Bu yaxınlarda Avropa Birliyinin Gürcüstan ilə vizaları qaldırması xəbəri, yəqin ki, mənim kimi çoxunuzu da təəccübləndirmədi. Gözlənilən idi. Çünki Gürcüstan illərdir inkişaf yolunda əmin addımlarla irəliləyir.
İllər əvvəl, müftə neft pullarının gəlhagəlli vaxtlarıydı... Bu resurs lənəti olan neftin gözqamaşdırıcı aldadıcılığı xalqımızı meyxoş etmişdi.
İllər əvvəl, müftə neft pullarının gəlhagəlli vaxtlarıydı. Yuxarılar milyardlar oğurlayır, qəpik quruş da xalqa çatırdı. Ancaq milli məzənnəmiz manat da diqqətdən kənarda qalmamışdı – o da bu pullar hesabına dollara və avroya meydan oxuyurdu. Bu resurs lənəti olan neftin gözqamaşdırıcı aldadıcılığı xalqımızı meyxoş etmişdi.
Məhz bu gəlhagəlli varlı dönəmdə xalqımızın nümayəndələri bir Avropa ölkəsinə, Amerikaya səyahət edə bilməsə də, Gürcüstan əlçatan arzu idi. Bəndəniz də belə şanslı nümayəndələrdən idi.
Qırmızı Körpüdən keçən kimi, ədalı və özündənrazı forma alır, varlı dövlətin vətəndaşları olaraq gürcülərə özümüzü və inkişafımız nümayiş etdirirdik. Elə eyni tövrlə 100 manatı valyuta dəyişmə məntəqəsində xırdaladıb, aldığımız gürcü larisiylə Tiflisdə, Batumda 1 həftə qala bilirdik. El dilində desək, həm də gürcülərə çörək pulu qazandırırdıq, onları biz dolandırırdıq.
Hətta Vətənə dönərkən dost-tanışa ordakı qanunçuluqdan, rüşvətsizlikdən, polisdən, gömrükdən ağızdolusu danışırdıq.
Ancaq siyasətə qarışmayan bizləri əslində bu saxta və qısamüddətli inkişafımız maraqlandırmırdı. İçi boş məmləkətin hakimiyyəti də, xalqı da gününü yola verirdi. Özümüzü aldatmaqdan həzz alırdıq. Sonda bu lənətli resurs öz mahiyyətini göstərməyə başladı. Manat da bizlər də öz cahaşümul dönəmlərimizi şirin bir xatirətək xatırlayası olduq.
Bu dönəmdə Gürcüstan isə 2005-dən bəri başlanan demokratik, hüquqi dövlət quruculuğu yolunda irəliləyir, həm də bizim "inkişafımızdan" özünə düşən payı alırdı.
Bu dönəmdə Gürcüstan isə 2005-dən bəri başlanan demokratik, hüquqi dövlət quruculuğu yolunda irəliləyir, həm də bizim "inkişafımızdan" özünə düşən payı alırdı. İndi isə vaxtında atdığı doğru addımların bəhrəsini görür və görəcək də.
Hələ bu harasıdır?! Dəyişməsək, dəyişdirməsək və bu ağılla, bu yanaşmayla özümüzü aldatmağa davam etsək, yaxın bir-iki ilə Qırmızı Körpü keçid məntəqəsində boynubükük formada saatlarla, hətta günlərlə sərhədi keçməyi gözləyəcəyimizi söyləyə bilərəm.
Son olaraq, fikrimi çox sevdiyim bir aforizmlə bitirmək istəyirəm. Doğru qərarlar verməklə insanlar şəxsiyyətə, dövlətlər isə güclü dövlətə çevrilirlər.
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.