Bizim şansımız

(esse)

Son aylarda Dövlət Təhlükəsizlik Xidməti (DTX) silahlı dini ekstremistlərin məhv edildiyinə dair bir neçə açıqlama yayıb.

Maraqlananlar internet üzərindən kiçik bir axtarış aparıb, bu cür açıqlamalarla tanış ola bilər.

Azərbaycan və dini ekstremizm – bu sözləri bir arada oxumaq qədər acı, ağrılı heç nə yoxdur.

Azərbaycan və dini ekstremizm – bu sözləri bir arada oxumaq qədər acı, ağrılı heç nə yoxdur.

Biz 1993-cü ildən bu yana siyasi irticadan əziyyət çəkirik.

Amma yenə də, hətta ən çətin şərtlər altında belə, işıqlı, gözəl gələcəklə bağlı ümidlərimizi qoruyuruq, inanırıq ki, bu torpaqlarda istiqlalın və hürriyyətin bərqərar olması bir yuxu, ya da bir xəyal deyil.

Baş verən hər şeyə - sistemli repressiyalara, davamlı basqılara baxmayaraq, inanırıq ki, gec-tez bu gözəlim məmləkətdə də azadlıq rüzgarları əsəcəkdir, hüquq, ədalət öz yerini tutacaqdır.

Di gəl, artıq bu gözəlim məmləkətdə ekstremist meyllərin, həm də silahlı ekstemist meyllərin varlığı barədə eşitmək yuxarıda haqqında bəhs etdiyimiz siyasi təqib və təhdid mühitindən belə, çox dözülməzdir.

Və əmin olun ki, bundan çıxış yolu, birdəfəlik xilas əsla və əsla ənənəvi metodlara – inzibati-administrativ yollara baş vurmaq deyil.

Bu, səbəbi qoyub nəticə ilə mücadilə etməkdir. Ki, sonda nəyinsə, - özü də müsbət mənada! - dəyişəcəyini düşünmək belə, sadəlöhvlükdən başqa bir şey deyil.

***

Əslində son illərdə başda Suriyaya döyüşməyə gedən “cihadçılar” olmaqla, ayrı-ayrı dini terror qruplaşmalarının sıralarına qoşulan azərbaycanlılar haqqında oxuduqca, “dini ekstremistlərin məhvi” barədə rəsmi açıqlamalar təəccüb doğurmur.

Nə yazıq ki, ötən illər ərzində ölkədə belə çağdışı, bəşəri dəyərlərdən, modern uğurlardan uzaq insanların sırası xeyli sıxlaşdı.

Elə bir cəmiyyət qurmaq vacibdir ki, orada insanların əli yerdə ədalət tapmaqdan üzülməsin və onlar ədaləti göydə axtarmaq fikrinə düşməsin.

Ümumiyyətlə. Sovet ənənəsi göstərir ki, sadəcə, sərt qadağalarla radikal dini meyllərin güclənməsini həmişəlik önləmək mümkün deyil. Bu elə bir bəladır ki, azca fürsət, münbit şərait yaranan kimi yenidən güclənməyə başlayır. Ona görə də dini ekstremizmin, radikalizmin kökünü birdəfəlik kəsmək yolları barədə düşünmək lazımdır.

Bunun üçünsə ilk növbədə hüquqi-demokratik cəmiyyət qurmaq vacibdir. Elə bir cəmiyyət qurmaq vacibdir ki, orada insanların əli yerdə ədalət tapmaqdan üzülməsin və onlar ədaləti göydə axtarmaq fikrinə düşməsin.

Elə etmək lazımdır ki, modern hüquq var gücü ilə işləsin və kimlərinsə gedib şəriət hüququna sığınmağına, ondan mədət ummağına gərək qalmasın.

Seçib-seçilmək haqqı, sərbəst toplaşmaq hüququ, ifadə azadlığı, tənqidçilik, müxaliflik, hər cür əks fikirə, tərs mövqeyə dözümlü və xoşgörülü münasibət yaşadığımız XXI yüzilin olmazsa olmazıdır, bunların yox edildiyi ortamlarda istənilən radikalizmin, ekstremizmin meydana çıxması qaçılmazdır.

Və o da unudulmamalıdır ki, çağdaş dünyada hər cür radikalizmin, ekstremizmin anti-virusu məhz demokratik, hüquqi dövlət yaratmaq, özgürlüklərin meydanını genişlətməkdir.

Əlbəttə, heç nə, hətta anti-demokratik idarəetmə sistemləri də ekstremizmə baş vurmaq üçün əsas, yaxud bəhanə rolu oynaya bilməz.

Bununla belə, o da danılmaz bir həqiqətdir ki, dünya təcrübəsi, yuxarıda da yazdığımız kimi, bu cür anti-insani, anti-bəşəri təşəbbüslərin baş qaldırmasının ilkin səbəbi kimi hüquqsuzluğu, ictimai-siyasi zülmü nişan verir.

***

Digər vacib məsələ - ölkə təhsilinin gerçək durumudur.

Hər il orta məktəblərdən buraxılış və ali məktəblərə qəbul imtahanlarının nəticələri Azərbaycanda təhsilin faktiki olaraq, məhv edildiyinin danılmaz isbatıdır.

XXI yüzildə bir ölkəni sivil müxalifətsizliyə düçar etməklə kifayətlənməyib, bir də təhsilsizliyə düçar edərsinizsə, bunun altından kimsə salamat qalxa bilməz.

XXI yüzildə bir ölkəni sivil müxalifətsizliyə düçar etməklə kifayətlənməyib, bir də təhsilsizliyə düçar edərsinizsə, bunun altından kimsə salamat qalxa bilməz.

