«Yerin əkizi» həyat üçün yararsızdır

Uzun müddət hesab edilirdi ki, insanlar gələcəkdə astrofiziklərin bir neçə il öncə kəşf etdikləri ekzoplanetlərə köçə bilərlər. Ancaq NASA mütəxəssisləri deyirlər ki, bu planetlər həyat üçün yararsızdır. Məlum olub ki, məskunlaşma zonasında, başqa sözlə, suyun mövcud olması üçün öz ulduzundan uyğun məsafədə yerləşən ekzoplanetlərin atmosferi şüalanma və ulduzda baş verən partlayışlar nəticəsində yoxa çıxır.

2016-cı ilin yayında Avropa astronomları Yerə ən yaxın ulduz olan Proksima Sentavranın yaxınlığında potensial olaraq həyatın mümkün ola biləcəyi planet kəşf etmişdilər.

NASA alimləri aşkar ediblər ki, Günəşə bənzər qırmızı cırtdan ulduzların ətrafında fırlanan və məskunlaşma zonasında yerləşən planetlərdə su və oksigen yoxdur. Bu vaxta qədər belə sistemlərdə həyatın mövcudluğu mümkün hesab olunurdu. Sözügedən, Yerdən 1,3 dəfə ağır olan planetin səthində temperatur 0 dərəcə Selsiyə yaxındır.

Tədqiqat fevralın 6-da "The Astrophysical Journal Letters" jurnalında dərc edilib.

Alimlər adətən ulduzun yaşayış zonasını müəyyən etmək üçün əvvəlcə onun nə qədər istilik və işıq verdiyini tapmağa çalışırlar. Bizim günəşdən daha böyük ulduzlar daha çox istilik və işıq verir, ona görə belə ulduzların yaşayış zonası daha uzaq məsafədə olmalıdır. Məntiqlə, daha kiçik və soyuq ulduzların yaşayış zonası isə daha yaxın məsafədə yerləşməlidir.

Ancaq ulduzlar istilik və işıqdan başqa rentgen şüaları və ultrabənövşəyi radiasiya da verirlər. Onlarda baş verən partlayışlar nəticəsində yaranan radiasiya atmosferin eroziyasına yol açır. Bu zaman yüksək enerjili hissəciklər su molekulunu təşkil edən hidrogen və oksigen kimi atmosfer molekullarını əvvəlcə atomlara parçalayır, sonra ionlaşdırır. Beləliklə də onları özünə, kosmosa cəzb edir. Alimlər buna ion sızması da deyirlər.

Tədqiqatın müəlliflərindən biri olan Alex Glocerin sözlərinə görə Yerin atmosferindəki oksigen də bu formada ion sızmasına məruz qalır. Ancaq daha kiçik miqyasda. Çünki gənc ulduzlara baxanda Günəşin aktivliyi daha azdır.

Ulduzun ətrafındakı planetlərdə həyatın mümkün olması üçün vacib amillərdən biri də onun yaşdıır. Gənc ulduzlarda hər gün baş verən partlayışların gücü yetkin ulduzlardakından 10 dəfə çoxdir. Üstəlik, bizim Günəş kimi yetkin ulduzlarda belə superpartlayışlar 100 ildə bir dəfə olur.