"Microsoft" şirkətinin yaradıcısı, milyarder Bil Qeyts (Bill Gates) əməkdaşlarını robotlarla əvəz edən şirkətlərin xüsusi vergi ödəməsini təklif edir. Qeyts bu barədə "Quartz" nəşrinə danışıb.

"Hal-hazırda fabrikdə işləyən bir adam ildə 50 min dollar alır. Onun gəlirinə gəlir vergisi, sosial vergi və başqa ödəmələr qoyulur. Bu işi robot görməyə başlasa, onun da işinə eyni vergini tətbiq etmək barədə düşünməyə dəyər", deyə qeyd edib.

Qeytsin fikrincə, bu verginin hesabına toplanan vəsaiti sonradan insanların hələ ki, robotlardan üstün olduğu sahələrdə iş yerlərinin maliyyələşdirilməsinə yönəltmək olar. "Microsoft"un yaradıcısı xüsusən də uşaqlarla iş və yaşlılara qulluq kimi sahələri qeyd edib.

Qeyts bildirib ki, insanların robotlarla əvəz olunması prosesi eyni zamanda ən müxtəlif sahələrdə gedir və dövlətlər əməkdaşların yeni peşələrə yiyələnməsi və yeni iş yerlərinin yaradılması ilə bağlı tədbirlər görməlidir. O hesab edir ki, robotların işinə vergi tətbiq edilməsi avtomatlaşma prosesini ləngitməyə və onun nəticələrini yumşaltmağa kömək edə bilər.

"Quartz" nəşri qeyd edir ki, "Microsoft"un yaradıcısı bu ideyanı irəli sürən ilk adam deyil. Ötən həftə Avropa Parlamenti də bu növ verginin tətbiq edilməsi məsələsini müzakirə edib. Ancaq Fevralın 16-da layihə deputatlar tərəfindən rədd edilib.

Hesablamalara görə, ictimai sektorda çalışan 250 min britaniyalı artıq on ildən də az vaxt ərzində iş yerlərini robotlara təhvil verməli olacaq.

BMT-nin bir hesabatında deyilir ki, süni intellekt bütün dünyada milyonlarla insanı işindən məhrum edəcək.