Cəza+qorxu+vərdiş+mədəniyyət

Bu gün cəmiyyətimizdə hökümətin yarıtmaz siyasətinin səbəblərini ümumilikdə millətin xarakteristikasında axtaran, əsassız şəkildə bütün günahı toplumun üzərinə yükləyənlər az deyil. Bunu söyləyən insanların fikirlərindən mən şəxsən bunu anlayıram ki, sanki dövlət idarəçiliyində bütün məsuliyyət payı cəmiyyətin üzərinə düşür.

Səbəb, təəssüf ki, birdir - əksər vətəndaşımızın siyasi savadının azlığı və ümumilikdə intelektual səviyyənin zəif olması.

Əgər bu həqiqətən də belədirsə, o zaman dövlət adlanan institutun varlığına ehtiyac varmı?! Biz artıq bu sualın özündə belə həm cavab, həm səbəb tapa bilərik. Səbəb, təəssüf ki, birdir - əksər vətəndaşımızın siyasi savadının azlığı və ümumilikdə intelektual səviyyənin zəif olması.

Cavab üçün isə hələ 3-4 min il bundan əvvələ baxaraq dövlətin hansı ehtiyacdan yarandığına diqqət yetirmək lazımdı. Əlbəttə, ilk növbədə cəmiyyətdə sosial münasibətləri tənzimləmək, toplumun ümumi maraqlarından çıxış edərək, onları həyata keçirmək zərurətindən meydana gəlmişdi. Burdan yola çıxaraq söyləyə bilərik ki, əksinə dövlət hakimiyyətinin cəmiyyətin istiqamətlənməsində və formalaşmasında rolu olduqca həlledicidir.

Demək olar, bu günə qədər bütün demokratik dövlətlərin təşəkkülündə və vətəndaş cəmiyyətlərinin formalaşmasında eyni formul tətbiq olunub. Bu formul nədən ibarətdir? Sadəcə 4 komponentdən ibarətdir: cəza, qorxu, vərdiş və mədəniyyət. Birinci növbədə burada cəza hüquqi dövlət anlayışından doğan bir məsələdir.

Demokratik dövlətin ilkin şərtlərindən biri “şah qanun deyil, qanun - şahdır” prinsipidir. Necə ki, hal-hazırda müasir dövrümüzdə də azad, müstəqil məhkəmə sisteminin mövcudluğu demokratikliyə zəmanət verə bilir.

Demokratik dövlətin ilkin şərtlərindən biri “şah qanun deyil, qanun - şahdır” prinsipidir. Necə ki, hal-hazırda müasir dövrümüzdə də azad, müstəqil məhkəmə sisteminin mövcudluğu demokratikliyə zəmanət verə bilir. Mövqeyindən, tutduğu vəzifədən asılı olmayaraq, hər kəs qanun qarşısında bərabərdir, və hər hansı bir qanunsuz əmələ görə də mütləq şəkildə cəzalandırmalıdır. Birinci komponentin tətbiqindən sonra insanlarda rasional və yaxud qeyri-rasional şəkildə bir qorxu hissi formalaşır.

Psixologiyaya əsaslanaraq, söyləyə bilərik ki, qorxu 5 ildən sonra qeyri – iradi şəkildə insanda vərdiş yaradır. Əlbəttə ki, söhbət müsbət vərdişlərdən gedir. Və sonda mədəni vərdişlərə yiyələnmiş fərdlər vətəndaş cəmiyyətini formalaşdırır. Adi bir misal kimi qonşu Gürcüstan cəmiyyətində son illər müşahidə olunan proqresi göstərə bilərik. Keçmiş prezident Eduard Şevarnadzenin başçılıq etdiyi hökumət dövründə Gürcüstanda vəziyyət heç də bizimkindən fərqlənmirdi. Ancaq məxməri inqilab nəticəsində hakimiyyət başına M.Saakaşvilinin keçməsi sistemin əsaslı şəkildə dəyişməsinə, vətəndaş cəmiyyətinin formalaşması istiqamətində ciddi nailiyyətlərin əldə olunmasına şərait yaratdı. Burada gürcü xalqının milli xarakteristikasından daha çox siyasi rejim tipinin mühüm rol oynadığının şahidi oluruq.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.