Uçan maşınlar Dubaya da yol tapıb

Dubayda keçirilən forumda sərgilənən “Uçan avtomobillər” artıq 2017-ci ilin iyul ayından istifadəyə buraxılacaq. Bu haqda Dubayın Matar şəhərinin Yol və Nəqliyyat İdarəsinin rəhbəri Əl-Tair (Al-Tayer) World Government Summit-dəki çıxışında bildirib.

“Sürücüsüz daşıma nəqliyyat xərclərini il ərzində 22 milyard dirhəm (6 milyard dollar) azaltmağa imkan yaradacaq. Bununla yanaşı bu növ daşıma zərərli tullantıları və yol nəqliyyat hadisələrinin sayını da azaltmış olacaq” - deyə əmir bildirib.

Əl-Tairin sözlərinə görə, avtonom nəqliyyat vasitəsi üçün ümumi qayda-qanunlar da qəbul ediləcək.

Əl-Tair onu da qeyd edib ki, 2030-cu ilə Dubay avtonom nəqliyyat sahəsində “pioner” olacaq.

Samitdə Çin şirkəti Ehang tərəfindən istehsal edilən “avtonom uçan cihaz” (AAV) təqdim edilib. Avtomobilin uzunluğu 3.9 m, eni 4.02 m, hündürlüyü isə 1.60 m olmaqla, ümumi çəkisi 250 kq-dır (sərnişinlə 350-360 kq). Bu avadanlıq innovativ və ekoloji nəqliyyat vasitəsi olaraq sərnişinləri qısa məsafəli məkana çatdırmağa qadirdir – maksimal 30 dəqiqəlik məsafə. Standart sürətdə saatda 100 km, maksimal sürəti isə saatda 160 km-ə çatır. Yolda olan tıxac problemini dəf edə bilən maşının videosu YouTube sosial şəbəkəsində artıq yer alıb.

Hər nəqliyyat vasitəsinin xüsusi giriş açarı var. Sərnişinlər lazımi dayanacağı maşına təchiz edilmiş naviqasiya sistemində sensor displey üzərinə qeyd edə biləcəklər. İstehsalçılar bu aparatla uçuşun hamar və maksimal dərəcədə təhlükəsiz olacağını əmin edirlər.

Sözügedən avtomobil elektrik enerjisi ilə çalışır, “qanadları” isə havada olamayanda yığılaraq onu yığcam formaya gətirir. Bununla yanaşı avtomobillərdə sürücülər olmayacaq, onu həvəskarlar da qalxış və eniş düyməsini basaraq asanlıqla idarə edə biləcəklər. Havanın pis olduğu şəraitdə isə avtomobillərin hərəkətlərini xüsusi komanda mərkəzi nəzarətə götürəcək.