Dəfələrlə yazmışıq, yenə yazmaqda fayda var ki, Mirzə Fətəli Axundovla başlayan maarifçi hərəkat Azəırbaycanın ən qiymətli mənəvi irsidir. Məhz bu aydınlanma hərəkatı imkan vermədi ki, Azərbaycan digər müsəlman ölkələri kimi, radikal dini təmayüllərin ağuşuna düşsün, məzhəb çatışmalarının meydanlarından biri olsun. Hər cür, o cümlədən də dini ekstremizmin, radikalizmin digər bir önəmli anti-virusu məhz maarifçilikdir, təhsildir, bilikdir.

Hətta Azərbaycanı xüsusilə farsizm və ərəbizm üzərində köklənmiş zərərli axınlardan, məzhəbçi tendensiyalardan qorumağın ən effektiv yolu bu sayıla bilər.

Bu ölkə siyasi istibdaddan bəs deyincə çəkib və çəkməkdədir, elə etmək lazımdır ki, o nə vaxtsa dini irtica ilə də uğraşmaq məcburiyyətində qalmasın.

***

Yuxarıda da vurğuladığımız kimi, son illərdə Azərbaycan təhsilinin real durumunu əks etdirən acı rəqəmlərlə rastlaşırıq. Bu rəsmi rəqəmlərdən də aydın görünür ki, cəmiyyətdə savadlılıq səviyyəsi sürətlə aşağı düşür.

Yazıb-oxuma bilərsən, amma gedib ələmuçuranlar, cinçıxaranlar, falabaxanlar barədə oxuyacaqsansa, bunun mənası nədir, faydası nədir?

Ümumiyyətlə, bir ölkədə yazıb-oxumaq bilənlərin sayının çox yüksək olması hələ hər şey demək deyil. Əsas odur, yazıb-oxuma bacarığının faydalılığı nə qədərdir, insanlar bu bacarıqlarından biliklərini, şüurlarını, dünyagörüşlərini zənginləşdirmək üçün nə qədər istifadə edirlər? İnsan hərfləri tanıya, oxuya bilər, amma önəmli odur ki, nə oxuyur? Bu onun sağlam düşüncəli insan kimi formalaşmasına xidmət edirmi? Yazıb-oxuma bilərsən, amma gedib ələmuçuranlar, cinçıxaranlar, falabaxanlar barədə oxuyacaqsansa, bunun mənası nədir, faydası nədir?

Böyük Kamyunun çox sevdiyim, tez-tez təkrarladığım bir sözü var: “Cəhalət bütün pisliklərin anasıdır”. Ona görə də çalışıb maarifçiliyi gücləndirmək lazımdır. İnsanlarımızı yanlış yollardan, xəstə vərdişlərdən, istənilən ekstemist meyldən ancaq bu yolla qoruya bilərik. Bax elə ona görə yuxarıda da yazdıq ki, sadəcə, inzibati-administrativ üsullara güvənmək yetərsizdir, dünyəvi dəyərləri möhkəmləndirmək adına maarifçi meylləri dəstəkləmək, bu istiqamətdə sağlam mədəni və mənəvi təşəbbüslərə meydan açmaq daha da önəmlidir.

Bu baş verərsə, Azərbaycanda siyasi və mədəni dini radikalizmin özünə geniş dəstək əldə etmək imkanları azdır, hətta ümumiyyətlə, yoxdur.

Biz Mirzə Cəlillərin, Axundovların, Həsən bəy Zərdabilərin Haqverdiyevlərin, Sabirlərin, Üzeyir bəylərin, Ömər Faiqlərin yetişə bildiyi bir toplum olduğumuzu qətiyyən unutmamalıyıq.

Bu cür yüzlərlə tarixi simanın varlığı bizim şansımızdır ki, Azərbaycanı radikal dini təmayüllərin təhdidindən qoruyaq, uyğar dünyanın bir parçası kimi qoruyub saxlaya bilək.

Bir sözlə, gələcəyimiz Axundovla başlayan, Zərdabi, Nemanzadə, Mirzə Cəlil, Sabir, kimi aydınlarımızla davam edən maarifçi-mədəni irsə sahib çıxmaqdan keçir. Onların vaxtilə müəyyənləşdirdiyi, hamımıza bəlli devizlər birilərinin bizi sürükləməyə çalışdığı bataqlığa yuvarlanmamağımız üçün ən böyük təminatdır.

Söhbət hansı devizlərdən gedir?

Birlikdə xatırlayaq:

Təhsil, təhsil, yenə də təhsil!

Bilgi, bilgi, yenə də bilgi!

Mədəniyyət, mədəniyyət, yenə də mədəniyyət!

...Hə, bir də onu unutmayaq ki, 1918-ci ildə qurulan Xalq Cümhuriyyəti də əslində haqqında danışdığımız aydınlanma hərəkatının məhsulu idi...

P.S. Məhəmməd Əmin Rəsulzadənin bir zamanlar – müsəlman coğrafiyaları bir yana qalsın, hətta dünyanın böyük bir bölümündə din və dövlət məsələlərinin tamamilə ayırd edilmədiyi vaxtda, böyük müdrikliklə söylədiklərini XXI yüzil Azərbaycanında siyasi baxışlarından asılı olmayaraq, hər kəsin beyninin bir yerinə, özü də iri hərflərlə yazmasında böyük fayda var: “Əgər istəyirsiniz ki, din nümayəndələrinin heysiyyəti toxunulmaz qalsın, əgər istəyirsiniz ki, məscid məscidliyində bulunsun, onu dünya işlərinə qatmayın, buraxınız orası ancaq ibadət üçün qalsın. Əlhəzər, ruhaniləri siyasətə qarışdırmayın..."

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.